“Virtual ictimai məkanı “zibilxana”ya döndərməyək!” - FOTOLAR

img

15-11-2016 [15:41]


QHT-lərin sosial media resurslarına inteqrasiyasının gücləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin İKT bacarıqlarının artırılması və KİV-lə əlaqələrinin təkmilləşdirilməsi məqsədilə noyabrın 11-14-də Bakıda seminar keçirilib.

Seminar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən "Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Seminarı ekspertlər Azər Nəzərov, Azər Qaraçənli, İsmayıl İsmayılov, Şamil Hüseynli və Süleyman Əliyev aparıblar.

Azər Nəzərov PR və media üzrə, Azər Qaraçənli və İsmayıl İsmayılov internet mediası üzrə ekspertlərdir. Şamil Hüseynli Milli Məclisin eksperti, Süleyman Əliyev rəqəmli marketinq meneceridir.

Təlimdə paytaxt və regionlarda fəaliyyət göstərən QHT-lərdən 11 nümayəndə iştirak edib. Onlar sosial media kommunikasiya strategiyası, uğurlu KİV-QHT əlaqələri və virtual vətəndaş cəmiyyəti şəbəkəsinin yaradılması istiqamətlərində praktik məşğələlərə qatılıblar.

Təlimin gedişi zamanı QHT fəalları virtual məkanda etik məsuliyyət mədəniyyətinə dair ictimai çağırış ediblər. "Virtual ictimai məkanı "zibilxana”ya döndərməyək!” devizli çağırışda QHT təmsilçiləri vurğulayıblar ki, insanların sərbəst ifadə meydanı olan sosial şəbəkə və portalların "bazar”a çevrilməsinə yol verilməməlidir. Çağırış 11 QHT-nin (Qadın Problemlərinin Tədqiqatı İctimai Birliyi; Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərin Sosial Yardımı İctimai Birliyi; Təmiz Dünya İctimai Birliyi; Sağlam Mühit, Sağlam Gələcək İctimai Birliyi; Gələcəyə Körpü İctimai Birliyi; "Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi; Sağlam Düşüncə İctimai Birliyi; "Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi; "Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi) adından imzalanıb. Adıçəkilən birliklərin nümayəndələri virtual müzakirə platformalarında iştirak edənləri etik qaydaları gözləməyə səsləyiblər.

Təşəbbüskarlar digər vətəndaş cəmiyyəti fəallarını da bu çağırışa qoşulmağa dəvət ediblər.

1

1



Digər xəbərlər
SON XƏBƏRLƏR