Elza Seyidcahanı məsciddə döymək istədilər

img

25-10-2015 [15:43]


"Barəmdə qadına yaraşmayan təhqirlər edir, təzyiqlər göstərir, seçicilərimə və mənə hədə qorxu gəlir, açıq-aşkar üstümüzə hücum çəkirlər”.

Bu sözləri 54 saylı Şabran-Siyəzən dairəsindən deputatlığa namizəd, əməkdar artist Elza Seyidcahan musavat.com-a bildirib.

Namizədin dediyinə görə, ona qarşı fiziki və psixoloji təsir göstərənlər adıçəkilən dairənin hazırki deputatı, namizəd Tahir Süleymanov və digər namizəd Etibar Heydərovun "adamları”dır:"Seçki təbliğat-təşviqat kampaniyasına uyğun seçicilərimlə mütəmadi görüşlər keçirməyə çalışıram. Görüşüb söhbət etmək istəyirəm ki, naməlum adamlar gəlib, insanları qovur, görüşümüzü dağıdır, seçicilərin üstünə qışqırıb deyirlər ki, "bilmirsiz sizin öz deputatınız var?!”. Bir sözlə, mənə görüşlər keçirməyə imkan vermir, qarabaqara maşınla izləyir, hədələyirlər.

Məlum olur ki, namizədlər Tahir Süleymanov və Etibar Heydərov seçiciləri ilə görüşdə şərəf və ləyaqətim barəmdə olmazın təhqir və böhtanları deyir, guya mənim "Azərbaycan qadını adına ləkə gətirən bir qadın” olduğumu bildirirlər. Onlar seçki təbliğatını qanuna uyğun olmayan şəkildə məktəblərdə, dövlət müəssisələrində aparır, görüşlər keçirirlər. Mənim əlimdə onların uşaq internat məktəbində barəmdə təhqiramiz ifadələr işlətdiyini əks etdirən audio yazı var. Lazım gələrsə, həmin audio yazını mətbuata təqdim edə bilərəm”.

Əməkdar artist Aşura günündə Siyəzən məscidində fiziki təzyiqə məruz qaldığını deyib:"Ötən gün Aşura idi. Adətim üzrə həmin gün məscidə getdim. Qadınlarla birgə mərsiyə deyirdik ki, bir oğlan qadınların arasına girib, üstümə gəlib dedi ki, siz qanunsuz olaraq burda seçki təbliğatı keçirirsiz. Bildirim ki, mən seçki üçün deyil, Aşura mərasimi üçün gəlmişəm. Hətta qadınlar da oğlanın hərəkətinə əsəbləşib, ona etiraz etdilər. Birdən oğlan mənə tərəf yumruq atmaq istədi, bu zaman qadınlar araya girib onu qovdular. Məscidin axundu da bu məsələdən çox narahat oldu. Həmin oğlanı isə tanıyan olmadı, məlum oldu ki, rayon sakini deyil. Xoşagəlməz olayla bağlı mühafizə orqanlarına şikayət etdim”.

Əməkdar artist qarşılaşdığı daha bir ilginc olaydan da bəhs edib:"Bu günlərdə yolum Şabran rayonun Ağalıq kəndinə düşdü. Orada bir bazar var, hansı ki, həmin bazarda daha çox məhsəti türkləri alış-veriş edirlər. Bazar əhli məni görən kimi yaxınlaşıb görüşdülər, şəkil çəkdirməyə başladılar. Bu zaman məni izləyən naməlum şəxslər hay-küy qoparıb adamları dağıtmağa başladılar. Dedilər ki, "sizin deputatınız məlumdur, yoxsa sizi bu bazara həsrət qoyarıq”. Onların sözlərindən belə çıxırdı ki, rayon icra hakimiyyətinin özü bu barədə onlara tapşırıq verib deyib ki, mənim kəndlərə getməyim yasaqlansın.

Qanunla millət vəkilini icra hamiyyəti deyil, xalq seçir. Belə çıxır ki, bəzi adamlar milət vəkili statusunu özlləşdiriblər? Bəs onda beş ildən bir seçkilərin keçirilməsi nə üçündür?

Bazar cammatı onları qovdular, həmin adamlar maşına minib qaçdılar. Mən onların maşınlarının şəkillərini çəkib nömrələrini qeyd etdim. Bazar əhli onların qarşısında geri çəkilmədilər, bu, məni çox sevindirdi”.

Namizəd ona qarşı edilən təzyiq və təhqirlərə görə mətbuat orqanlarına səslənib:"Mətbuat vasitəsilə mənə qarşı edilən antikampaniya barəsində etirazımı bildirirəm. Mən əməkdar artist adını danışıyıram, bəstəkaram, ən əsası isə anayam. Haqqımda çox iyrənc kampaniya aparırlar. Rayonda bəzi insanları yüzbaşı təyin ediblər. Həmin yüzbaşılar seçki günü hərəsi yüz nəfər gətirib, seçki qutusuna kağız atmalıdırlar. Əminən ki, prezidentin bunlardan xəbəri yoxdur və mənim etiraz səsimdən sonra həmin şəxslərin barəsində lazımi tədbirlər görüləcək.

Millət vəkilinin vəzifəsi yarım kilo kəpək, bir kilo ət paylamaq deyil. Onlar insanların hüquqularını qorumalıdırlar. Bütün manelərə baxmayarq seçki təbliğatıma davam edəcəm, seçicilərimin etimadını layiqincə doğruldacam”.

Qeyd edək ki, bir müddət bundan öncə əməkdar artist musavat.com-a açıqlamasında bildirmişdi ki, onun ilk qərargahı hədə-qorxu nəticəsində ləğv olunmuş, seçki kampaniyası üçün lazım olan büklet və plakatlar yağışlı havada çölə atılmışdı. Namizəd təzyiqlər üzündən yalnız bir neçə gün sonra qohumunun evində qərargah aça bildiyini demişdi.

Xartırladaq ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüş E.Seyidcahanın namizədliyini dairə seçki komissiyası qeydə almamışdı. Lakin sonradan Mərkəzi Seçki Komissiyasının qərarı ilə əməkdar artist E.Seyidcahanın (Qasımova) namizədliyi şikayəti əsasında qeydə alınmışdı.

Yazıda adı hallanan şəxslərin də mövqeyini öyrənməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR