''Palmalar şəhəri''ndə Azərbaycan və Bakı adına yeni parklar - Asif Kurbanla söhbətimizdən

img

08-07-2016 [20:07]


İzmir Türkiyənin üçüncü böyük şəhəri sayılır. Eyni zamanda Bakı ilə qardaşlamış şəhər olan İzmir dünyada önəmli sərgi mərkəzlərindən biridir. 

Roma imperatorluğu dönəmindən qalma Efes bölgəsi isə İzmirin qədim bir tarixə malik olduğunun bariz nümunəsidir. Olduqca qədim tarixi məkanları özündə cəmləyən bu "palmalar şəhəri" eyni zamanda Türkiyənin ən modern yeridir. Bu şəhər Türkiyənin Cənubu Avropayla əsas qovuşma qapısı hesab olunur. Hazırda İzmir Türkiyənin ən inkişaf etmiş şəhərlərindən biri, eyni zamanda çoxmillətli bir şəhərdir. Məhz bu şəhərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Azərbaycana aid dərnək və diasporların uğurlu fəaliyyətindən böyük ölçüdə asılıdır. İzmir şəhərində qonaq olarkən Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri dr. Asif Kurbanla da görüşdük. İşlərinin çox olmasına baxmayaraq bizi səmimi şəkildə qarşılayan Asif bəy İzmirdəki fəaliyyətindən, konqresinin gələcək tədbirlərindən, qardaş ölkədə apardıqları təbliğat işlərindən danışdı. O söylədi ki, Azərbaycan Qardaşlık və İşbirliyi Dərnəyi (AKİDER) tərəfindən İzmirdə yaşayan azərbaycanlıların tez-tez görüşləri təşkil olunur. Onunla söhbət zamanı öyrəndik ki, cari ilin aprelində Azərbaycan Ermənistan cəbhəsinin təmas xəttində baş verən 4 günlük qızğın döyüşlərdə Qarabağ həqiqətlərini türk mediasına çatdırmaq üçün DAK sədri olaraq böyük bir mətbuat konfransı keçirib. Bu məlumatlar o zaman Türkiyənin aparıcı mətbuat orqanlarında - "Hüriyyet”, "Millet”, "Yeni Şafak”, "Doğan” haber ajansı "Anadolu” haber ajansı və s. – işıqlandırılıb. Dr. Asif Kurban 400 PKK-çınında erməni tərəfə keçərək düşmənə yardım etdiyini ilk dəfə gündəmə gətirdi. O, Türkiyədə Qarabağ məsələsi ilə bağlı heç bir siyasi partiya və təşkilata fərq qoymadan hər kəslə əməkdaşlıq edir. Dr.Asif Kurban DAK sədri seçildikdən sonra da əsas məqsədlərindən biri dünyada, o cümlədən Türkiyədə yaşayan azərbaycanlıları bir araya gətirərək daim tədbirlər, layihələr, dəyirmi masalar təşkil etməkdir. Habelə mütəmadi olaraq elm, təhsil, mədəniyyət, səhiyyə adamlarınin bir araya gətirildiyi tədbirlərdə milli birliyimiz, xalqımızın vəhdəti, Ana Vətən Azərbaycan həqiqətləri, Qarabağ problemi barədə məlumatların Türkiyədə daha da yayılması, təbliği məsələlərinə, birgə çalışmalara böyük önəm verilir. Həmçinin Azərbaycandan da millət vəkilləri, elm və təhsil adamları, mədəniyyət xadimləri, media və QHT nümayəndələri dəvət olunur. Təqdirəlayiq haldır ki, Türkiyənin müxtəlif universitetlərində fəaliyyət göstərən azərbaycanlı və türkiyəli elm adamları da bu seminarlara qatılırlar. Bütün bu tədbirlərə həm maddi, həm mənəvi dəstək Azərbaycan DAK və Qardaşlık və İşbirliyi Dərnəyi (AKİDER) tərəfindən verilir. Dr. Asif Kurban ən maraqlı təşəbüsslərindən biri İzmirdə yaşayan həmvətənlərimizlə istər rəsmi görüşlərdə istərsə də ziyafətlərdə uşaqların da gətirilməsini tövsiyə edir. Buna səbəb uşaq yaşlarından soydaşlarımızın bir birini tanıması Azərbaycan həqiqətləri, Qarabağ məsələsi haqqında onların məlumatlandırılması, həmçinin, sonrakı nəsillərin bu işləri davam etdirməsinin vacibliyidir. Bildiyimiz kimi Bakı şəhərində İzmir küçəsi, İzmir parkı və sair qardaş şəhirin adını daşıyan ünvanlar var. Amma təəssüf ki, İzmirdə bunun qarşılığı hələ də yoxdur. Sevindirici haldır ki, bu "birtərəfliyə" son qoyulmaqdadır. Artıq İzmirin Balçova rayonunda - dəniz kənarı boyunca 2 kilometrlik bir ərazidə Bakı parkı salınacaq. Hətta parkın plan-layihəsi də hazırdır və bu istiqamətdə işlərə başlanılıb. Asif bəy fikrinə əlavə etdi ki, burada ölkəmizlə, paytaxtımızla bağlı mühüm məqamları, mədəniyyətimizi, tariximizin şanlı və faciəvi səhifələrini, görkəmli şəxsiyyətlərimizi detallı təqdim etməyə çalışacağıq. Daha bir xoş xəbər də var. Belə ki, İzmirin göydələnlər məkanı olan Bayraqlı bələdiyyəsi ərazisində - dəniz kənarında böyük bir Azərbaycan parkı salmaq da plandadır. Yeri gəlmişkən, bələdiyyə sədri Hasan Karabağ Azərbaycan kökənlidir, vaxtı ilə babaları Qarabağdan Türkiyəyə köç ediblər. Məhz Hasan bəylə görüşlərin nəticəsi olaraq həmin bölgədə Azərbaycan parkının açılmasını söz verib. Azərbaycan dostluq parkı adlanacaq bu ərazidə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin də qoyulması nəzərdə tutulub. Ərazidə parkın təyinatına uyğun olarq xüsusi muzey tipli tikilinin də inşası gözlənilir. Artıq yer ayrılıb və hazırda sənədləşmə prosesi aparılır. Sonda DAK sədri dr. Asif Kurban bu sahədə təşəbbüslərin daha da artırılmasını, yeni layihə və tədbirlərin görüləcəyini söylədi. O, bu istiqamətdə Azərbaycandan da hər zaman mənəvi dəstəyə ehtiyacı olduğunu da gizlətmədi. Bu görüşümüzdən də xeyli məlumatlar əldə edərək pozitiv təəssüratla ayrıldıq.
Sonda xatirə fotoları çəkdirdik.
Elnur Ağayev və Kamal Almuradlı
İzmirdən Xeberle.com üçün




Digər xəbərlər
SON XƏBƏRLƏR