Azərbaycanda virus yayılıb - Xəbərdarlıq

img

09-10-2015 [23:31]


Son günlər mövsüm dəyişikliyi ilə əlaqədar insanlar arasında qrip və ya buna bənzər xəstəliklərə yoluxanların sayı xeyli artıb. Bu xəstəlik əsasən burun tutulması, boğaz ağrısı, baş ağrısı, qızdırma və bu kimi hallarla özünü büruzə verir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az-a açıqlamasında bildirib ki, bu cür xəstəliklər daha çox insanların iqlim şəraitinə uyğun geyim formasını düzgün seçməməsi ilə əlaqədar baş verir.

Həkimin sözlərinə görə, hava dəyişərkən orqanizmin üzərinə müdafiə reaksiyaları üçün çox ciddi bir yük düşdüyünü nəzərə almaq lazımdır:

"Bu prosesi sağlam adamlar normal keçirə bilir, amma müxtəlif xroniki xəstəlikləri olan, hamilə qadınlar və s. immunitet sistemində problem olanlar mövsüm dəyişikliyinə hazır olmadıqları üçün müxtəlif problemlər yaşayır. Sovet dövründə buna kəskin respirator xəstəlik deyilirdi.

Kəskin respirator xəstəlik qripə bənzər bütün yuxarı tənəffüs yollarının xəstəliklərini özündə cəmləşdirir. Bu adı ona görə ümumiləşmiş qoymuşdular ki, bu konkret bir xəstəlik deyil. Kəskin respirator xəstəlik o deməkdir ki, yuxarı tənəffüs yollarında normada 15-dən yuxarı infeksiya var. Onlar adi halda xəstəlik törətmirlər. Amma soyuqdəymə olduqda, müqavimət aşağı düşdükdə həmin mikroblar fəallaşır və yuxarı tənəffüs yollarının zökəm, burun axması, asqırma, boğazın şişməsi və s. qripə bənzər əlamətlərlə müşahidə olunan xəstlikləri baş verir”.

Həkim bildirib ki, bütün bu cür xəstəlikləri el arasında qrip adlandırırlar: "Amma əslində bu qrip deyil, müxtəlif mənşəlli kəskin respirator xəstəliklərdir. Bu xəstəliklər soyuqdəymə xəstəlikləridir. İnsanlar bəzən bunu keçirdirlər və ondan sonra müxtəlif ağırlaşmalar qalır. Qrip infeksiyası daha çox bu vaxtlar artır. Əslində qrip virus infeksiyasıdır. Bu karantin infeksiyalar qrupuna aiddir və Ümumdünya Səhiyyə Təşkilatının raportu ilə həmin infeksiyalar əhaliyə məlumat verilir və bunların epidemiyası ilə bağlı mütləq əhali məlumatlandırılır. Qalan hallarda isə söhbət kəskin soyuqdəymələrdən gedir. Bu baxımdan əhali bunu nəzərə almalıdır”-deyə A.Qeybulla vurğulayıb.

Bəs bu virusdan necə qorunmaq olar?

Siz yayda bədəninizi möhkəmləndirməmisinizsə və idmanı sevmirsinizsə belə, bəzi yeməklərin hesabına siz soyuqdəymədən yaxa qurtara bilərsiniz.

1. Adi su
Ən sadə və ucuz «dərmandır». Maddələr mübadiləsini gücləndirir, orqanizmdəki hər cür toksinləri əridərək kənara çıxarır. Ona görə də çoxlu su içməyi unutmayın. Hətta isti çay və qəhvə istəyəndə, belə suyu unutmayın. Çünki kofeinli içkilər susuzluq yaradır. Ona görə də hər 100 q çayın üstündən əlavə 150 q su için.

2. Qripin profilaktikası üçün çaylar
Onlar müxtəlif cür ola bilərlər - başınağacı, moruq, qarağat, limon, bal və zəncəfilli çaylar için. Zəncəfil çayını belə hazırlayın: bir stəkan üçün 1 çay qaşığı zəncəfil götürün, üzərinə qaynar su tökün və ağzını örtün, əldə edilmiş çaya limon və bal əlavə edin.

3. Təbii arı balı
İmmuniteti düzəltmək üçün ən yaxşı məhsullardandır. Çayla və limonla əla uyğunlaşır. Amma balı qaynar suya tökmək olmaz, çünki tərkibindəki aktiv maddələr xüsusiyyətlərini itirir. Balı həm də alma və kəsmiklə də yemək olar.

4. «Canlı yoğurtlar», qatıq-süd məhsulları
Lakto və bifidobakteriyalı bioyoğurtlar yalnız daimi çəkini qorumaqla yanaşı deyil, həm də mədə-bağırsaq traktının sağlamlığına və güclü immun sisteminin olmasına yardım edir. Amerika və Avropa alimlərinin son araşdırmaları göstərir ki, probiotiklər uşaqlarda qrip simptomlarını: temperaturu, öskürəyi və burun axmasının qarşısını alır.

5. Yarmalar
Bu əla vitamin və mikroelement mənbəyidir, xüsusilə sink və selenlə zəngindir. Ekspertlər iddia edir ki, qidada sellülözu çox olan taxıl məhsullarının istifadəsi orqanizmin müqavimətini artırır. Bunlar yulaf, arpa və qarabaşaq yarmalarıdır.

6. Meyvə və tərəvəz
Qriplə effektiv mübarizə üçün həkimlər tərkibində vitaminlər, minerallar, sellülöz və fitonutrientlər bol olan meyvə və tərəvəzləri yeməyi məsləhət görür. Burada şəksiz lider sitrus bitkiləri, limon, mandarin və portağaldır. Pomidor, nar, qreypfrut, həmçinin qırmızı kələm və quşüzümü immuniteti gücləndirir. Kök və balqabaq da beta-karotin, alfa-karotin, lütein, kversetin kimi elementlərin hesabına immuniteti gücləndirir.

7. Kələm turşusu
Askorbin turşusunun ən ucuz və geniş yayılmış mənbəyidir. Günəbaxan yağı, göy və baş soğanla birlikdə güclü vitamin toplusudur.

8. Sarımsaq
İmmunitetin bu iyli «dostu»nun tərkibində təbii antibiotik allisin var. Bir sıra tədqiqatlara görə, qripdən və soyuqdəymədən sonrakı fəsadların qarşısın alır.

9. Mal əti
Yaxşı zülal, dəmir, sink və selen mənbəyidir ki, bunlar orqanizmə istənilən xəstəliyə qalib gəlməkdə yardım edir.

10. Toyuq bulyonu
Qandakı ağ cisimlərin infeksiya əleyhinə funksiyalarını artırır. Onun tərkibində demək olar ki, infeksiyanın yayılmasının qarşısını alan bütün amin turşuları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR