Şriftin ölçüsü / 1031 dəfə oxunub

"Bəs, sabah ölkəni kim qabağa aparacaq?" - Ayaz Mütəllibovdan maraqlı müsahibə

"Hansı pensiyaçı hazırkı qiymətlərə hər gün kolbasa və sosiska ala bilər?"

18 Avqust 2016 [20:28]

Azərbaycanın ilk prezidenti, SSRİ-nin dağıldığı dövrdə Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş Ayaz Mütəllibov "Sputnik Azərbaycan"a müsahibə verərək, sovet dövrünü xatırlayıb, onu müasir dövrlə müqayisə edib.

Sovet İttifaqı dövrünün adamları, birbaşa desək, sadə adamlar olmayıblar. Çoxsaylı problemlər mövcud idi və onlar gündəlik, bəzən əziyyətli əməyin köməyi ilə həll edilirdilər. Lakin, xoş anlarla bir yerdə o həyat sovet adamları tərəfindən çox da zəngin olmayan, lakin etibarlı yaşayış olaraq qiymətləndirilirdi. Məişət çətinliklərinə baxmayaraq, gələcəyə inam bütün sovet cəmiyyətinə xas idi. Həmin dövr elə bununla hazırkı zamandan fərqlənirdi. İndi insanlar sabah nə olacağını, bazar şəraitində necə yaşayacaqlarını bilmirlər.

Mia.az bu və ya digər məqamlarla başlayan həmin müsahibəni təqdim edir:

– Əgər sovet və indiki dövrü müqayisə etsək, sizin fikrinizcə, sadə vətəndaşlar üçün hansında yaşamaq daha asan və yaxşı idi?

— Bu iki sistemi bu və ya digər dövrə aid incəliklərin nəzərə alınması ilə müqayisə etmək olar. Mənim sovet dövrünə münasibətim subyektiv yanaşma elementlərindən formalaşır. Bu, biz yaşlı nəslin nümayəndələrinin SSRİ-də anadan olmağımız və böyüməyimiz, ən xoşbəxt illərimizi o dövrdə keçirməyimizlə bağlıdır. Əgər kimsə böyüdüyümüz və inkişaf etdiyimiz ölkəni tənqid etməyimizi istəyirsə, bu ikrah hissi doğurur.

Lakin elələri də var ki, böyük məmnuniyyətlə tənqidi mövzuda ağlına gələn şeyləri danışırlar. Məsələn, mən, həmin dövrün canlı mücəssəməsiyəm. Həkim ailəsində anadan olmuşam. O zaman həkim sənəti nüfuzlu, maraqlı idi, tibb sahəsinin mütəxəsssləri öz işlərindən böyük həzz alırdılar. Buna baxmayaraq, mən sadə fəhlədən ölkənin ilk prezidentinə qədər uzun və çox mürəkkəb bir yol keçmişəm. Özü də bunu tanışlıqsız, kənar dəstək olmadan, öz səy və zəhmətimin sayəsində etmişəm.

– Sovet gənci valideynlərin dəstəyi olmadan öz ayaqları üstündə dura bilirdi?

— O dövrdə valideyn himayəsi olmadan irəli getmək mümkün idi. Çoxları belə də edirdilər, çünki valideynləri müxtəlif çətinliklərlə yaşayan sovet adamları idilər və uşaqlar uzun müddət onlardan asılı qala bilməzdilər. Məndə də belə oldu. Bir dəfə, hardasa 10-cu sinifdə oxuyanda atamla anama baxdım, öz gələcəyim barədə düşündüm və anladım ki, gələcəyimi valideynlərimin imkanlarına bağlaya bilmərəm. Onların imkanı yox idi. Biz uşaq olanda onlar bizi çətinliklə təmin edirdilər. O zaman hamı elə yaşayırdı və heç kəs bundan utanmırdı. Eyni zamanda, bu amil həyatını qurmaq üçün stimul idi.

Məsələn, bu gün mən qanunla tüfeyliliyin qadağan olunduğu ölkənin adını deməkdə çətinlik çəkərəm. Başa düşürsünüz, söhbət nədən gedir? Dövlət insanları elə onların öz rifahları üçün işləməyə məcbur edirdi. Onlar bunu etməyəndə isə cəzalandırırdı. Hansı ölkədə belə bir hala rast gələrsiniz? Bu gün işsizlik, xüsusi qayğıya ehtiyacı olan gəncliyin problemləri barədə söhbətlər səngimir.

– O dövrün insanları sovet dönəmində ədalətin daha çox olduğunu hesab edirlər…

— Kimin nə deməsindən asılı olmayaraq, ədalət o dövrdə dövlətin təbliğ etdiyi dəyərlər sisteminin bir hissəsi idi. Lakin ədalətsizliklər də var idi və onların barəsində danışmasaq, obyektiv olmaz. Ədalətsizlik bir qayda olaraq insan amili ilə bağlı idi. Kiməsə sənin sifətin xoş gəlmirdi və o, xidməti vəzifəsindən istifadə edərək sənə elə zərbə vura bilərdi ki, yıxılıb bir daha qalxmaya bilərdin. Sirr deyil ki, şikayətlər yazılırdı və onların əsas hissəsi Moskvaya gedirdi. Bu, əslində nəsə demək idi. Bu gün siz hər yerdə eşidirsiniz: "Bu mənim işim deyil, hara istəyirsinizsə gedin, kimə istəyirsinizsə şikayət edin". Mən bu barədə təəssüflə deyirəm.

– O dövrdə təhsil və səhiyyə xərcləri neçəyə başa gəlirdi?

— Pul ekvivalentində deyə bilməyəcəyəm. O zaman həkimlər elə indiki kimi çox varlı yaşamırdılar. Hazırda səhiyyənin özəl olmasına baxmayaraq, heç də bütün həkimlər talelərindən razı deyillər. O dövrdə isə pulsuz səhiyyə və təhsil var idi… Biz bu nailiyyətlərlə həqiqətən fəxr edirdik. Dünya bunu yalnız xəyal edirdi. Bizdə isə bu var idi və bunu qorumaq lazım idi. İndi deyirlər: "Biz onda 120 manat alırdıq" və ya "mühəndis 120 manat alırdı". Lakin heç kim demir ki, dövlət maaşa əlavələr edirdi. Bir yerdə yaşayış minimumu 500 manat təşkil edirdi. Bu, böyük pullar idi. Yeri gəlmişkən, fəhlələr mühəndislərdən çox pul alırdılar. Mütəxəssislər — çilingərlər, qaynaqçılar və digərləri yaxşı yaşayırdılar və imtiyazlı təbəqənin nümayəndələri sayılırdılar.

– Bəs indiki maaşlarla müqayisə etsək…

— Heç müqayisə etmək olmaz. Fürsətdən istifadə edərək, qısa şəkildə bəzi fikirlərimi çatdırmaq istəyirəm. Bizim nöqsanlarımız var idimi? Əlbəttə, var idi. Məsələn, korrupsiya var idi. Harada korrupsiya yox idi ki? Lakin onun ölçüləri, sərhədləri məhdud idi. Kriminogen sayılan iqtisadi sahələr, təşkilatlar var idi. Məsələn, yerli sənaye. Yəqin "sexovşiklər" barədə eşitmisiniz. Dövlət onlarla sosialist mülkiyyətinin qorunması uğrunda mübarizə aparırdı. Lakin bu adamlar sərt nəzarət şəraitində işləyib yaradırdılar və çərçivələrdən kənara çıxmırdılar. Çərçivədən çıxanda isə onları həbs edirdilər. İndiki vəziyyət barədə isə danışmaq istəmirəm. Adam utanır.

Hazırkı gənclər isə hesab edirlər ki, bu gün pulsuz heç nəyin olmayacaq, heç kim olmayacaqsan, ümumiyyətlə pulsuz heç kimsən. Heyrətamiz faktdır ki, bəziləri böyük əziyyətlə xaricdə, tanınmış dünya universitetlərində təhsil alırlar və sonradan işə düzələ bilmirlər. Bununla necə barışmaq olar? Bəs sabah ölkəni kim qabağa aparacaq? Mütəxəssislər təbəqəsini ki heç kim ləğv etməyib.

Ümumi əxlaqdan bu cür sapmalar bütün postsovet məkanında mövcuddur. Ona görə də "SSRİ-nin dağılmasından nə qazandıq" sualını verəndə belə bir cavab ortaya çıxır: "biz ən əsasını — firavan yaşayış zəmanətini qazanmamışıq". Sənin insan olaraq öz ləyaqətini qoruya biləcəyinin zəmanəti yoxdur. İşəgötürən qarşısında əyilməyəcəyinin zəmanəti yoxdur. Sözə bax — işəgötürən. Biz onlarsız yaşamışıq. Bəli, bizdə partiya komitələri, yerli komitələr var idi. Lakin ordakılar bizim adamlar idilər, biz bir yerdə ora daxil olurduq. Bu barədə danışmaq kədərlidir.

Lakin hərdən bəzi şeyləri eşidəndə daha kədərli olursan. Məsələn, özlərinə haqq qazandırmaq üçün deyirlər: "Harada korrupsiya yoxdur ki?" Və indi mən nəvələrimə nəyi necə etmək lazım olduğunu deyəndə onlar mənə belə cavab verirlər: "Baba, sən öz düzgünlüyünlə nə qazanmısan?" Mən dövlətə xidmət edirdim və belələri çoxdur. Onlar tədricən gedirlər, lakin keçmişləri barədə təəssüflənmirlər və həm də övladlarının gələcəyi barədə narahat olurlar. Bu narahatlığı dəf edə bilmədik.

– O vaxtlar aldığınız maaş ailənizin ehtiyaclarını ödəyirdi?

— O dövrdə əsas ailəni yedirmək idi. Geyim-filanla bağlı digər xərclər gözləyə bilərdilər. Valideynlərin əsas qayğısı uşaqların sağlam böyüməsi üçün onların təmin edilməsi idi. Şəxsən məndə məsələlər mənim istehsalatdan başlamış karyera pilləmə uyğun həll olunurdu. Mən 26 yaşında zavod direktoru olmuşam. Bu məsələ mənə öz maddi rifahımı hiss etməyə imkan verdi. Lakin təzad onda idi ki, zavodda mən ixtisaslı fəhlələrdən az maaş alırdım. Həm də Kommunist partiyası fəhlələrin tox və razı olmalarına nəzarət edirdi. İndi hərdən şikayətlər eşidirsən: "Neçə aydır, yarım ildir maaş ala bilmirik". Belə şey necə ola bilər, mən, zavodun direktoru işçilərin maaşını vaxtında verməyim? Məni o dəqiqə rayon partiya komitəsinə çağırardılar.

Mən orta hesabla 500 rubl alırdım. Əlavə etmək istəyirəm ki, mənim şəxsi avtomobilim, bağım yox idi, baxmayaraq ki, mən statusuma görə, təminatlı təbəqədən sayılırdım. Çünki bütün bunlar çətin idi. O vaxtlar gəlib demək ki, mən uşaqlarıma bağ evi tikmək istəyirəm, bunu dövlət normativlərinə uyğun olaraq etmək mümkün deyildi. Əksinə, zəhmətkeşlərin ailələri ilə birlikdə Abşeronda istirahət etmək kimi təbii arzusu Moskvadan verilən qaydalarla məhdudlaşdırılırdı. Təsəvvür etmirsiniz ki, nə qədər müəssisə rəhbəri komissiyaların yoxlamaları nəticəsində məhv oldular. Əgər kimsə kiminsə evini yıxmaq istəyirdisə, anonim məktub yazırdı ki, onun bağ evi var, bir müddətdən sonra ora komissiya gedirdi və başlanırdı…. Xalq nəzarəti orqanlarının elə işçiləri var idi daxmanı xan sarayı kimi təqdim edirdilər.

– Xaricdə istirahət barədə heç düşünmək belə olmurdu?

— Xeyr. Amma əksinə bizi ora buraxmaq lazım idi. Burada hakimiyyətə gəlmiş demokratlar sovet dövrünü nostalji ilə xatırlayanlara: "Siz yenə də kolbasa növbəsinə durmaq istəyirsiz?", deyəndə mən onlara cavab verirəm: "Bəli, bu gün mağazalarda hər şey var, amma alıcı yoxdur. Özünüz görürsünüz, bu gün sözün geniş mənasında — pensiyaçıdan tutmuş müəyyən təbəqənin işçisinə qədər alıcı yoxdur. Hansı pensiyaçı hazırkı qiymətlərə hər gün kolbasa və sosiska ala bilər?" Onda onlar susurlar. İş ondadır ki, kolbasanı sovet dövründə hamı yeyirdi. Nazir də, dalandar da. Eyni kolbasadan və eyni qiymətə. O, sadəcə az idi, çatışmırdı. Kənd təsərrüfatında kolbasa hazırlamaq üçün mal-qara çatışmırdı. Keyfiyyət isə nazirlə fəhlə üçün eyni idi.

Bir dəfə Mixail Sergeyeviç (Qorbaçov-red.) məndən soruşdu: Ayaz Niyazoviç, sənin bazara münasibətin necədir?". Mən cavab verdim: "Prinsipcə, bazara münasibətim normaldır. Əgər söhbət bizim bildiyimiz, alış-veriş üçün getdiyimiz bazardan gedirsə. Yox, əgər siz bazar münasibətlərini iqtisadi sistem kimi nəzərdə tutursuzsa, hansı ki, ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, mən bununla razı deyiləm. Sizin təsəvvür etdiyiniz kimi, 500 günə iqtisadi siyasəti radikal şəkildə dəyişib sosializmdən kapitalizmə keçmək nonsensdir. Bizim ölkəmiz başqadır. Bura Polşa, Rumıniya və s. deyil. Biz tamamilə başqayıq". Söhbətimizin çox hissəsini burada demirəm. Sonra o məndən soruşdu: "Sənin fikrincə, buna yaxınlaşmaq üçün nə qədər vaxt lazımdır?" Mən dedim ki, "bazar münasibətləri xüsusi mülkiyyətin bərpasıdır. Özümüzü aldatmayaq, bu barədə açıq deyin. Cəmiyyətimizdə çoxları xüsusi mülkiyyətin əleyhinədirlər. Bu qorxu ötən 70 ildə toplanıb. Siz isə bir anda onları aldadaraq buna bazar münasibətləri demək istəyirsiniz? Açıq deyin ki, xüsusi mülkiyyəti bərpa etmək barədə qərar qəbul etmişik və hamı qarşıda onu nə gözlədiyini bilsin".

Lakin bunu etmədilər. Misal üçün, həmişə nümunə kimi baxdığımız Türkiyədə iqtisadi islahatlara 40 il sərf olundu. Onlar sadəcə bizdən tez başlamışdılar. Ona qədər Türkiyədə sosialist sistemi mövcud idi. Atatürk Leninlə elə-belə dostluq etmirdi.

– Bütün dövrlərdə narazı adamlar olur. Sovet adamlarının nəyi çatışmırdı, onlar hakimiyyətdən nə gözləyirdilər?

— Onda adamlar səbrlə vəziyyətin yaxşılaşmasını gözləyirdilər. Sabit artan maaş, təhsil, səhiyyə və digər xidmət sahələrində keyfiyyətin yüksəlməsini və sadə vətəndaşların ehtiyaclarına daha çox vaxt ayrılmasını istəyirdilər. Bu cür gözləntilər həmişə olub və bu gün də mövcuddur. Bu barədə geniş mühazirələrə ehtiyac yoxdur. Qiymətləri endirin və xalq razı qalacaq və sizə idarə etməyə davam etmək üçün əlavə vaxt da verəcək.

– SSRİ-nin dağılmasını təkcə vəzifə adamı kimi deyil, həm də bu böyük dövlətin vətəndaşı olaraq necə qarşıladınız?

— Bu faktı təəssüf hissi ilə qəbul etdim. Mənim bu işdə fərdi iştirakım özüm kimi insanları, o cümlədən partiya eşelonundakıları Qorbaçov yenidənqurmasının səhvlərinin ölkəyə ağır başa gələcəyini anlatmaq idi.

Mən dedim ki, əgər biz idarəetmə sükanını itirsək, insanlar dəhşətli faciələrə düçar olacaqlar. Partiyanın 28-ci qurultayındakı çıxışımda mən Siyasi Büronu tənqid etdim, yenidənqurmanın nöqsanlarından danışdım. Qarşıdakı qaçılmaz təhlükədən, yenidənqurma sükanının möhkəm əldə olmasının vacibliyindən söz açdım. Mənim çıxışımdan sonra tribunaya SSRİ-nin xalq artisti Mixail Ulyanov çıxdı. O, mənə cavabında dedi: "Burada kimsə möhkəm əl təklif edir. Biz artıq möhkəm əl altında yaşamışıq (Stalini nəzərdə tutaraq)".

Halbuki mən bunu nəzərdə tutmurdum, mən təklif edirdim ki, xalq qarşısında özümüzü biabır etməyək və onları sarsıntısız bir ölkədə yaşamaq xoşbəxtliyindən məhrum etməyək. Özü də 1988-ci ildən etibarən Azərbaycanda Dağlıq Qarabağdakı separatçı hərəkatın səbəb olduğu dəhşətli faciə baş verirdi. Bu faciənin üstündən sükutla keçmək mümkün deyil. Yeri gəlmişkən, mən hər iki xalqı nəzərdə tuturam. Bu münaqişə ən başdan "parçala və hökm sür" amili idi. İndiyə qədər də məlum deyil ki, münaqişə nə ilə qurtaracaq, bu iki xalqla manipulyasiyalar, onların sülhə olan ümidlərinin məhrum edilməsi nə vaxt başa çatacaq.

28-ci qurultaydakı çıxışım mənim ürəyimin harayı idi. Mən zala baxdım. Qəşəng zal idi, qırmızı kreslolarla. Hər 2-3 saatdan bir bizi birinci mərtəbəyə — yeməyə və kofe içməyə buraxırdılar. Orada bizə qeyri-adi dada malik əla dana sosiskası verirdilər. Və mən öz-özümə dedim: "Hər 1-2 saatdan bir mən Azərbaycana zəng edirəm, orada vəziyyət necədir, nə baş verir, kimi partladıblar, kimi öldürüblər, buradakılar isə elə bil başqa planetdədirlər. Vaxtaşırı bufetə gedir və dana sosiskası yeyirlər. Yuxarı qalxırlar, nədənsə danışırlar. Bu vaxt ərzində isə

Azərbaycanda mənim xalqımın qanını axıdırlar. Mən bütün bunlara necə dözüm?" Ona görə də mən Siyasi Büronun fəaliyyətinin qeyri-qənaətbəxş hesab edilməsini təklif edirəm. Belə bir təkliflə Azərbaycan KP MK-nın rəhbəri Sovet İttifaqı KP-nın tarixində ilk dəfə çıxış edirdi. Siz bircə Mixail Sergeyeviçi görərdiniz, o, bu sözlərdən sonra necə də həyəcanlanmışdı. Məni isə nümayəndələr uzun müddət öz alqışları ilə buraxmadılar.

– Sizcə SSRİ-nin dağılmasının səbəbi nə idi?

— Əgər məndən soruşsaydınız ki, yenidənqurmanın, demokratikləşmənin, radikal iqtisadi islahatların əleyhinə olan kimsə var idimi, mən cavab verərdim ki, yox idi. Ən əsası da, 19 milyon kommunist Qorbaçovu və onun yenidənqurma ilə bağlı birgə işlədiyi adamları dəstəkləyirdi. Mən də demokratikləşmə və yenidənqurmanın tərəfdarı idim, amma bunun qana, millətlərarası fitnələrə səbəb olacağını təxmin etmirdim. Qorbaçovun SSRİ tarixinə Çinin Den Syaopini kimi düşmək kimi gözəl bir şansı var idi, amma o, bundan istifadə edə bilmədi. Baxmayaraq ki, 1991-ci il referendumunun nəticələrinə görə, sovet xalqı yeni azad, demokratik SSRİ-də yaşamaq arzularını ifadə etmişdi, ona səs vermişdi. Biz inqilabı dəyişikliklərin tərəfdarı idik, əslində baş verənlərin deyil.

– XXI əsrin prizmasından baxanda Sovet İttifaqındakı həyat sizə necə görünür?

— Nostalji var və onu gizlətmək yumşaq desək, axmaqlıqdır. Əgər siz bu gün Bakının küçələrinə çıxsanız və sovet dövründə yaşamış adamlardan soruşsanız, onlar deyəcəklər ki, "heyf o ölkədən, heyf ki, biz onu itirdik". Və bunu ona görə deməyəcəklər ki, Azərbaycan xalqı, yaxud da sabiq SSRİ-də yaşayan digər xalqlar demokratik ölkədə yaşamaq istəmir. Məsələ ondadır ki, 1988-1991-ci illərdə ölkəni demokratikləşdirmək adı altında sadəcə dövlətçiliyi məhv ediblər. Hər şey məhv edildiyi halda necə islahatlardan, yenidənqurmadan danışmaq olar? Gün keçdikcə, mən yenidənqurma başlayanda qarşıya qoyduğumuz məqsədlərdən getdikcə lap uzaq düşdüyümüzü gördükcə, daha da kədərlənirəm. Edilməyənləri həyata keçirmək və gələcək nəsillərə yaxşı miras qoymaq üçün çox vaxt lazımdır.

Gələcək nəsillərə isə vətənini sözdə deyil, işdə sevməyi arzulayardım. Qoy gənclər həyatda rast gəldikləri bütün çətinliklərə bir stimul kimi baxaraq onlarla mübarizə aparsınlar. Bizim bu nöqsanlarla mübarizə aparmaq qabiliyyətimizdən gələcəyimiz asılıdır. Ətrafınızda baş verənlərə biganə qalmayın. İnsanın laqeyd bir varlığa çevrilməsi ən dəhşətli bədbəxtlikdir.



SON XƏBƏRLƏR