“Anam üçün”

img

28-07-2016 [18:09]



Fədakarliq böyük fəzilətdir

Hələ ANA naminə olarsa...

Fasilələri nəzərə almasam, "Anam üçün”ü, təxminən, üst-üstə 6-7 saata oxudum. Oxunaqlı,maraqlı süjet xətti və şirin dil üslubunun sayəsində roman rahatlıqla gözlərimizə dolub zehnimizə süzülür. Mütaliə ərzində əsla sıxılmadım, darıxmadım. Əsərin sürətlə dəyişən səhnələri diqqətimi öz cazibəsində sonadək əsir saxlaya bildi. Bunu kitabın ilk uğuru adlandıra bilərik. Müəllifin səmimiyyəti hər sətirə sirayət edib desəm, yanılmaram.İnanın, hərdən mənə elə gəlirdi ki,əsərin qəhrəmanları mənim yanımda, mənim həmsöhbətimdirlər. Məsələn, qolumu açsam, Binyaminin çiyninə qoyacağam və ya əlimi uzatsam, şəkərdilli Ləmanın saçlarına sığal çəkə bilərəm. Əgər geriyə qayıdıb nəyisə yenidən təkrar oxudumsa, qaranlıq qaldı deyə yox, hansısa səhnənin təsvirinin gözəlliyini yenidən dadmaq və ya mətnin alt qatlarındakı süjeti təqib edən mənaları düşünmək üçün. Axırıncının üzərində dayanmaq istəyirəm. Məncə oxucu romandakı hadisələrin gur axarında özünü itirməməlidir. Bir aysberq misalı kimi əsərin alt qatlarındakı məna rəngarəngliyi və hikmət çəkisi daha böyükdür. Romanın insana xas hal və həyat təsvirlərində ana dilimizin bütün incəliklərindən məharətlə istifadə edilib. Müəllifin geniş və zəngin fikir diapozonu hadisələrin təsvirində və ardıcıllığında özünü bürüzə verir. Ələlxüsus, zahirən sadə görünən hadisələrin arxasından boylanan dərin hikmətlər, obrazlara hermenevtik yanaşma ilə sanki hüdudsuz fikir dəryasına qərq olursan. Əslində, müəllifi əsərin üst qatında deyil, alt qatlarında duyulan həlim və çox doğma pıçıltısı ilə duymaq tələb olunur. İlqar Kamilin uslubudur bu.

Əsərin süjet xəttinə gənc qəhrəmanların müzakirə etdiyi müxtəlif elmi- psixoloji eksperimentlərin sintez edilməsi də məqsədyönlüdür. Bədii fikirlərin arasında adda-budda səpələnmiş elmi fikirlər müəllifin oxucusuna daha çox şey vermək istəyindən irəli gəlir. Müəllif təxəyyül dünyasına qonaq gəlmiş oxucusunu paysız yola salmır. Məncə kitab belə olmalıdır. Oxucu xərclədiyi zaman müqabilində daha çox şey qazanmalıdır.

Fəlsəfi xülasə

Biz ki yenidən və əbədi qovuşmaq üçün ayrıldıq...

Yüksəlmək üçün endik.

Mənə elə bir insan göstərin ki, darıxmasın.

Heç qərib də darıxmazmı?..

Mənə elə bir insan göstərin ki, axtarmasın.

Heç yolunu itirən də axtarmazmı..?

Yəqin ki, təsdiq edərsiniz, həmişə köksümüzün dərinliyində qəribə bir ayrılıq və həsrət nisgili olur. Baxırsan, zahirdə hər şey rahat və gözəl. Bizi mutlu edəcək qədər hər şey var. Amma bu nisgil içimizi xımır-xımır gəmirir. İnsan hər istəyinə sahib olsa belə yenə ovunmur, səngimir, azalmır bu nisgil.

Köksünün ən məhrəm güşəsində hey darıxır, darıxır, darıxır insan...

Niyə qane olmur insan?

Nəyi axtarır insan?

Nəyə çatmaq istəyir insan?

Bu, dünyaya gəldiyimiz və yenidən qayıdacağımız Həqiqi VƏTƏNin ayrılığı, həsrətidir. Axı hamımız Oradan – İlahi Ünvandan qopub ayrılmışıq.

Qərib düşdüyü Vətənini axtarır insan!

Bu dünyaya enmək üçün qopub ayrıldığıYARını axtarır insan!

Odur ki, fitrətimizdə bu həsrətdən doğan gizli bir axtarış var.

Onaqovuşana qədər əsla bitib tükənməyəcək, aramlaşmayacaq bir axtarış.

Bədii xülasə

Hamımız Binyaminik.

Lakin hər kəsin öz Nəstərəni var.

Müəllif Binyaminin timsalında ziddiyyətli valideyn münasibətlərindən yaralanmış bir gəncin maraqlı hidayət hekayəsini təsvir edir. Hamı kimi o da axtarır. Mədrəsədə qovuşduğu din şəfqət məlhəmi ilə onun yaralı duyğularını sağaldır. Lakin o, buna qane olmur. Dini ayinləri doqmativ yerinə yetirsə də, ruhu hələ çox yavandır, din adlı sevgi ilə sirab olmayıb. Din onu nəvaziş etsə də, hələ qəlbinə nüfuz etməyib. Onun axtardığı bu deyil. Hisslərlə deyil, əqlən təslimiyyətdədir insan xoşbəxtliyi, qəlb hüzuru. Binyamin isə gəncdir, təcrübəsizdir. Hələ nə baş verdiyini anlamasa da, ilahi təqdir onu vadar edəcəkdir. Köksündə bulaq kimi qaynayan axtarış da onu rahat buraxmırdı ki... Ruzigar onu böyük şəhərə gətirir. Çox çəkmir ki, təlatümlü cəmiyyətdə müvazinətini itirir. Taleyin rastına çıxartdığı ilk şübhələr onu sındırır. Ağlına hücum çəkmiş şübhələrə təslim olur. Və... Hissləri ilə ağuşuna sığındığı Yarından ayrılır. Elə zənn edir ki, milyonların arasında tək-tənha qalıb. AmmaOhər şeyi görürdü!Yarıonu diqqətindən ayırmayacaq və təqdir əli ilə həyat yolundakı hadisələri elə nizamlayacaqdı ki, Binyamin yenidən, həm də həmişəlikOnaqovuşsun. Binyaminin düzlüyü, həmişə zəiflərə, məzlumlara, həyatın sarsıtdığı, insanların isə unutduğu "tənha”lara xüsusi diqqət yetirmək kimi üstün bir fəziləti də var. HeçOnundiqqətindən yayınarmı?.. Müəllif bununla sahib olduğumuz, amma bəzən əhəmiyyət vermədiyimiz bir əxlaqi fəzilətin insanı səadət ünvanına çatdıra biləcəyini duyurur. Bəzən bir tək əxlaqi gözəllik insana hidayət yolunda bələdçilik etməyə yetər. Yetər ki, bu gözəlliyi qoruya insan. Gözəllik digər gözəllikləri də cəzb etməzmi?..

Həm biz özümüzü tanımaya bilərik. LakinObizi gözəl tanıyır!

Binyamini hələ çox sınaqlar gözləyir. Təlatümlü həyat onu köməksiz və aciz Nəstərənlə görüşdürəcək. Bu görüş Binyaminin anası ilə bağlı bütün xatirələrini dirildəcəkdi. Zamanında anasına kömək edə bilmədiyi üçün vicdanının ağrılarını yenidən yaşayacaqdı. Budur, tale vicdan borcunu ödəmək üçün ona yeni fürsət verir. Heç qaçırarmı bu fürsəti?Anam üçündeyir və...

Kömək üçün uzatdığın əl səni də xilas edəcək

Nəstərən, nəhayət, bir fərd deyil. O, insan biganəliyinin qurbanı olmuş, əzilmiş, kömək əli boş qalmış, ümidləri sönmüş minlərlə insanlarımızın rəmzidir. Əsərin "Nəstərənli” qismində müəllifin ən böyük bəşər bəlası –biganəliyə qarşı üsyanını duyuruq. Binyamin təkcə Nəstərəni xilas etmir. Bu xilas həm də özünün qurtuluşu, dirçəlişidir. Təmənnasız fədakarlıq cavabsız qalmır. Özü bilmirdi, ammaObilirdi! Bu xilas yolunda Binyamini həm dəOgözləyirdi. Bütün şübhələrdən qurtulan Binyamin illər öncə ayrıldığı Yarına qovuşacaqdı. Həm də birdəfəlik.

Biz içimizdəki istedadlardan da, həyat yolunda qarşımıza çıxacaq hadisələrdən də xəbərsizik. AmmaObilir! Və hər birimizin həyat yolunu elə düzənləyir ki, yolun sonundaOnaqovuşaq. Yetər ki, hər kəs öz həyatının "Nəstərən”inə biganə qalmasın. Yetər ki, kimsə kömək etmək üçün ləngiməsin.

Müəllif barədə

Mənə işıq verin!

Heç zaman sönməyəcək işıq.

Əslində, İlqar Kamili tanıtmağa gərək yoxdur. Gənc olmasına rəğmən, cəmiyyətimizdə kifayət qədər oxunan və sevilən bir yazıçıdır. "Anam üçün” isə müəllifin sayca üçüncü kitabıdır. Amma onun şəxsiyyətinə fərqli baxış bucağından yanaşmaq istərdim.

"Kaprizli” oxucuyam. Yaşa dolduqca yaman xəsis olmuşam. Vaxtıma, yaddaşıma bərk simiclik edirəm. Mütaliəni sevsəm belə, hər kitabı oxuyacaq qədər zamanım, təxəyyül dünyalarında var-gəl edəcək qədər səbrim, hər məlumatı da qəbul edəcək qədər yaddaşımda yer yoxdur. Odur ki, diqqətlə seçirəm. Mənim üçün müəllifin şəxsiyyəti əsərin məzmunu qədər əhəmiyyətlidir. Çünki kitab müəllif və oxucu arasında bir ünsiyyətdir. Bu ünsiyyət isə təkcə müəllifin fikirlərini deyil, həm də təfəkkürünün, qəlbinin halətini də oxucuya ötürür. Fikri qaranlıq, qəlbi viran müəllif mənə nə verə bilər ki? Mən işıq axtarıram.

İlqar Kamili isə sevərək oxuyuram. Çünki onun təfəkkürü ilahi məfkurəyə söykənir və İlahi Vəhydən qidalanır. İşıq var onun hər sözündə, hər cümləsində. VƏHY işığı! Hamımızın axtardığı işıq!

Siz də yaxın gəlin İşığa!

Namiq Qurban (birlik.az saytının köşə yazarı)

Xüsusi olaraq Birlik.az saytı üçün



    Digər xəbərlər
    SON XƏBƏRLƏR