ANS-in lisenziya ilə bağlı məhkəməsi ertələndi

img

02-09-2016 [17:16]


Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "ANS ÇM Yayım və Media” Şirkətinin vəkili Rafiq Mustafayev bildirib ki, MTRŞ-ın qərarları nəticəsində şirkətə külli miqdarda maddi ziyan dəyib və işçilərə maaş vermək mümkün olmayıb.

Vəkil əlavə edib ki, maddi ziyanın həcmi hər gün artır: "Buna görə də biz sizə müraciət edirik ki, radionun fəaliyyətinin dərhal bərpa edilməsi haqda cavabdehin üzərinə vəzifə qoyasınız”.

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov vəsatətin əsassız olduğunu və təmin edilməməsini istəyib.

Hakim vəsatətə növbəti mərhələdə baxılacağını deyib.

R. Mustafayev qeyd edib ki, radionun bağlanması ilə bağlı MTRŞ-ın qərarı indiyə kimi şirkətə təqdim edilməyib.

ANS-in vəkili ANS Şirkətlər Qrupunun 3-cü tərəf kimi işə cəlb olunması barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin etməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR