"Bıçağı çıxardıb mənə vurdu" - Sevinc Babayevanın oğlunun məhkəməsində şok iddialar səsləndi

img

21-10-2016 [18:59]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü keçmiş məhkum Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Samir Əliyevin sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama görə, bu il fevral ayının 4-də Bakının Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. 

Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Ayxan Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Məhkəmədə ifadə verən Ayxan Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib: "Onu öldürmək niyyətim olmayıb. Öldürmək istəsəydim, öldürərdim. Arvadımın telefonunda "WhatsApp” yazışmalarını gördüm və uşağımı götürərək getmək istədim”. 

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. 

Ayxan Məmmədov bildirib ki, həyat yoldaşını vurmaqda məqsədi onun ağlının başına gətirmək olub: "Evin həyətinə gizlincə gəldim. Günayı vurdum, qonşunun həyətinə qaçdı. Bıçağın əyilməsindən xəbərim olmayıb. Köhnə mətbəxt bıçağı idi. Hadisə zamanı qonşular bıçağı görən kimi qaçıb evə girdilər”.

Daha sonra zərərçəkmiş qismində Ayxan Məmmədovun həyat yoldaşı dindirilib.

O qeyd edib ki, Ayxan Məmmədov əvvəl onu bıçağın arxa tərəfi ilə vurub: "Həmin zaman oğluma dedim ki, oradan uzaqlaşsın. Ayxan məni oğlumun gözünün qabağında vurdu. Saçımdan tutub çəkirdi, mən isə qaçıb qonşumuz Xuramanın evinə getmək istəyirdim. 

Sonra Ayxan bıçağı çıxardıb mənə vurdu. O qədər vurdu ki, həmin bıçaq sındı. Ayxan başqa bıçaq götürmək istəyəndə qonşuya qaçdım. Balaca oğlum mağazada idi, onu oradan götürüb xəstəxanaya getdik”.

Proses oktyabrın 28-də davam edəcək.

Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. 

Sevinc Babayeva "İnterpol” xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR