QMİ sədri dindarları Qarabağ uğrunda səfərbər olmağa çağırıb

img

26-05-2016 [12:27]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarları Dağlıq Qarabağ uğrunda səfərbər olmağa çağırıb.

QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, dindarlar da vətən uğrunda özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.

Şeyxülislam İran-İraq müharibəsini misal gətirərək deyib ki o vaxt səngərdə ön cərgədə döyüşən başı əmmaməli dindarlar olub: "Başlarında əmmamə, əllərində avtomat vuruşurdular. Niyə? Çünki Vətən uğrunda döyüşmək imandır. İndi biz də niyə səngərdə olmamalıyıq?! Mən demirəm ki, bu saat əlimə silah alıb səngərə gedirəm. Əlbəttə ki, Ali Baş Komandan müharibə əmri verən kimi gedəcəyik. Amma hazırda ən azı hər bir minbər biz dindarlar üçün səngər olmalıdır. Bunu dərk etməliyik. Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Digər xəbərlər
SON XƏBƏRLƏR