Şriftin ölçüsü / 623 dəfə oxunub

Səlim müəllimin traktorçuları

20 Iyun 2016 [23:39]

Qulaq hər gün bir söz eşitməsə, kar olar. Bu atalar məsəlinin əsrləri ötüb bu günə qədər gəlməsinin arxasında böyük hikmət dayanır. Azərbaycanda yaşadıqlarımız, hər gün eşitdiklərimiz qulaqlarımızın sağlam qalmasına əsas verir. 

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun jurnalistlərə verdiyi açıqlama diqqətimi çəkdi. Səlim müəllim deyir ki, bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur. Nazirin sözlərinə görə, buna səbəb SSRİ-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrin hamısında peşə təhsil sisteminin dağılmasıdır. Cənab nazir daha sonra bunları deyib: "Yəni, o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi olduqca sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. İş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik. Düzdür, kənd təsərrüfatı sahəsi mövsümidir, lakin tütünçülük, pambıqçılıq kimi sahələr var ki, orada az qala, ilboyu işlər həyata keçirilir və ixtisaslı kadrlara tələbat var". 

Nazirin bu açıqlamasını bir neçə istiqamətdə çək-çevir eləmək olar. Birincisi, niyə bizdə heç kim fəhlə olmaq istəmir? Belə çıxır ki, Azərbaycanda hamı "Ağa Nəzərəm, belə gəzərəm”, deyib əmr vermək istəyir. Bəlkə də hörmətli Səlim müəllim haqlıdır. Axı niyə əli belində göstəriş vermək dura-dura adam fəhləlik eləməyi seçməlidir? Məncə, burda bizim camaatın günahı yoxdur. O boyda Mirzə Ələkbər Sabir "Fəhlə, sən də özünü insanmı, sanırsan?” deyəndən bəri heç kim fəhlə olmaq istəmir. 70 il sovet imperiyası gecə-gündüz müsbət fəhlə obrazı yaratsa da, bizimkilərin beyninə girmədi. Sabir nətəhər "peçat” vurmuşdusa, o gündən bəri kimsə fəhlə olmaq istəmir. 

Səlim Müslümovun açıqlamasının ikinci analizi də var. Cənab nazir, çox doğru buyurur ki, artıq fəhlə, traktorçu, kombaynçı kimi peşələrə sahib olmaq istəyən yoxdur. Görün, iş nə yerdədir ki, o boyda nazirlik traktorçu axtara-axtara birtəhər olub. Amma bunun da günahı bizim qara camaatda deyil. Sovet imperiyası təzə-təzə camaatımıza kombaynçı, traktorçu, pambıqçı olmağı öyrədirdi. Lakin ona da imkan vermədilər. SSRİ dağıldı. Traktorçu, kombanyçı, fəhlə kimi formalaşmağımız yarımçıq qaldı. Elə buna görə də indi ölkədə fəhlə qıtlığı yaşanır. 

Amma canab nazirin açıqlamasını soyuqqanlı analiz edəndə maraqlı məqamlar ortaya çıxır. Necə olur ki, Azərbaycanda traktorçu, hətta fəhlə üçün adam axtarırlar tapmırlar, amma 1 milyon əhalimiz Rusiyaya iş dalınca gedir. Özü də həmin insanların böyük əksəriyyəti nazirliyin traktorçu, pambıqçı, fəhlə axtardığı regionlardan gediblər. Görəsən, bu camaat niyə öz yurdunda-yuvasında oturub fəhləliyini eləmir? Məgər Rusiyanın bazarlarında itin zülmünü çəkmək dahamı asandır? Təbii ki, yox. İş dalınca Rusiyaya pənah aparanların hansını danışdırsan, dəsmal götürüb ağlayar. O zaman Səlim müəllim hansı kəndə fəhlə axtarışına çıxıb? Çətin sualdı… 

Cənab nazir, traktorçu, kombaynçı, hətta fəhlə axtarmaq istəyirsinizsə, əvvəlcə iş yeri yaradın, hamısı ortaya çıxacaq. Jurnalistlər qarşısında gəlişigözəl çıxışlar etməklə işsizliyi aradan qaldıra bilməzsiniz. 1 milyondan çox vətəndaşı iş dalınca Rusiyaya köç edən bir ölkədə fəhləliyə adam tapmamağı dilə gətirmək sadəcə, gülməlidir. Odur ki, güldürməyin camaatı…



SON XƏBƏRLƏR