Ermənistan qondarma respublikanı tanımağa hazırdır

img

05-05-2016 [15:15]


Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasında Ermənistanın "Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.

"DQR-in Ermənistan tərəfindən tanınması Ermənistanla Qarabağ arasında müzakirələr nəticəsi olaraq, gələcəkdə baş verə biləcək proseslər [bölgədə], o cümlədən, xarici faktorlarla şərtləşdirilir”, - nazirlər kabinetinə qanun layihəsini təqdim edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

Müxalif "İrs” parlament fraksiyasının nümayəndəsi Zaruhi Postancyan və Erməni Milli Konqresi fraksiyasının üzvü, sabiq baş nazir Hrant Baqratyanın təşəbbüsü ilə gündəmə gətirilən qanun layihəsinə görə, "Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasını tanıyır”.

Qanun layihəsi Ermənistan Milli Məclisinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.

Münaqişə bölgəsində vəziyyət aprel ayının əvvəlində gərginləşib. Erməni və azərbaycan qoşun bölmələri arasında şiddətli döyüşlər başlanıb, ağır texnikadan istifadə edib.

Tərəflərin məlumatlarına görə, hər iki tərəfdən 200-ə yaxın insan həlak olub, təxminən bu sayda da yaralanan olub.

Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri qarşılıqlı ittihamlarla bəyanat veriblər.

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda xarici ölkə səfirləri ilə görüşü zamanı hərbi əməliyyatların şiddətlənməsi təqdirində, Dağlıq Qarabağın müstəqilliyinin tanıyacağını bəyan edib.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə, ermənilərin əksəriyyət təşkil etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibindən çıxmasını elan etməsindən başlanıb.

Daha sonra baş verən döyüşlər nəticəsində Azərbaycan Dağlıq Qarabağ və bir neçə rayonu üzərində nəzarəti itirib. Erməni tərəfi həmin ətraf rayonların ələ keçirilməsini "təhlükəsizlik zolağı” yaratmaq zəruriyyəti ilə izah etmişdi.

Bakı həmin əraziləri işğal olunmuş hesab edir, prezident İlham Əliyev isə dəfələrlə Azərbaycanın "öz ərazilərini hərbi yolla azad etməyə haqqı olduğunu” bəyan edib.

"Dağlıq Qarabağ Respublikasının tanınması" barədə qanun layihəsinin Ermənistan hökuməti tərəfindən dəstəkləməsinə münasibət bildirən Azərbaycan millət vəkili Aydın Mirzəzadə deyir ki, Ermənistan hakimiyyəti "başını tamamilə itirib” və nə etdiyinin "fərqində deyil.”

"Mən heç də təəccüblənmərəm əgər səsvermədə hakim Respublika partiyasının üzvləri hökumətin bəyəndiyi layihənin əksinə səs versinlər”, - o Ermənistan hökumətinin hər bir addımı bir-birilə ziddiyyət təşkil etdiyini deyir.

Millət vəkili düşünür ki, qondarma "DQR” tanımaqla Ermənistan Azərbaycana siyasi təzyiq göstərməyə çalışır və bununla öz problemlərini daha da artıracağını anlamış deyil.

Cənab Mirzəzadə əlavə edir ki, bu addımı ilə Azərbaycanın danışıqlardan çıxaraq hərb yoluna üstünlük verməsi və bunun Ermənistan üçün ağır nəticələr verəcəyini hökumət gözaltına almalıdır.

Rusiya Xarici işlər Naziri Sergey Lavrov çərşənbə günü РИА Новости-yə verdiyi müsahibəsində demişdi ki, Ermənistan Parlamentinin bu layihəni müzakirə etməsi təşəbbüslərinə görə narahat olmağa əsas görmür.

Onun sözlərinə görə, Ermənistan regionun statusunun birtərəfli qaydada müəyyən edilməyəcəyini bəyan edib.

"Yerevanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə mənə Ermənistanın münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqlədi. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”, Sergey Lavrov qeyd edib.

Cənab Lavrov həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaxın günlərdə ATƏT-in Minsk qrupunun iştirakı ilə görüş keçirilməsi planlaşdırırlır.

Azərbaycan XİN-i çərşənbə axşamı məsələyə münasibət bildirərkən deyib ki, "işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin" Ermənistan tərəfindən tanınması Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənasını daşıyır.

"Bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır. Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir", - XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR