Azərbaycanda elektron qaimə-faktura tətbiq ediləcək

img

30-09-2016 [11:55]


Azərbaycanda elektron qaimə-fakturaların tətbiqinə dair qanunvericiliyə dəyişikliklərlə bağlı layihə üzərində işlər artıq yekunlaşıb. Bu barədə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı 4 avqust 2016-cı il tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə" sərəncamında nəzərdə tutulan mühüm məsələlərdən biri də elektron qaimə-faktura sisteminin tətbiqidir.

Layihəyə əsasən, Vergi Məcəlləsində sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə, yəni onların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunmasına dair öhdəliklər müəyyənləşəcək. E-qaimə vasitəsilə, ƏDV-də olduğu kimi, digər vergi növləri üzrə də malların satışı tsikli tam şəkildə elektron qaydada nizamlanacaq, proses vergi orqanları tərəfindən izlənəcək.

Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Yeni layihənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

S.Musayeva bildirib ki, Nazirlik ilk dəfə e-fakturanın tətbiqinə 2013-cü ildə ƏDV ödəyiciləri üçün başlayıb və nəticə uğurlu olub. Xüsusilə də vergi ödəmələrində mühüm dəyişikliklər baş verib, fakturanın tətbiq olunduğu il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə nisbətdə 70% artıb.

Onun sözlərinə görə, bəzi sahibkarlar apardıqları əməliyyatın özünü gizlətmək istəyirlər, bunun qarşısının alınmasında ən yaxşı metodlardan biri e-qaimənin tətbiqidir. Beynəlxalq təcrübə göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi mal, iş və xidmətlər üzrə nəzarətin lazımi səviyyədə təşkil olunmamasına və nəticədə vergidən yayınma hallarına şərait yaradır. Elektron qaimə-faktura sistemi təkcə vergi sahəsi ilə məhdudlaşmır, hazırda maliyyə və bank sektorunun elektron mühasibat sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir və bütün bu amillər elektron qaimə-fakturanın hüquqi çərçivəsində də dəyişiklikləri labüd edir. Məhz bu baxımdan, elektron qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

E-qaimənin tətbiq edilməməsinə görə cərimə və sanksiyalar isə qüvvədə qalır. S.Musayeva qeyd edib ki, layihədə e-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün cəza mexanizmi nəzərdə tutulub.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR