QHT rəhbəri MMX protokolunu ləğv etdirdi

img

27-05-2016 [13:46]


Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədova piyada keçidində piyadaya yol vermədiyi üçün Dövlət Yol Polisi İdarəsindən elektron protokol tərtib olunub və ünvanına göndərilib. 

Protokolda qeyd olunur ki, Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin tələbini pozduğu üçün 50 manat cərimə edilib. Sahib Məmmədov isə bu protokoldan Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edib. Şikayətə baxılıb və həmin protokola xitam verilib. Bununla bağlı bildiriş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərovun imzası ilə Sahib Məmmədova göndərilib və orada da bildirib ki, sürücünün barəsində tərtib edilmiş inzibatı protokola xitam verilir.

Sahib Məmmədov Avtosfer.az-a bildirib ki, MMX protokolun tərtib edildiyi ərazi Yasamal rayonu, Mikayış Müşfiq küçəsində – Nəriman Nərimanov heykəlinin yanında tərtib edilib. Protokolda qeyd olunub ki, sürücü piyadaya yol verməyib. Lakin Sahib Məmmədov bildirir ki, ikitərəfli hərəkət olan yerdə əks tərəfdən iki nəfər hərəkətə başlayıb: «Mən avtomobillə yolu keçib, 15 metr aralanada onlar əks istiqamətin ortasına hələ çatmamışdı. Getdim vidoya baxdılar, etiraf elədilər ki, radarları yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmayıblar. Yəni beləcə, bütün ölkədə on minlərlə insanı aldadıb ən yaxşı halda cərimələyiblər».

Sahib Məmmədov məsələ ilə bağlı feybokda da şərh yazıb:

«Hüquqlarınızı bilin və onu müdafiə edin. İXM-nin 330-cu maddəsi barəmdə səhf tətbiq edilmişdi. Həm də bir şikayətlə minlərlə insanın canını qurtardım. İXM dəyişmişdi, radarları uyğunlaşdırmamışdılar».

Qeyd edək ki, son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır. Piyadalar keçidin yaxınlığında dayandıqda, keçidə daxil olmadıqda və ya ikitərəfli yolun əks tərəfində olduqda belə sürücülərə elektron protokollar tərtib edilir. Lakin İXM-nin 330-cu maddəsinin «Qeyd» bölməsində bildirilir ki, əgər sürücü piyadanın hərəkətinə mane olmursa, onun qaçmasına, istiqaməti dəyişməsinə, dayanmasına səbəb olmursa buna görə sürücünü inzibati məsuliyyətə cəlb etmək olmaz. Lakin görünür, DYP-nin kameraları hələ də köhnə qanunla işləyir ki, bu da hər gün yüzlərlə sürücünün eyni motivli protokolla üzləşməsinə səbəb olur. Sahib Məmmədov hüquq müdafiəçisidir və hüquqlarını bildiyi üçün şikayət edib protokolu ləğv etdirdi. Bəs, hüquqlarını bilməyən, şikayət etməyin qaydalarından xəbərsiz olan minlərlə sürücü nə etsin?...


Digər xəbərlər
SON XƏBƏRLƏR