Zəlimxan Məmmədli üçün Gürcüstan prezidentinə müraciət olundu - MƏTN

img

09-02-2016 [17:20]


İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması ilə bağlı bu ölkənin prezidentinə müraciət edib.

Qeyd edək ki, Zəlimxan Məmmədlinin Gürcüstana giriş yasağı il yarımdır davam edir. Bu məsələdə onun hüquqlarını İlqar Altay müdafiə edir.

Mia.az İlqar Altayın Gürcüstan prezidentinə müraciətini təqdim edir: 

"Gürcüstan Prezidenti Georgi Marqvelaşvili cənablarına

Cənab Prezident.

Bu məktubla sizə müraciət edən, Azərbaycan Respublikası, İctimai Tədqiqatlar Mərkəzinin (QHT) direktoru, müstəqil araşdırmaçı, hüquq elmləri namizədi İlqar Altaydır(Məmmədov). Nəzərinizə çatdırım ki, mən, bir sıra beynəlxalq ictimai maraq kəsb edən konfliktlər, qəzalar, qətllər, fəlakətlərin və insan haqları pozuntusuna səbəb olan problemlərin araşdırılması ilə məşğulam.

Misal olaraq, Azərbaycan yazarı Rafiq Tağının azad dini mövqeyinə görə İran ali ruhanilərinin onun haqqında ölüm fətfası və həmin qətlin təhqiqatı ilə bağlı İrana təhqiqat səfərim; Aralıq dənizində 2010-cu ildə İsrail və Türkiyə arasında Fələstinə yardım missiyası zamanı "Mavi Mərmərə”gəmisində çoxsaylı ölümlə nəticələnən münaqişənin araşdırması, İsrail və Türkiyəyə səfərlərim, Polşa prezidenti Lex Kaçinskinin Smolensk səmasında təyyarə qəzasının araşdırılması və Varşava-Moskva-Smolensk səfərlərim. Tehranda Böyük Britaniya səfirliyinə edilmiş kütləvi basqının təhqiqatı. Bir sıra ictimai-siyasi xadimlərə qarşı törədilən həbs, müxtəlif cəzalar və haqsızlıqların araşdırılıb, ictimaiyyətə və beynəlxalq təşkilatlara çatdırılması. Və s. və i.

Hazırda mənim tədqiqat dairəmdə "Borçalı” İctimai Birliyinin sədri, tanınmış ictima-siyasi və dövlət xadimi, hazırda Azərbaycan vətəndaşı, lakin Gürcüstanda doğulub böyümüş Zəlimxan Məmmədlinin Gürcüstana, yəni, yaxın doğmalarının yaşadığı ikinci vətəninə girişinə Gürcüstan DİN tərəfindən qadağa qoyulması məsələsidir. Bu gözlənilməz və təəccüblü qadağa artıq heç bir tutarlı izahsız 2 ilə yaxındır ki, davam edir və Azərbaycanda və Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ictimai rezonansa səbəb olub.

Bununla əlaqədar edilən müraciətlərə Gürcüstan Daxili İşlər Nazirliyinin iki rəsmi cavab sənədi hüquqi baxımdan bir-birini təkzib edir. Gürcüstan DİN aparatının məktubunda qadağaya səbəb kimi Gürcüstanın "xarici və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun 11-ci maddəsinin 1-ci bəndinin "e” kiçik bəndi göstərilib. Bu bənddəki maddə isə belədir: "... əgər həmin şəxsin Gürcüstanda olması gürcüstan dövlətçiliyinə, ya da ictimai asayişə, digər şəxslərin sağlamlığına, hüquqlarına və qanuni maraqlarının müdafiəsinə təhlükə yaradarsa...”

Gürcüstan sərhəd-keçid məntəqəsindən ölkə içinə buraxılmadığı gün, yəni, 19. 02. 2014 tarixdə DİN patrul-polisinin Z. Məmmədliyə verdiyi "Ölkəyə girişə qadağa aktında” isə, tamam başqa bir səbəb göstərilib. Bundan başqa, əgər Z. Məmmədlinin Gürcüstandakı yaşam və fəaliyyətindəDİN göstərdiyi əməllər olmuşsa, həmin qanunpozuntu faktları niyə göstərilmir və ona qarşı nə üçün vaxtında yerindəcə lazımı inzibati və ya cinayət təqibi qaydasında tədbirlər görülməmişdir?

Beləliklə, Z. Məmmədlinin Gürcüstana buraxılması qadağasınınrəsmi məntiqsiz və izaha uygun olmayan əsassız iddialar üzərində qurulması ortlığa çıxır. Bu da təbii ki, qadağa qərarının hüquqi yox, siyasi qərəz müstəvisində verilməsinə zəmin yaradır.Zəminlər isə:

- Z. Məmmədlinin "Borçalı” cəmiyyətinin sədri olmaqla ictimai fəaliyyətinə;

- bu cəmiyyətin Gürcüstan ərazisində yaşayan və tarixən "Borçalı camaatı” adlanan yüzminlərlə azərbaycanlı toplumununvarlığı, sivil qanuni yaşamı üçün çalışqanlığına;

- həmin toplumun da, Gürcüstandatarixi, milli, etnik, mədəni və inkişaflı subyekt kimi varlığına bəzi Gürcüstan siyasi hakimiyyət dairələrinin qısqanclığı və yaxud, hansısa virtual təhlükədən özünüsığortası kimi fikirlər yarada bilir.

Cənab Prezident.

Göstərilənlərlə əlaqədar, bir obyektiv müstəqil araşdırmaçı kimi Sizə açıq, qəti və səmimi fikirlərimi bildirmək istərdim.

1. Zəıimxan Məmmədli Azərbaycan milli-demokratik hərəkatının rəhbərliyində mövqe tutmuş, vaxtilə vacib dövlət vəzifəsində çalışmış, bu gün "Borçalı” adlı xüsusi ictimai tutuma və gücə malik xoşməramlı təşkilatın rəhbəri, Gürcüstan azərbaycanlıları arasında xüsusi hörmətə malik, və eyni zamanda yüksək ixtisaslı, çoxillik təcrübəli həkim, xeyirxah insan kimi səciyyələnir. Bunula da o, öz fəaliyyətvə hərəkətlərində heç vaxt, heç bir ölkənin və eləcə də, Gürcüstanın qanunlarını pozmaz. Belə bir pozuntu sadəcə bu insanın uzun illər boyu sınaqdan çıxmış təbiət və keyfiyyətinə uygun deyil. Ona görə, elə ilk cavabından Gürcüstan DİN Z. Məmmədliyə qarşı qadağa tədbirini əsaslandıra bilməyib, qərəzli diskriminasiya mövqeyinə keçmişdir.

2. "Borçalı” cəmiyyəti Azərbaycan və Beynəlxalq qanunları çərçivəsində fəaliyyət göstərir. Bu cəmiyyətin Gürcüstan ərazisində yaşayan çoxminli azərbaycanlı toplumuna göstərdiyi qaygı, orada indiyədək təşkil etdiyi bütün milli-mədəni tədbirlər Gürcüstan qanunlarına uygun olub. Yerli hakimiyyət orqanları ilə razılaşdırılıb və Gürcüstan tərəfdən hər hansı rəsmi və ya qeyri-rəsmi iradlarla üzləşməyib. Cəmiyyətin bütün tədbirlərində yalnız Gürcüstanın dövlət bütövlüyü və milli-mənafeyinə hörmət, Gürcüstan-Azərbaycan xalqları dostlugu və mehruban qonşuluq əlaqə-münasibətləri əsas mövqe kimi sərgilənib.

3. Gürcüstandakıyüzminlərcə azərbaycanlı etnik toplumu özünü Gürcüstan milli toplumunun xoşməramlı hissəsi hesab etməklə, Gürcüstanı öz doğma, bölünməz vətəni hesab edir. Onun dövlət və milli mənafiyinə, qanunlarına hörmət etməklə öz milli varlıq və xüsusiyyətlərini beynəlxalq hüquqi normalara uygun olaraq qoruyub saxlayır və inkişaf etdirirlər. Bütün bu hüquqlar BMT-nın Baş Assambleyasının milli-etnik azlıqlar barədəki 18 dekabr 1992-ci il 47/135 saylı qətnaməsində yer alır. Gürcüstan ərazisində yaşayan çoxyüzminlik azərbaycanlı toplumu tarixin ən çətin sınaqlı dövrlərində nəinki, hansısa separatizm və digər dagıdıcı mövqe sərğıləmiş, əksinə, öz milli varlıqlarına göstərdikləri qaygı qədər də, yaşadıqları Gürcüstan dövləti və xalqının varlıq və təhlükəsizliyi qaygısında dayanmışdır.

4. Gürcüstana qonşu olan Azərbaycan dövləti və xalqı iki ölkə və xalqlar arasında həmişə dostluq və mehriban qonşuluq münasibətləri tendensiyasını qoruyub saxlayıb. Tarixin çətin dövrlərində, iqtisadi böhran, xarici intervensiya anlarında Gürcüstan dövləti və xalqına hərtərəfli yardımlarını əsirgəməmiş, öz qonşuluq, qardaşlıq borcunu yerinə yetirmişdir. Bu iki dövlət və xalq arasında heç zaman hansısa bir sahə üzrə mübahisə və münaqişə olmamışdır. Çünki buna əsas da yoxdur. Çünki, hər iki dövlət və xalqın regiondakı varlığı və inkişafı qarşılıqlı faydalı olaraq, hər iki tərəf üçün vacibdir.

Bunları sadalamaqda məqsədim, Z. Məmmədlinin və onun rəhbərlik etdiyi "Borçalı” İctimai Birliyinin öz fəaliyyətinin nəinki, Gürcüstanın mənafeyinə qarşı yönələ bilməsini, əksinə, hər iki dövlət və xalqın dostluq münasibətlərində müsbət xidməti ola biləcəyini vurgulamaqdır. Əks halda, yəni, bu Birliyin fəaliyyəti, bəzi Gürcüstan siyasi dairələrinin düşündüyü kimi pozuculuq məqsəd və məramlı olsaydı, Azərbaycan dövlət orqanları buna imkan verməzdi, Azərbaycan vətəndaş cəmiyyəti, ziyalıları-alimləri və bir sıra Dünya Azərbaycanlıları təşkilatlarıbu Birliyin təəssübünü çəkib, narahat olub Gürcüstan rəhbərliyinə çoxsaylı müraciətlər etməzdi.

Cənab Prezident.

Bununla belə, nəzərinizə onu da çatdırım ki, Z. Məmmədlinin hüquqlarının pozulması məsələsi ilə əlaqədar hüquqi müstəvidə mübarizə davam etdirilir. Gürcüstan DİN-nin Z. Məmmədliyə qarşı qanunsuz və haqsız əməlindən Gürcüstan məhkəməsinə şikayət hazırlanıb. Bu haqsızlıq davam etdiyi halda,proses daha yuxarı məhkəmə instansiyalarınavə nəhayət, Avropa İnsan Haqları Məhkəməsinə qədər davam edəcək.

Digər tərəfdən, Gürcüstan hakimiyyət orqanlarının bu məsələdə siyasi qərəzi göründüyü və bu ədalətsizliyin "Borçalı”İctimai Birliyinə və ümumən, Gürcüstandakı azərbaycanlı toplumunun mənafeyinə qarşı yönəlməsi aydınlaşdığıüçün,ictimai-siyasi müstəvidə və beynəlxalq tədbirlər səviyyəsində də mübarizə davam edəcək.

Sizdən xahişim budur ki, müstəsna səlahiyyətli Gürcüstan dövlət başçısı kimi,göstərilən kobud insan, ictimai birlik və milli-etnik azlıq haqqı pozuntusuna yol vermiş Gürcüstan DİN və digər aidiyyətli dövlət siyasi orqanlarının törətdiyi görünməmiş özbaşınalığa son qoyulmasına göstəriş verəsiniz. Çox ümid etmək istərdim ki, süni və yersiz yaradılmış bu konflikt Sizin müdaxiləniz və təsirinizlə öz ədalətli həllini tapsın.

Dərin ehtiram və hörmətlə,

İlqar Altay


Digər xəbərlər
SON XƏBƏRLƏR