ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer "Hakimiyyətin təslimçi sülhə imza atması onun sonu olacaq" - mia.az
Şriftin ölçüsü / 493 dəfə oxunub

"Hakimiyyətin təslimçi sülhə imza atması onun sonu olacaq"

18 Aprel 2016 [12:38]

Aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlardan sonra münaqişənin həlli istiqamətində səylər daha da intensivləşib. Beynəlxalq təşkilatlarla yanaşı, yerli ictimai-siyasi birliklər də hərəkətə keçiblər.

Bir neçə gün bundan əvvəl Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təşkilatın İdarə Heyətinin iclasını keçirib və cəbhədəki hadisələrlə bağlı dəyirmi masanın təşkil edilməsi qərarı verilib.

Keçiriləcək tədbirin yeri və zamanı da bəllidir - aprelin 21-də Beynəlxalq Mətbuat Mərkəzində. Görüşə qatılmaq üçün hər kəsə - bütün müxalifət partiyalarına, QHT-lərə, deputatlara dəvətnamə də göndərilib. Tədbirdə müzakirə ediləcək mövzu "Azərbaycan Ordusunun itkisi: 5 Aprel - uğurlu döyüş əməliyyatı: tamam, yoxsa davam?!"dır.

Mia.az xəbər verir ki, QAT sədri Akif Nağı "Reytinq"ə müsahibəsində deyib ki, hazırki situasiyada Qarabağ probleminin müzakirəsi çox vacibdir:

- Aprelin 2-dən etibarən, 4 günlük dəolsa, Qarabağ cəbhəsində savaş oldu. Çoxları gözləməsə də, inanmasa da, bu savaş baş tutdu. Bu da, sözsüz ki, Qarabağla bağlı situasiyanı dəyişdi. Həm beynəlxalq təşkilatların, həm də böyük dövlətlərin mövqeyində dəyişikliyə səbəb oldu.

Eyni zamanda, Azərbaycan cəmiyyətində başqa bir əhval-ruhiyyə yarandı. Biz də bunları nəzərə alaraq, hesab elədik ki, dörd günlük müharibənin yekunlarına dair müzakirə təşkil edək.

Cəmiyyətin yenidən konsolidasiyası üçün ictimai müzakirələrin aparılması olduqca vacibdir. Belə bir situasiyada cəmiyyət necə mövqe tutmalıdır, siyasi təşkilatlar, QHT-lər, partiyalar, tanınmış ictimai xadimlərin mövqeyi necə olmalıdır və bu kimi suallara cavab tapmaq üçün tədbirin keçirilməsini zəruri sayırıq. Ona görə də qərara gəldik ki, iqtidarlı, müxalifətli, cəmiyyətin bütün qütblərinin təmsilçilərini bu tədbirə dəvət edək. Artıq dəvətnamələri göndərmişik. Kimin gəlib-gəlməyəcəyi öz işidir. Hesab edirəm ki, bu, cəmiyyət üçün maraqlı və səmərəli diskussiya olacaq.

- Akif bəy, bundan əvvəl də Qarabağla bağlı bu tipli müzakirələr təşkil etmisiniz. Budəfəki toplantının hansısa fərqli cəhəti olacaqmı?

- Artıq situasiya fərqli müstəviyə keçib. 22 il ərzində Azərbaycan ilk dəfəydi ki, böyük miqyasda hərbi əməliyyatlar keçirdi və böyük güc nümayiş etdirdi. Hesab edirəm ki, çox ciddi uğur əldə olundu. Eyni zamanda, baş verənlərə cəmiyyətdən də gözləmədiyimiz reaksiya verildi.

Düzdür, biz hər zaman deyirdik ki, Azərbaycan xalqı döyüş əzmindədir və hər zaman öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Amma bəziləri fərqli mövqelər ifadə edirdilər. Son hadisələr isə göstərdi ki, insanları Qarabağdan çox maraqlandıran başqa məsələ yoxdur.

Şəhidlərimiz də oldu, amma bu müstəvidə də fərqli bir situasiyanın şahidi olduq.

Əvvəllər bəzi hallarda fikirlər səslənirdi ki, müharibə olmasın, şəhidlər gəlməsin. Amma son hadisələrdə fərqli bir yanaşmanın şahidi olduq. Şəhidlərimiz o qədər yüksək səviyyədə qarşılandı ki, cəmiyyətdə o fikir yarandı ki, biz də şəhid verə bilirik.

Şəhid ailələrinin də qürurlu davranışları xüsusi qeyd olunmalıdır. O millət ki, şəhid verdikcəsınmır, geri çəkilmir, deməli, çox böyük millətdir. Yəni, belə bir situasiyada müzakirələrin aparılması zərurətdir. İstərdik ki, müxtəlif qütbləri təmsil edən şəxslər məsələyə ümummilli prizmadan yanaşaraq, müzakirəyə qatılsınlar. Qısqanclıqları, hikkələri, şəxsi ambissiyaları kənara qoyub, bir massa arxasında bu məsələni müzakirə eləmək lazımdır.

- Cəbhədə başlayan əməliyyatlardan sonra dünyanın dörd bir yanından məsələyə reaksiyalar verildi və diqqət bu istiqamətə yönəldi. Necə düşünürsünüz, beynəlxalq aləmin Qarabağ məsələsi ilə bağlı mövqeyində hansı dəyişikliklər baş verdi?

- Düşünürəm ki, beynəlxalq aləmin də mövqeyində müsbət mənada dəyişiklik oldu. Cəmiyyətdə belə bir fikir var idi ki, sabah Azərbaycan hərbi əməliyyatlara başlayarsa, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Qarabağdakı qondarma rejimi tanıya bilər. Amma son hadisələrdən sonra fərqli situasiya ortayı çıxdı. Beynəlxalq təşkilatlar narahatlıqlarını bildirdilər, Rusiyanın kəskin mövqeyi ortada olmadı, ABŞ bir sutka sonra çox yumşaq reaksiya verdi.

Hətta hadisələr başlayan gün Ermənistanda Təhlükəsizlik Şurasının iclası çağırıldı və Sarkisyan orda belə bir açıqlama verdi ki, birbaşa müdaxilə edə bilərlər. Sanki ilk dəfə "kartlarını” açdılar. Amma iki gün keçməmiş bəyan elədilər ki, elə bir niyyətləri yoxdur. Bu da onu göstərir ki, beynəlxalq aləmin münasibəti Azərbaycanın xeyrinə dəyişib. Bütün bunların Azərbaycanın regiondakı mövqeyi, apardığı diplomatik siyasətlə bağlı olduğunu demək çox çətindir, amma fakt odur ki, beynəlxalq təşkilatlar da, böyük dövlətlər də Azərbaycan faktorunu qəbul edirlər.

- Hansı dəyişiklikləri nəzərdə tutursunuz?

- Artıq mətbuatda məlumatlar verilir, Rusiyanın müəyyən təklifləri var. Kazan prinsipləri yenidən gündəmə gətirilir. Aydın olur ki, orda elə müddəalar var ki, Azərbaycanın maraqlarına cavab verir. Mətbuatda yazılanlara görə, Dağlıq Qarabağa ancaq Azərbaycanın nəzarətində hansısa statusun verilməsi, ətraf rayonların hamısının işğaldan azad olunması nəzərdə tutulur.

Rusiyanın rəsmi dairələrinə yaxın olan ekspertlər də verdikləri açıqlamalarda bildirirlər ki, Azərbaycan haqlıdır və torpaqlarını azad etməyə haqqı var.

- Ancaq o fikirlər də səslənir ki, ətraf rayonların azad olunmasından sonra Dağlıq Qarabağa ermənilərin istədiyi formada status verilməsi gündəmə gətiriləcək və qəbul etdiriləcək. Bu barədə nə deyə bilərsiniz?

- Biz hər zaman bunun əleyhinə olmuşuq. Hələ 2007-2008-ci illərdə Madrid prinsiplərində nəzərdə tutulurdu ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılır, qondarma rejimə aralıq statusu verilir. Bir müddətdən sonra iki rayonun qaytarılması və Dağlıq Qarabağla bağlı yekun status məsələsi gündəmə gəlir.

O vaxt Madrid prinsiplərində belə bir şərt qoyulmuşdu. Biz isə bunun əleyhinə olmuşuq və bildirmişik ki, buna getmək Dağlıq Qarabağın həmişəlik itirilməsinə gətirib çıxara bilər. Yəni, Azərbaycan buna razılaşarsa, hətta Dağlıq Qarabağa aralıq status verilərsə, bu, beynəlxalq təminatla veriləcək. Ondan sonra Dağlıq Qarabağa yekun status-filan lazım olmayacaq. Çünki bu təminat Azərbaycanın əl-qolunu bağlayacaq. Amma hazırda bu cür məqamların əlamətləri yoxdur. Nalbandyanın açıqlamasında da belə bir fikir səslənmədi. Sadəcə olaraq, Sarkisyan o fikri səsləndirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması mümkün deyil. Dağlıq Qarabağa hər hansı status verilmədən ətraf rayonlar azad olunarsa, bu varinat Azərbaycan üçün məqbul ola bilər.

- Necə düşünürsünüz, mövcud hakimiyyət qəbuledilməz şərtlərlə münaqişənin hər hansı həll variantına razılıq verə bilərmi?

- Belə bir təşəbbüsə cəmiyyət tərəfindən təpki olmalıdır. Bütün ictimai-siyasi qüvvələr ortaya çıxmalıdır. Qarabağ Azadlıq Təşkilatı dəfələrlə bildirib ki, ən kəskin aksiyalara getməklə narazılığını bildirəcək.

Aprelin 21-də keçirmək istədiyimiz tədbir də o məqsədə xidmət edir ki, cəmiyyətdə olan rəy hakimiyyətə çatdırılsın. İnanmıram ki, hakimiyyət belə bir addım atsın. Amma bütün hallarda cəmiyyət tərəfindən qabaqlayıcı addımlar atılmalıdır. Burada ictimai-siyasi təşkilatlar da, media da xüsusi rol oynamalıdır. Məsələ daim gündəmdə saxlanılmalıdır. Biz öz üzərimizə düşən işləri görməliyik. Cəmiyyətdə hansı əhval-ruhiyyə olacaqsa, hakimiyyət onunla hesablaşacaq və o addımı atmayacaq. Hakimiyyətin təslimçi sülhə imza atması onun sonu olacaq. Münaqişənin Dağlıq Qarabağsız həll yolu üstü örtülmüş, bəzəkli təslimçi sülhdür və buna qətiyyən getmək olmaz. Çünki ermənilər Dağlıq Qarabağı istəyirdilər və ətraf rayonları tutaraq status almağı hədəfə götürmüşdülər. Əgər bu gün elə bir sülh olarsa, deməli, ermənilər öz niyyətlərinə nail olurlar.

- Ortada olan variantlarla razılaşmayanda hərb yolu gündəmə gələ bilər. Son hadisələr isə göstərdi ki, hərb variantı hələlik dünya birliyi tərəfindən məqbul qarşılanmır. Belə bir şəraitdə nə etmək olar?

- İmkanlarımız həddindən artıq çoxdur. Əgər ordu ilə bağlı fikir bildirmək lazımdırsa, ordumuz özünü göstərdi.

Gərginlik dövründə mən özüm də cəbhə xəttinə getdim və vəziyyətə yaxından bələd oldum. Yəni, cəmiyyətin əhval-ruhiyyəsi yüksəkdir, ordu da hazır vəziyyətdədir. Bu iki amil olduqca vacibdir.

Qalır hərbi müttəfiqlərin əldə olunması və beynəlxaq birliyin mövqeyi. Hesab edirəm ki, bu məsələdə də vəziyyət pis deyil. Beynəlxalq birlik Azərbaycana qarşı o qədər də sərt deyil, artıq bizim haqlı mövqeyimizi qəbul edirlər.

Digər tərəfdən, son proseslərdə aydın şəkildə Azərbaycanın müttəfiqləri ortaya çıxdı. Türkiyə və Pakistan birmənalı şəkildə bildirdilər ki, Azərbaycan tərəfdən istənilən prosesdə iştirak etməyə hazırdırlar. İrandan da, Ukraynadan da müsbət siqnallar gəldi.

Bu gün Ermənistanda aksiyalar keçirilir ki, Rusiya nəyə görə bizə dəstək vermədi. Bütün bunlar müttəfiqlik baxımından da vəziyyətin Azərbaycanın xeyrinə olduğunu göstərdi. Yəni, bütün komponentlər ortadadır, bundan artıq nə olmalıdır ki, Azərbaycan müharibəyə başlasın? Azərbaycanın uğurudur ki, bu gün müharibəyə başlaması üçün kifayət qədər ciddi arqumentləri var.

- Ötən həftə "Reytinq” qəzetinə müsahibə verən millət vəkili Fazil Mustafa isə fərqli mövqe sərgilədi. Deyir ki, burada təkcə ordunun gücü yetərli deyil, hazırda Azərbaycanın uzun müddətli müharibə apararaq Qarabağ münaqişəsini tamamilə həll etməsi üçün imkanlar yoxdur...

- Təəssüf ki, belə fikirlər əvvəllər də, indi də səsləndirilir. Amma mən bu mövqeyi təslimçilik kimi qiymətləndirirəm. "Biz müharibə edə bilmərik, kimlərsə buna razılıq verməlidir",- kimi fikirlərə son qoymaq lazımdır.

Heç bir dövlət Azərbaycana qarşı haqlı mövqeyinəuyğun addım atdığına görə sərt reaksiya verməyəcək. Biz o yanaşmadan fərqli mövqe ortaya qoyuruq ki, haqlı mövqeyimizi dünyaya qəbul etdirməliyik.

Təbii ki, kifayət qədər hazırlıq işləri görülməlidir. Beynəlxalq təşkilatlarla işlənilməlidir, yeni hərbi müttəfiqlər tapılmalıdır. Bunlardan sonra Azərbaycan gücünü hesablayıb hərəkətə keçməli və məqsədinə nail olmalıdır. Öz torpaqlarını işğaldan azad edəndən sonra beynəlxalq birliyi fakt qarşısında qoya bilər. Dünya faktlarla hesablaşır. Azərbaycan bir neçə hərbi əməliyyatla Xankəndində oturandan sonra dünya bizimlə hesablaşacaq və heç kim bizə təzyiq etməyəcək. Əminəm ki, Azərbaycan bu yolla getsə, uğur qazanacaq. Qaliblər isə mühakimə olunmur.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR