Olimpia çempionunun marketləri bağlanır - Borc sahibləri qapıda (Fotolar)

img

26-04-2016 [19:35]


Olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilən Tbilisi prospektində yerləşən "Nömrə 1” supermarketi bağlanıb. Salamazadə küçəsi 11 ünvanında yerləşən marketin qapısına qıfıl vurulub, mallar yığışdırılıb.


Məlumat üçün bildirək ki, "Nömrə 1” supermarketləri paytaxtın 6 yerində fəaliyyət göstərirdi.

AzNews.az-ın məlumatına görə, musavat.com-un əməkdaşı mağazanın bağlanma səbəbini öyrənmək üçün Xətai rayonu, Həzi Aslanov küçəsindəki "Nömrə 1” supermarketində olub və vəziyyətlə maraqlanıb.



Market hələ ki, müştərilərin üzünə bağlanmayıb. Başqa supermaketlərlə müqayisədə daha az müştəri gözə dəyir. Adətən, kassanın ətrafında çoxlu müştəri olsa da, indi əksinə, marketdə seyrəklik hiss olunur.



Marketin aşağı mərtəbəsində də eyni mənzərə müşahidə olunur. Kifayət qədər geniş sahəsi olan supermarketdə satıcılar da az idi. Satıcı qıza yaxınlaşıb, müdiriyyətlə görüşmək istədiyi bildirilib. Müdiriyyətin yerində olmadığını, ancaq Akif adlı müdir əvəzedicisinin marketin yaxınlığındakı ofisdə olduğunu bildirdi.



Supermarketin bir addımlığındakı ofisin qarşısında çoxlu sayda adam toplaşmışdı. Onlara yaxınlaşanda məlum oldu ki, müxtəlif şirkətlərin, ərzaq firmalarının nümayəndələridir, bağlanmaqda olan marketdən qalıq borclarını almağa gəliblər. Otağın qarşısında təqribən 20-yə yaxın firma işçisi səhər saatlarından burada gözləyirdi, marketə verdikləri malların pullarını almağa çalışırdılar.

Özümüzü təqdim etmədən söhbətə qulaq müsafiri olduq. Məlum oldu ki, market sahibi aldıqları malların pulunu şirkət nümayəndələrinə vermir, onları get-gələ salır. "Nömrə 1” supermarketinin firma nümayəndələrinə 500 manatdan, 10 min manata qədər borclu qaldığını öyrəndik.

Adının çəkilməsini istəməyən şirkət nümayəndələrindən biri "Nömrə 1” supermarketlər şəbəkəsinin onları aldatdığını dedi: "Tbilisi prospektindəki mağazalardan biri bağlandıqdan sonra firmalara küllü miqdarda borcları qaldı. İndi həmin marketə verdiyimiz malların pulunu almaqda çətinlik çəkirik. Elə adam var ki, 6 aydan çoxdur, borcunu ala bilmir. Bir söz deyəndə də "arxamız güclüdür” deyirlər. Artıq 1 həftədir ki, ofisin qabağında dayanıb, bizi qəbul etmələrini gözləyirik. Hələ də növbə çatmır ki, çatmır. Biz satıb, xərclədikləri malların pulunu istəyirik”.



Narazı firma nümayəndələri bu gedişlə borclarını ala bilməyəcəklərini dedilər: "Hər iki aydan bir mühasib dəyişir. Mühasibin biri ilə görüşürsən, bir müddət sonra gəlirik ki, onu yerinə başqa birisi gəlib. Beləliklə aylardır, vaxt uzada-uzada bizi gecikdirilər”.

Məsələ ilə bağlı mağazanın mühasibat işlərini aparan Akif adlı şəxslə əlaqə saxlamağa çalışdıq. Mağazanın bağlanma səbəbini və firmalara olan borclar haqqında məlumat almaq istəsək də, köməkçisi "Akif müəllim, danışmaq istəmir” deyib, qapını üzümüzə bağladı.



Digər xəbərlər
SON XƏBƏRLƏR