Rufiz Qonaqov: “Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk edib...”

img

05-05-2016 [12:00]


"Ermənistan hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın müstəqilliyini tanıması rəsmi İrəvanın danışıqlar prosesindən imtinası kimi başa düşülməlidir. Bu, sülh danışıqlarına çox ciddi zərbə olacaq. Hesab edirəm ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini dərk edərək avantürüst addım atmaqdan çəkinəcək".

Bunu açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirərkən qeyd edib.

Rufiz Qonaqov hesab edir ki, Ermənistan prezidentinin mətbuat katibinin açıqlaması bu ölkənin beynəlxalq hüquq sisteminə münasibətinin bariz nümunəsidir:

"Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Hətta Ermənistanın arxalandığı güclər də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda Ermənistanın təxribata əl atması onun özünə böyük zərbə olacaq. Onsuz da zəif olan imicini tamamilə ləkələyəcək. Qondarma rejimin tanınmasına dair qanun layihəsinin müzakirəsi əslində Ermənistanın "demokratik proses" adı altında tamaşa qurmasından başqa bir şey deyil və düşünürəm ki, layihə müzakirəyə çıxarılmadan mövcudluğunu itirəcək".

R.Qonaqov bildirib ki, Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət kəsb etmir: "Ermənistan aprel ayının əvvəlində cəbhə xəttində təxribata əl atdılar və sərt şəkildə Azərbaycanın cavabını aldılar.

Onlar bir neçə yüksəkliyi itirməli oldular. Onlar məğlubiyyətlərini ört-basdır, erməni ictimaiyyətinin qəzəbini hədəfdən yayındırmaq üçün qondarma rejimin tanınması məsələsini gündəmə gətiriblər. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun üzvləri Ermənistanın bu cür destruktiv hərəkətini qınamalı və onları təxribatdan çəkindirməlidirlər.

Ermənistan təxribat xarakterli addımları ilə danışıqlar prosesini uzatmaq, status-kvonu saxlamaq istəyir. Bu da öz növbəsində Azərbaycana seçim imkanı qoymur. Görünür, ermənilər daha ağır zərbələr almaq, daha ciddi itkilər vermək istəyirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR