Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu

img

28-11-2016 [16:36]


Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyət Tağıyeva tutduğu vəzifədən azad olunub. 

Onun yerinə isə Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov təyin olunub.

N.Namazov1963-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi 1981-ci ildə Gədəbəy rayonu Əli-İsmayıl (hazırda (Alnabat) kəndində bitirmiş və həmin il S.M.Kirov adına ADU-nun (hazırda BDU) biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bioloq, biologiya və kimya müəllimi ixtisasları üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1986-cı ildə Sumqayıt şəhərindəki M.Əzizbəyov adına "Kimya sənayesi” istehsalat birliyində mühəndis-texnoloq kimi başlamış və 1990-cı ilə qədər orada mühəndis və Təbiəti mühafizə şöbəsinin rəisi kimi müxtəlif vəzifələrdə çalışmışdır.

1990-cı ildən 2008-ci ilə qədər Sumqayıt şəhər Təhsil şöbəsinin müxtəlif gimnaziya və liseylərində biologiya və kimya müəllimi, həmçinin direktor müavini kimi fəaliyyət göstərmişdir.
Pedoqoji fəaliyyətlə bərabər 2006-cı ildən AMEA-nın Mikrobiologiya İnstitutunda elmi fəaliyyətə başlamış və 2010-cu ildə həmin institutun dissertantı kimi "Azərbaycanın müxtəlif biotoplarından ayrılmış mikromisetlərin proteolitik aktivliyi” mövzusunda dissertasiya işi müdafiə etmiş, nəticədə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda yuxarıda adı çəkilən institutun qiyabi şöbə üzrə doktoranturasında elmlər doktorluğu adı almaq üçün elmi iş üzərində çalışır. 6 dərs vəsaitinin, 1 izahlı biologiya lüğətinin, 1 test kitabının, 2 tədris proqramının, ölkəmizdə və xaricdə nəşr olunan 35-dən çox elmi məqalə və tezislərin, həmçinin ölkəmizin qəzet və jurnallarında dərc olunmuş bir sıra publisistik məqalələrin müəllifidir. Bir ixtirasının müəllifi kimi Avroasiya patenti almışdır.
Dos. Namazov N.R. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilə biologiya fənni sahəsində çap olunan bir sıra orta məktəb dərsliklərinin, dərs vəsaitlərinin, test tapşırıqlarının və digər tədris-metodik vəsaitlərin ərsəyə gəlməsində yaxından xidmət göstərmiş, mütəxəssis kimi onlara rəy vermişdir.
2008-ci ildən Sumqayıt Dövlət Universitetinin "Ümumi biologiya” kafedrasının baş müəllimi, 2009-cu ildən "Zoologiya” kafedrasının müdiri vəzifələrində çalışmış, 2010-cu ildən isə SDU-nun Tərbiyə işləri üzrə (hazırda Humanitar məsələlər üzrə) prorektoru kimi fəaliyyət göstərir.
Dos.N.R.Namazov M.Əzizbəyov adına "Kimya sənayesi” istehsalat birliyində mühəndis-texnoloq kimi fəaliyyət göstərərkən səmərələşdirici təkliflərinə görə SSRİ Kimya Sənayesi Nazirliyinin Fəxri Fərmanına və pul mükafatına, yeni təlim metodlarının tətbiqinə görə 1995-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına, 2004-cü ildə isə Diplomuna, eləcə də işlədiyi təhsil müəssisələrinin Fəxri Fərmanlarına layiq görülmüşdür. 16 noyabr 2012- ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona "Tərəqqi” medalı vermişdir. 2016-cı ildə ABŞ-ın Biblioqrafiya İnstitutu tərəfindən dünyanın tanınmış alimləri sırasına daxil edilmişdir.
Ailəlidir, iki övladı var.
Xeberle.com


Digər xəbərlər
SON XƏBƏRLƏR