“Tahir Kərimovun vəzifəsini rüşvətxorluğuna görə aşağı salmışdım” - Sabiq başçıya ittiham

img

21-10-2016 [10:46]


Müasir Müsavat Partiyasının sədri, "Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sabiq sədri Hafiz Hacıyev Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun himayə etdiyi şəxslərin yaratdığı qanunsuz balıq göllərinin ləğv olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

H.Hacıyev Ölkə.Az-a açıqlamasında Tahir Kərimovun 1992-1993-cü illərdə onun işçisi olduğunu və rüşvət üstündə vəzifəsini aşağı saldığını söyləyib: "Tahir Kərimov mənim işçim olub. Vaxtilə mən onun vəzifəsini rüşvətxorluğuna görə aşağı salmışdım. Həmin vaxt o bizdə şöbə müdiri idi. Tahir Kərimov rüşvətxorun biridir. Rüşvət üstə barmağını kəssəydin, gedib dili ilə alacaqdı. Tahir Kərimov həm də avantüristin və savadsızın biridir. Necə gedib icra başçısı oldu, mənə təəccüblüdür. Tahir Kərimov Salyana icra başçısı təyin olunandan sonra, oranı yeyib-dağıdıb. Oradakı yoldaşlar da mənə deyir ki, Tahir Kərimov ancaq özü üçün işləyirdi”.

H.Hacıyev iddia edir ki, Tahir Kərimov onun vaxtilə Xıdırlıda yaratdığı balıqçılıq təsərrüfatlarını zəbt edib: "Biz vaxtilə Xıdırlıda balıqçılıq təsərrüfatları yaratmışdıq. Tahir Kərimov icra başçısı təyin olunandan sonra, həmin təsərrüfatları zəbt etdi. Onun Salyanda balıq təsərrüfatları var. Hamısını əlindən almaq lazımdır. O kimdir ki, balıqçılıq təsərrüfatlarını özəlləşdirir? Məndən olsaydı, balıqçılıq bir əldə cəmləşdirilərdi. Çünki balıqçılıq strateji və gəlirli sahədir. Balıqçılığı Tahir Kərimov kimi adamların əlinə vermək olmaz”.

H.Hacıyev vaxtilə Salyan, Neftçala, Sabirabad və digər rayonlarda da balıqçılıq təsərrüfatları yaratdığını bildirib:

"Vaxtilə biz "Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışanda Salyan, Neftçala, Sabirabad və digər rayonların şoran torpaqlarında nohur balıqçılıq təsərrüfatları yaratmışdıq. Biz həmin dövrdə bu təsərrüfatlardan 100 min tonlarla balıq götürürdük. Balıq əhali üçün tələb olunan əsas ərzaq məhsullarından biridir. Ərzaq proqramında balıqçılığın rolu xüsusidir.

Çox təəssüf ki, bu gün Azərbaycanda balıqçılıq sahəsini müəyyən məmurlar zəbt edib. Ona görə də Azərbaycan balıq məhsullarını belə xaricdən idxal edir. Balıq əti çətin tapılan məhsuldur. Buna görə də Azərbaycan öz əhalisini yerli balıq məhsulları ilə tam təmin edə bilmir. Digər tərəfdən isə balıq bahalı təsərrüfat sahəsidir. Yəni, balıq ətini, kürüsünü və digər məhsullarını dünya bazarında baha qiymətə çıxarıb satmaq olar. Bunun üçün də Azərbaycanda balıq göllərini ləğv etmək yox, əksinə sayını artırmaq lazımdır.

İndi Azərbaycanda kifayət qədər böyük əkilməmiş torpaqlar var. Sadəcə olaraq, həmin torpaqlara su çəkilməli və orada əkinçilik işlərinə başlanılmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR