Etika və ictimai davranış mədəniyyətinin təbliği” mövzusunda tədbir keçirildi

img

01-12-2016 [10:25]


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc ictimai fəal Samir Pənəliyevin rəhbəri olduğu "Etika və ictimai davranış mədəniyyətinin təbliği” adlı layihə çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) növbəti tədbir keçirilib.

Tədbirdə BDU, ADPU, Mədəniyyət və İncəsənət Universiteti, İqtisadiyyat Universiteti, Milli Aviasiya Akademiyasının tələbələri iştirak etmişdir. Qeyd edək ki, bundan öncəki tədbir Bakının Xətai rayonundakı Zığ qəsəbəsində 28 saylı tam orta məktəbdə baş tutmuşdu.

ATGTİ-də keçirilən tədbirdə layihə rəhbəri Samir Pənəliyev qeyd etdi ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətini uğurla icra edirlər və dövlətin etimadını doğrultmağa çalışırlar.Natiq Ulu Öndərimiz Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” sözünün müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməli olaraq gənclər üçün nümunə olması gərəkdiyini xüsusi vurğuladı. S.Pənəliyev bu işdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru cənabFərhad Hacıyevədə öz xüsusi təşəkkürünü bildirdi.

Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirdi. Jurnalist dedi ki, yeniyetmə və gənclərimiz arasında etik mədəniyyət qaydalarının təbliğ olunması dövrün tələbidir. Natiq gəncləri ictimai məsələlərdə aktiv olmağa, ictimai davranış qaydalarına riayət etmədə ağsaqqallardan ibrət almağa, ailəvi dəyərlərə hörmət etməyə və özlərinin mədəni səviyyələrini artırmağa dəvət etdi.

Daha sonra çıxış edən "Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə xanım Mustafayeva gəncləri öz etik mədəniyyətlərini artırmağa, ictimai davranış qaydalarına əməl etmədə milli-mənəvi dəyərlərə əsaslanmağa çağırdı.

AMEA əməkdaşı Əli Fərhadov da tədbirdə çıxış edərək etik mədəniyyətin multikulturalizm və tolerantlıqla əlaqəsindən, dövlətin dinlər, millətlər və mədəniyyətlər arasındakı multikultural əlaqələrin artmasındakı xüsusi rolundan bəhs etdi. Natiq gəncləri bilik və savadlarını artırmaq üçün muzey və kitabxanaları aktiv ziyarət etməyə, etik mədəniyyətlə multikultural əlaqələrin inkişafına töhfə verməyə dəvət etdi.

Daha sonra iştirakçıların suallarına cavab verildi. Layihə rəhbəri Samir Pənəliyev bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd etdi və tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR