Kəmaləddin Heydərovun oğlu Brüsseldə ofis açdı

img

06-10-2016 [10:34]


Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib.

Mia.az xəbər verir ki, açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri, Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları və Azərbaycanın dostları qatılıb.

Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Belçikanın Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru Co İndekeu və Belçika baş nazirinin müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor müavini Mark Mullie iştirak edib.

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders bildirmişdir ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan Cəmiyyətinin iştirakı sayəsində daha da irəliləyib. D.Reyndersin sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif qurumlarında tədbirlər təşkil etməkdə davam edir: "Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovun təyarə ilə Brüsselə enməsindən cəmi iki saat sonra bu tədbirə qatılmışam. Azərbaycanın Belçikaya və bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək qiymətləndirilməlidir. Belçika - Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”. 

Natiq daha sonra bildirib ki, qarşılıqlı ticarət missiyalarının və ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının həcminin artırılmasına dair razılıq əldə olunub: "Belçika şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur. Eyni zamanda, ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir çox imkanlar vardır. Belçika dizaynerləri və şirkətləri Bakının möhtəşəm inkişafına öz töhfələrini verib. Xüsusilə, "Fluxys” şirkəti Trans-Adriatik Boru Kəmərinin (TAP), Xəzərin Azərbaycan sektorunda yerləşən "Şah Dəniz” yatağından qazın İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq Cənub Enerji Dəhlizinin tikintisində əsas rol oynayır.
"TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir. Aİ–Azərbaycan münasibətləri çox inkişaf edib və bunun nəticəsində Birlik və Əməkdaşlıq Sazişləri imzalanmışdır. Yeni Çərçivə Sazişi ratifikasiya edilib, bu sənəd bir sıra məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev, azərbaycanlı həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi köçkünlərlə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun qaldım. Azərbycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik çıxıram. Tezliklə onların dogma yurdlarına qayıtmasını arzulayıram”.

Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen bildirib: "Nəyə görə Brüssel və Benelüks ölkələri TEAS üçün bu qədər önəmlidir? Buna bir çox səbəb var – Brüssel Avropanın və Avropa İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş qərargahıdır, Brüsseldə ərazinin bir kvadrat metrinə düşən səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur, Benelüks Aİ-nin müjdəçisi olub və Benelüks Belçika, Niderland və Lüksemburqu təmsil edir – bunlar güclü iqtisadiyyatı olan üç ölkədir. Benelüks Aİ-nın bir növ sınaq laboratoriyasıdır.
Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və İran arasında mühüm bir yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük rol aynayır və oynayacaqdır. Bundan əlavə, Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq Cənub Enerji dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında müxtəlifliyi təmin edəcəkdir.

Azərbaycan dünyavi, tolerant, multikultural və çox konfessiyalı ölkədir. Dünya Yəhudiləri Konqressinin nümayəndələri təzəlikcə ölkəyə səfər etmişdilər ki, onlardan sonra Papa Fransisin səfəri baş tutdu. Papa Azərbaycanın tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model, ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir”.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, Benelüks ölkələri Avropa İttifaqının məhək daşıdır və buna görə də TEAS-ın Benelüks ofisinin olması çox vacibdir: "Yüz illər boyu davam edən müharibələrdən sonra Benelüks tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür sülhə ehtiyacı vardır. Avropada ölkəmiz haqqında obyektiv məlumatların çatdırılmasında TEAS-ın çox böyük fəallıq nümayiş etdirir. Azərbaycan beynəlxalq terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı işində bütün ölkələrlə sıx əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı ölkələri ilə. Hamımız birlikdə olanda biz daha güclüyük”.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov deyib ki, TEAS uzun bir yol keçib: "Bizim məqsədimiz mədəniyyətimiz və tariximizi təbliğ etmək və Avropa İttifaqı - Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu günümüzdə üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilirik".

Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan folklor melodiyalarını, İ.S.Baxın D Minorda Tokkata və Fuqa əsərlərini böyük ustalıqla ifa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR