“Bu qurumun qarşısında böyük vəzifələr qoyulub” - Nərgiz Paşayeva

img

27-10-2016 [14:18]


Oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə İngiltərə-Azərbaycan Cəmiyyəti haqqında səfirə geniş məlumat verilib və bildirilib ki, 1997-ci ildə yaradılmış bu Cəmiyyət Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir. Belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Bakıda həyata keçirdiyi layihələr, o cümlədən, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaqlar üçün internat məktəblərinə yardım göstərilməsi ilə bağlı oktyabrın 20-də keçirilmiş xeyriyyə tədbirinin son təşkilatı məsələləri müzakirə edilib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraiyyə Komitəsinin iclaslarından birində professor Nərgiz Paşayeva və Lord German Saray və Şağan qəsəbələrindəki internat məktəblərinin uşaqları üçün xeyriyyə tədbirinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu təşəbbüs Cəmiyyətin bütün üzvləri tərəfindən dəstəklənib.

Lord German Bakıya budəfəki səfəri haqqında danışaraq deyib ki, gəlişinin əsas məqsədi xeyriyyə tədbirinə qatılmaq, internat məktəblərində olmaq, həmçinin Cəmiyyətin İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasında iştirak etməkdir.

Professor Nərgiz Paşayeva səfirə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzi və onun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu Mərkəz müstəqillik illərində ölkəmizin elm, təhsil sahəsində həyata keçirilən ən ciddi və davamlı beynəlxalq layihələrindən biridir.

Britaniyanın Bakıdakı səfiri xanım Krofts Oksford Universitetinin Nizamı Gəncəvi Mərkəzinin fəaliyyəti və gördüyü işlər haqqında məlumatlı olduğunu dedi. O, Azərbaycanın tarixi və mədəni irsinin akademik beynəlxalq səviyyədə öyrənilməsi və geniş şəkildə tanınması üçün bu Mərkəzin müstəsna rolunu qeyd etdi və fəaliyyətini yüksək dəyərləndirdi. O, rəsmən qəbul edilmiş Oksford Universitetinin Nizamı Gəncəvi Elmi Mərkəzinin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayaraq, bu Mərkəzin gələcəkdə daha böyük işlər görəcəyinə əmin olduğunu dedi və professor Nərgiz Paşayevaya uğurlar arzuladı.

Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və hadisə haqqında söhbət açdılar. Professor Nərgiz Paşayeva bu yaxınlarda yaradılmış və Britaniyada rəsmi qeydiyyatdan keçmiş Britaniya Fondu (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) haqqında danışaraq bu qurumun qarşısında böyük vəzifələrin qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli və davamlı məqsədlərə xidmət edəcəyini bildirdi.

Səfir Kerol Meri Krofts İngiltərədə yeni yaradılmış "Britaniya Fondunun” Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu söyləyib, humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında mühüm rolunu qeyd edib.

Səfirə məlumat verilib ki, Bakıdakı "Four Seasons” otelində xeyriyyə gecəsi keçiriləcək və əldə olunan vəsait fiziki imkanları məhdud uşaqlara yardım məqsədilə UAFA ("Azərbaycana Birgə Yardım”) təşkilatına ayrılacaq. Hazırda UAFA aztəminatlı ailələrdən olan və əlilliyi olan uşaqların təhsilə, tibbi yardıma və digər xidmət növlərinə çıxış əldə etmələrinə kömək göstərən ən nüfuzlu xeyriyyə təşkilatlarından biridir.

Beləliklə, görüşün sonunda səfir Kerol Meri Krofts həmsədrlərə maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ilə Britaniya arasında əlaqələr genişlənib və artıq iyirmi ilə yaxındır İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir. Səfir İngiltərə-Azərbaycan Cəmiyyətinin gördüyü işləri yüksək dəyərləndirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Cari ilin mayında professor Nərgiz Paşayeva Şağan qəsəbəsində fiziki və əqli imkanları məhdud uşaqlar üçün internat məktəbində olub, Azərbaycanda belə uşaqlar və onların reabilitasiyası üçün xeyriyyə aksiyaları keçirən UAFA-nın fəaliyyəti ilə yaxından maraqlanıb.

Oktyabrın 20-də İngiltərə-Azərbaycan Cəmiyyətinin keçirdiyi, görkəmli elm və ictimai xadimlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, iş adamları və əcnəbi qonaqların iştirak etdikləri xeyriyyə gecəsi məhz həmin işin davamıdır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin təşəbbüsü ilə gecədə toplanan vəsait və xeyriyyə lotereyasından əldə olunan məbləğ Şağan və Saray qəsəbələrindəki uşaq evlərində yaşayan, fiziki və əqli imkanları məhdud uşaqlara yardım göstərilməsi üçün UAFA təşkilatına təqdim olunacaq.

Gecənin əsas leytmotivi ondan ibarət olub ki, xeyirxahlıq daim insan qəlbinin genişliyini səciyyələndirir və dünyanı məhz bu yüksək keyfiyyət xilas edəcək.

XVII-XVIII əsrlərin görkəmli ingilis filosofu və yazıçısı Bernard Mandevil deyib: "Mərhəmət və xeyriyyəçilik elə bir fəzilətdir ki, onun sayəsində özümüzə qarşı hiss etdiyimiz sevgi bizimlə dostluq və qohumluq əlaqələri olmayan, qarşısında heç bir öhdəliyimizin olmadığı, onlardan heç bir fayda və xeyir gözləmədiyimiz, hətta bizə tamamilə yad olan insanlara keçir”.

Gecənin açılışında İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva bu xeyriyyə aksiyasının əhəmiyyətini qeyd edərək deyib: "Bura gəldiyinizə görə sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik. Bu gün bura toplaşmağımızın səbəbi hamımıza bəllidir. Əslində biz bu salona toplaşmamışıq, biz bu gün öz mərhəmətimizin astanasına toplaşmışıq.

Burada əyləşənlərin əksəriyyəti valideynlərdir. Mən XX əsrin böyük yazıçısı Cübran Xəlil Cübranın sözlərini sizə xatırlatmaq istərdim. O özünün "Peyğəmbər" əsərində valideynlərə xitabən yazır ki, düşünməyin ki, siz uşaqlarınızın həyata gəlişinin səbəbisiniz. Siz sadəcə olaraq uşaqlarınızın həyata gəlməsinin bir vasitəsisiniz. Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, onlar qəbul edərlər, amma öz fikirlərinizi, düşüncələrinizi verə bilməzsiniz. Onların öz düşüncə və fikir aləmləri var. Siz onların bədənlərinə sığınacaq, isti, rahat yer verə bilərsiniz, amma onların ruhlarına yox. Çünki onların ruhları həmişə azad olacaq, heç bir evə sığışmayacaq. Siz onları özünüzə oxşatmağa çalışmayın, əksinə özünüz onlardan öyrənin, buna can atın. Axı həyat geriyə axmır və dünəndə ləngimir. Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar. Çünki onlar tək sizin övladlarınız deyil, onlar həyatın, varlığın qızları və oğullarıdır. Bunları unutmayın.

Bəli, bu günün səbəbkarları uşaqlarımızdır, hamımızın uşaqlarıdır. Onların gözlərində bir işıq var. Onların aləmləri bəlkə bizimkindən də gözəl və mükəmməldir. Onların çiyinlərində bir cüt qanad var, onlar mələkdirlər və onlar bizim kimi, böyüklər kimi heç vaxt bu qanadları qatlayıb hər hansı bir qapıya girmək üçün öz prinsiplərini satmırlar. Bizim isə əllərimiz ipək olursa, urəklərimiz də ipəkdən olmalıdır. Bizim əllərimiz ipəkdən, qəlbimiz isə dəmirdən olarsa, bu, yalan olar, doğru-düzgün olmaz. Bugünkü gecə uşaqlara həsr olunur, onların şərəfinə keçirilir, onlara ithaf olunur. Mən hər kəsə bir daha təşəkkür edirəm. Bütün sponsorlara böyük təşəkkürümü bildirirəm. Mənim həmkarıma, Lord Germana öz böyük təşəkkürümü bildirirəm ki, iki günlüyə İngiltərədən bura gəlib. O, bura uşaqlara baş çəkmək üçün gəlib.

Yaradan hamımıza ömür verib və hər bir ömür yaşanır, tamamlandıqda isə ötürülür. Kimə ötürülür? Əlbəttə, uşaqlara. Çünki, onlar ümiddirlər, sabahdırlar, davamçıdırlar. Biz Allahdan onlara bir nicat diləyirik, bəndədən isə mərhəmətli və diqqətli olmağı arzu edirik. Qoy uşaqlar hər zaman yaranan problemlərinin çarəsini məhs ləyaqətli insanların dəstəyində görsünlər”.

Lord German bu gözəl və təsiredici çıxışın onun ürəyinə yol açdığını bildirdi: "Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən gözəl diyardır və bizim mədəniyyətlərimizə xas olan xüsusiyyətlər öz əksini bu gözəl mədəniyyətdə tapıb. Şübhəsiz ki, mənim üçün Nərgiz xanım Paşayeva kimi həmsədrin olduğu İngiltərə-Azərbaycan Cəmiyyəti çərçivəsində həyata keçirilən birgə layihələr üzərində çalışmaq böyük şərəfdir. Çünki tərəfimizdən göstərilən birgə səylər Azərbaycanda, eləcə də Böyük Britaniyada yeni ideyaların formalaşmasına, sözün həqiqi mənasında, bu ölkələrdə vətəndaş cəmiyyətinin yaradılmasına xidmət edən missiyadır. Əgər siz də bizim baxışlarımızı bölüşürsünüzsə, bu təşəbbüslərə qoşulmağınızı, Azərbaycanda və Böyük Britaniyada görülən işlərə kömək göstərməyinizi xahiş edirəm”.

Daha sonra xeyriyyə tədbirində UAFA-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Təşkilatın rəhbəri Qven Börçel xeyriyyə işinə göstərdiyi hərtərəfli köməyə görə İngiltərə-Azərbaycan Cəmiyyətinə səmimi minnətdarlığını bildirərək deyib: "Dünyada məhdud imkanlı uşaqlar var, onlar həssasdırlar və xüsusi diqqətə, qayğıya ehtiyacları var. Əgər uşaq müəssisədə böyüyürsə, o, xarici aləmdən təcrid olunur. Amma əgər o, ailədə böyüyürsə, onun həyatda daha böyük imkanları olur. Bizim imtiyazlarımız, yaxşı uşaqlığımız, yaxşı təhsilimiz və bizi dəstəkləyən ailəmiz var və bu bizə həyatda uğur qazanmaq imkanı verir. Lakin biz əlillikdən və ya digər sosial problemlərdən sığortalanmamışıq. Hətta bu problemlər bizə bilavasitə təsir etməsə də, şübhəsiz ki, dolayısı ilə təsir göstərir. Bu gün biz iqtisadi tənəzzül dövrünü yaşayırıq, bu gün dünya iqtisadi böhran yaşayır. Bəzi insanlar deyirlər: "Bu mənim məsuliyyətim deyil və bu vəziyyətdə mən yalnız öz ailəmin qayğısına qalmalıyam”. Lakin insan qəlbinin böyüklüyü həm də ondan ibarətdir ki, ən çətin məqamlarda bu məsuliyyəti öz üzərinə götürsün və dəstək göstərənlərlə bu dəstəyə ehtiyacı olanlar arasında körpü olsun”.

Beləliklə, gecə başa çatıb və qonaqların İngiltərə-Azərbaycan Cəmiyyətinin xeyriyyə aksiyasını necə ruh yüksəkliyi ilə dəstəklədiyini görəndə yenidən şəfqət və xeyriyyəçiliyin dünyanı xilas edəcəyi, uşaqlara yaşamaq, yaratmaq, sevinmək və ən başlıcası, yaradılan bu mərhəmət məkanında mələklər kimi qanad çalmaq üçün mənəvi qanad bəxş etdiyi qənaətinə gəlirsən.


Digər xəbərlər
SON XƏBƏRLƏR