Rəşad Məmmədovla bağlı 1 milyonluq - Qalmaqal

img

14-11-2016 [12:07]


Dövlət Bayrağı İdarəsinin sabiq rəisi, dələduzluqda təqsirli bilinərək 1 il 1 ay 8 gün həbs cəzası çəkən Rəşad Məmmədov barəsində yenidən Daxili İşlər Nazirliyinə şikayət edilib.

R.Məmmədov tərəfindən dələduzluq yolu ilə aldadıldığını iddia edən Nazim Şıxəliyev, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova ünvanladığı müraciətlərin, araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsdinə göndərdiyi şikayət ərizəsinin bir nüsxəsini də "Qafqazinfo"ya təqdim edib.

N.Şıxəliyev ərizəsində hadisənin detalları barədə ətraflı məlumat verib: "Mən 2014-2015-ci illər ərzində bilavasitə Rəşad Məmmədovun göstərişinə əsasən paytaxda bir neçə obyektin, həmçinin Dövlət Bayraq Meydanının tikinti işlərini, materiallarının alınmasını və işçi qüvvəsinin cəlb olunmasını həyata keçirmişəm.

İşlərin görülməsi ilə bağlı aramızda rəsmi şəkildə subpodrat müqavilələri bağlansa da, Rəşad Məmmədovun istəyinə uyğun olaraq sənədlərin əsilləri mənə verilməyib. Bundan başqa, Rəşad Məmmədovun təkidi ilə müqavilələrdə rəsmi əks olunan məbləğlər faktiki razılaşdırılmış məbləğlərdən dəfələrlə az həcmdə göstərilib. Bütün işlərdə ilkin olaraq avans kimi nağd ödəniş edilib, iş başa çatdıqdan sonra isə məni digər layihəyə cəlb ediblər və bu yolla ödəmələr tam həyata keçirilməyib. Gördüyüm işlərə görə Rəşad Məmmədov mənə 1 milyon 587 min 867 manat zərər vurub. Rəşad Məmmədov barəsində istintaq aparılan zaman qardaşı Ramil məndən xahiş etdi ki, şikayətçi olmayım. Əvəzində isə Rəşadın tezliklə həbsdən çıxacağını və azadlığa çıxan kimi pulumu qaytaracaqlarını vəd etdi. Mən də onunla razılaşdım, lakin belə olmadı. Rəşad zənglərimə, mesajlarıma cavab vermir, şirkətə gedəndə də məni onun yanına buraxmırlar".

Şıxalıyev Nazim qeyd edib ki, mühəndis qismində Azərbaycan energetikasının inkişafında xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Dövlət Bayraq meydanının sabiq sədri Rəşad Məmmədov "Qafqazinfo"ya açıqlamasında N.Şıxəliyevin iddiasına münasibət bildirib. R.Məmmədov həmin şəxs barəsində prokurorluğa müraciət etdiyini qeyd edib: "Mənim "Azimport" şirkətinə heç bir aidiyyatım yoxdur. Həmin şəxsə də borcum yoxdur. Mən bilmirəm onun əlində hansı sənədlər var ki, mənim ona borclu olduğumu sübut etsin. Çünki belə sənədlər mövcud deyil. O adam özü artıq dələduzluqla məşğul olur. Mənə "email" yazıb hədələyir. Bununla bağlı artıq Səbail rayon prokurorluğuna müraciət etmişəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR