“YUĞ”, “PANTOMİM”, “MULTİKULTURALİZM”, mim, mim, mim…

img

23-01-2016 [12:24]


"Ümumiyyətlə bu adlar bəzi adamlarla assosiasiya olur axı, bu da ayrıca bir şüuraltı hoqqa, semantik həngamədir ki, gücü qarşısında dayana bilmirsən. Məsələn kimsə yan-yörədə Rahib Azəri deyəndə dərhal araqçın və əsa, Vidadi Həsənov deyəndə təndir, Vaqif İbrahimoğlu deyəndə epoxa, Ərtoğrul Kamalov deyəndə dəmir qapı Dərbənd, Aqil Abbas deyəndə soğan yadıma düşür.”

Bu multikultiralizm çox qəribə bir zaddır. Hətta o qədər qəribə ki, özü qarışıq, yəni qarışıq mədəniyyətlilik olan bu zad bəzən elə onunla məşğul olanları da bərk qarışdırır. Onsuz da zəmanə başdan-başa qarışıb. İndi düşünün ki, bu qarışıqlığın içində meydana bir zad gəlir və onun ümumiyyətlə kosepsiyasının mahiyyəti eleə qarışıqlıq olur. Çətindir, çox çətindir. Yeri gəlmişkən, multikulturalizm dedim, Kamal Abdulla yadıma düşdü. Dəyərli ziyalı və bacarıqlı məmur. Həm yazıçı, həm müşavir. Yəni bildiyiniz qarışıq, ancaq bəlli sərhədləri olan işlər. Bəzən də bu sərhədlər itir. Məsələn, Lütfizadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsindəki kimi. Kəskin sərhədlər mövcudluğunu itirir və keçidlər sürüşkənləşir, hal hala, rəng rəngə, nəsnə nəsnəyə, şey şeyə asanlıqla keçid edir, qarışır. Lənətə gəlsin, yenə gəlib çıxdıq bu qarışıq məsələsinə. Özüm də qarışdırdım tamam…

Hə, onu deyirdim ki, Kamal Abdullanın adını harada eşitsəm, multikulturalizm yadıma düşür, yaxud da əksinə, multikulturalizm deyəndə Kamal Abdulla. Bu zəhirmar sərhədlər, hətta düşüncə sərhədləri bəzən o qədər qarışır ki, marketdə biri qarışıq meyvəli şirə istəyəndə və yaxud bir kafedə müştərinin qarışıq meyvəli şirə, yəni multi sifariş verdiyini görəndə çox vaxt yenə yadıma multikulturalizm düşür. Tərs kimi, həkimə də gedən zaman diqanoz nə olur-olsun, dərman siyahısında birinci multivitamin yazır. Ümumiyyətlə bu adlar bəzi adamlarla assosiasiya olur axı, bu da ayrıca bir şüuraltı hoqqa, semantik həngamədir ki, gücü qarşısında dayana bilmirsən. Məsələn kimsə yan-yörədə Rahib Azəri deyəndə dərhal araqçın və əsa, Vidadi Həsənov deyəndə təndir, Vaqif İbrahimoğlu deyəndə epoxa, Ərtoğrul Kamalov deyəndə dəmir qapı Dərbənd, Aqil Abbas deyəndə soğan yadıma düşür. Ələlxüsus da bu sonuncu. Qarabasma kimi izləyir məni bu aralar. Bax yenə ucundan tutub getdim ucuzluğa. Onu deyirdim axı, ki, bu multikulturalizm əcəb qəribə bir zaddır. Əcaib və qəraibliyi bundadır ki, onun qarışıqlığı bir çox mətləbləri də kökündən qarışdırıb. Xoşbəxtlikdən də bu il məmləkətimizdə multikulturalizm ili elan edilib. Məni çaşdıran isə başqa məsələdir. Daha dəqiq desəm "YUĞ” adlı bir teatrın, özü də dövlət teatrının bu qarışıq məsələsi…

Hal-qəziyyə bundan ibarətdir ki, "YUĞ” Dövlət Teatrına yanvar ayının sonuna qədər yerləşdiyi binanı tərk etmək göstərişi verilib. Səbəb kimi də göstərilir ki, bəs bina baş plana düşüb və söküləcək. Mədəniyyət və Turizm Nazirliyi isə teatra "olanımız budur, yoxa lənət” prinsipi ilə Əhmədlidə yerləşən fəaliyyətini dayandırmış köhnə bir kitabxana binası təklif edib. Teatrın direktoru isə mətbuata açıqlamasında deyib ki, vallah getdik baxdıq, heç iti bağlasan it də orada durmaz. Yəni əslində o, elə deməyib. Sadəcə mən mətləbin məzmununu milli köklərə dayanaraq mental təsvir vasitəsilə hüzuri-şərifinizə yetirirəm. Axı bu il məhz multikulturalizm ilidir. Multikulturalizm isə milli köklərə dayanaraq zərərli olmayan bütün məzhəb və mədəniyyətlərə qucaq açılmasıdır. Hərçənd ki, qucağımız hərdən o qədər açıq olur ki, ora yad ünsürlər də düşür və yaxud ən yaxşı halda soyuq alır. Ancaq bu dəfə elə bir şey baş verməyib. Verməyib deyəndə ki, ondan betəri baş verib. Yad mədəniyyət filan bir qırağa, indi gülləyə gələn məhz bizim özümüzün mental köklər üzərində modern estetikaya uyğun qurulan bir mədəniyyət ocagımız – "YUĞ” teatrıdır. İndi görürsüz necə qarışıqdır?!... Dayanın, hələ bitmədi. İcazənizlə bir qurtum su içib davam edirəm. Lənətə gəlmiş bu suyu da o qədər qarışdırıblar ki...

Hə, deməli, teatrın kollektivinə deyiblər ki, çıx, sökürük. Sonradan məlum oldu ki, sən demə əslində tarixi binada yerləşən teatr binasını sökmək üçün Bakı Şəhər İcra Hakimiyyəti AMEA –nın "Tarixi-memarlıq abidələrinin qorunması və bərpası” idarəsinə bildiriş göndərib. Həmin şöbə isə bildirişə rədd cavabı verib. Hətta şöbənin rəhbəri Rahibə Əliyeva mətbuata müsahibəsində qeyd edib ki, binanın sökülməsi birbaşa Nazirlər Kabinetinin qərarına ziddir. Çünki bina dövlət tərəfindən himayə olunur, ona toxunulması birbaşa qanunsuzluqdur. İndi mən ha düşünürəm ki, buradan bir mətləb ortaya çıxarım, çıxara bilmirəm. Axı necə ola bilər ki, dövlətin bir orqanının qərarı digəri ilə uzlaşmasın, yaxud bunlar bilərəkdən qarşı-qarşıya qoyulsun. Aqil Abbas demiş burada bir az təxribat da var. Məsələ həqiqətən qarışıqdır. Çünki teatrın fəaliyyəti bir yana, binanın tarixi abidə olmağı da bir başqa dərddir. (Deyirəm bizimki bu tarixlə heç düz gətirmir də. Həmişə bir qəmbərqulu çıxarır bu tarix.) Eyni zamanda teatr üçün ayrıca bir binanın inşa olunması ilə də bağlı heç bir rəsmi göstəriş yoxdur. Halbuki bu teatrın estetikasını nəzərə alsaq deyə bilərik ki, onun fəaliyyəti üçün elə də həngamə bir şey lazım deyil. Şəhər mərkəzinə yaxın xudmani bir uyğun bina inşa olunsa, teatr çox rahatlıqla fəaliyyətini davam etdirər. Bunun üçün böyük maliyyə vəsaiti də gərək deyil. Məsələ isə burasındadır ki, bunların haqqında danışan belə yoxdur. Dalana dirənən isə binəva mədəniyyət - teatrdır. Aydın Talıbzadə demiş çox şələküm-mələküm bir vəziyyətdir...

Nə başınızı ağrıdım, qısası milli deyimlə desək "MIX”a keçmişik. "MIX” yəni bildiyiniz "mix” (miks) qarışıq deməkdir. Milli deyimlə isə ona görə deyirik ki, bu il məhz multikulturalizm ilidir. "MIX”, yəni qarışıqlıq isə multikulturalizmin əsas leytmotividir. Mətləbi qarışdırmamaq üçün qayıdıram məsələyə. Məsələ deyəndə ki, məsələ artıq məsələlikdən çıxıb olub yepyekə bir qara dəlik. Elə bir dəlik ki, ağına-bozuna baxmır, qarşısına nə çıxdı udur, ləkələyir. Artıq hadisənin miqyası böyüməkdə və adi bir səhv ucbatından ölkə miqyasını aşmaqdadır. Çünki dünyanın müxtəlif yerlərində - Amerikada, Avropa ölkələrində, qonşu Gürcüstanda, Türkiyədə yaşayan, eləcə də ölkəmizdəki bir çox sənətçilər Azərbaycanda baş verən bu hadisəyə sivil etirazını bildirir və 2016 – cı ilin ilk ayı girər-girməz dərhal "MIX”a keçən "YUĞ” teatrının binasının sökülməməsi ilə bağlı çağırışlar edir, videomüraciətlər hazırlayır. Qardaş Türkiyədən isə Beynəlxalq Aktyorlar Federasiyası (FİA) üzvü və Türkiyə təmsilçisi TOBAV Dövlət Teatrı Opera və Balet İşçiləri Yardımlaşma Vəqfinin idarə heyəti birbaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə "YUĞ” teatrının fəaliyyətini və beynəlxalq teatr aləmindəki nüfuzunu nəzərə alaraq sökülməsinin qarşısının alınması üçün məktub ünvanlayıb. Bizim TXİ dən (Teatr Xadimləri İttifaqı) fərqli olaraq Türkiyə Teatrlar Birliyi də məsələyə münasibət bildirib. Yeri gəlmişkən bizim TXİ isə hələ də mıxla "MIX”ın fərqini ayırd edə bilmir, evi tikilmişlər həmişə qarışdırır. Amma onları da başa düşmək olar. Keçid dövrü həmişə bir az keşməkeşli olur. Ancaq ümid edək ki, bir gün bizim TXİ də modern prosesin təsiri nəticəsində "MIX” sisteminə keçəcək və əsl sənət - həyat reallıqları ilə üz-üzə qalıb öz fəaliyyətində bunu dolğun şəkildə əks etdirəcək. Paralel olaraq Türkiyədə sosial şəbəkələırdə artıq bir çox sənətçilər və mədəniyyət-teatr təmayüllü səhifələr bu məsələni davamlı olaraq qabartmaqda və etiraz etməkdədirlər. O zaman sual oluna bilər ki, kimə lazım idi bu həngamə? Hər şey bir yana, axı bu, illərdir beynəlxalq layihələr həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin də, onun fonunda 2016 – cı ili multikulturalizm ili elan etmiş Azərbaycan respublikasının beynəlxalq mədəni nüfuzuna da birbaşa zərbədir. Adama deməzlərmi ki, öz torpağında tarixi, mədəniyyəti qoruya bilməyən bir ölkə yad mədəniyyətlərə necə qucaq aça bilər. Bəli, deyərlər, hələ o tərəfə də keçərlər. Amma əslində belə deyil axı. Bəlkə elə sənin, mənim, bizim borcumuzdur ki, kim harada və hansı yolla bacarsa bu dərdi böyüklərimizə - mədəniyyətimizin, mənəviyyatımızın, tariximizin, dövlətimizin böyüklərinə duyursun! Duyurmasaq biz də olarıq biganə. Biganəlik isə bütün bəlaların başı deyilmi?! Axı tarixi də, mədəniyyəti də, ölkəni də qorumaq hər bir vətəndaşın borcudur. Bəli, vəziyyət çox qəlizdir. Bu vəziyyətdən çıxmaq üçünsə "DÖT” lazımdır. Xatırlayırsınızsa bir milli teletamaşamızda da məhz belə deyilirdi - "DÖT” – yəni Dövlət Təminatı. Çünki ancaq dövlət təminatı sayəsində bu məsələlərin öhdəsindən gəlmək olar. Nə olar ki, mühəndislər də insandır da, bəlkə bilməyiblər, bir səhvdi ediblər, plan hazırlayıblar, tarixi və mədəni faktorları və onun fonunda yarana biləcək digər nüansları nəzərə almayıblar,ya bəlkə buna məcbur qalıblar və.s, olur da. Qul xətasız, ağa kərəmsiz olmaz. (Bax necə yerinə oturdu, bu da millidir axı.) Ancaq əsas olan nəticədir. Nəticəyə çatmaq üçünsə bəlli bir yola gərək var. Məsələn, mənim yolum bu yazını yazmaq və məsələnin anbaan genişlənməkdə olan miqyasının xoşagəlməz nəticələrindən bunu oxuyan hər kəsi, xüsusilə də yuxarıda qeyd etdiyim kimi böyüklərimizi xəbərdar etməkdir. Onsuz da bəzi bəlli dərdlərimiz özümüzə bəsdir. Yeni həngamələr heç kəsə lazım deyil. Bircə bizi istəməyənlərdən başqa. Elə isə gəlin əl-ələ verib qara bizi basınca biz qaranı basaq. Özü də elə basaq ki, bir də səsi çıxmasın. Yoxsa kimlərsə onsuz da hər fürsətdə aranı qarışdırmağa hazırdır. Tfu, lənət şeytana, yenə qarışıqlıq, yenə qarışdırmaq... Əcəba çoxmu qarışdırdım?!...

Kamal Yaşar (multikulturalist qələmbaz)


Digər xəbərlər
SON XƏBƏRLƏR