Nazir müavininin direktorlardan biabırçı tələbi – Aktyorları etiraza qaldırdı

img

11-09-2015 [13:49]


Xəbər verdiyimiz kimi sentyabrın 8-də Səməd Vurğun adına Rus-Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi kollegiya iclası keçirib.
İclasda çıxış edən nazir müavini Ədalət Vəliyev Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov barədə tənqidi fikirlər səsləndirib və aktyorlarla bağlı ölçü götürməsini tələb edib. Nazir müavini deyib ki, direktorun icazəsi olmadan aktyor mətbuata müsahibə verə bilməz. O, bildirib ki, müsahibə vermək istəyən aktyorlar direktorla məsləhətləşməli, nə deyəcəyinin konturlarını müəyyənləşdirməlidirlər.

Akademik Milli Dram Teatrının yaradıcı heyətinin qarşısında belə bir şərt qoyulsa, aktyorlar hansı addımı atar?



Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllibova AzNews.az-a açıqlamasında bildirib ki, demokratik bir ölkədə yaşayan aktyorun qarşısında belə bir şərtin qoyulmasını mümkünsüz hesab edir:"Hansı ölkədə yaşayırıq ki, bizə elə söz deyən olsun. Demokratik bir ölkədə yaşayırıq. Əgər prezident televiziya ilə xalqa müraciət edib deyirsə ki, insanların dərdi, problemləri varsa, bunlar deyilməlidir, biz niyə deməyək? Niyə susaq? Bu da bizim, teatrın problemləridir. Problem varsa danışacayıq”.




Əməkdar artist Mehriban Xanlarova isə bildirib ki, onun azadlığını, mətbuata çıxışını heç kəs əlindən ala bilməz:"Mənin söz azadlığım var. Onu heç kim mənim əlimdən ala bilməz. Mən ağılı-şüuru başında olan bir aktrisayam. Müstəqil, demokratik bir dövlətdə yaşayıram. Müstəqilliyimi kimsə mənim əlimdən ala bilməz. Bizim də söz demək haqqımız var. Allahdan başqa heç kəsdən qorxmuram. Lazım olan yerə də sözümü demişəm və deyəcəm də”.




Məsələ ilə bağlı nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun da münasibətini öyrəndik:"Bəli, 8 sentyabr tarixində bizim nazirlik teatr-konsert müəssisələrinin rəhbərləri ilə geniş müşavirə keçirib və orada Ədalət Vəliyev çıxış edərək, onlara tapşırıb ki, mətbuatla daha peşəkarcasına iş qursunlar. Həmçinin nazirliyimiz bütün teatr-konsert müəssisələrinin mətbuat xidmətlərinin rəhbərlərinə treninq keçirməyi öz öhdəsinə götürüb. O ki, qaldı teatr rəhbərlərinin bir-birləri ilə yerdəyişmə məsələsinə, bu sadəcə təklif formasında olub və sadəcə bu barədə müzakirə keçirilib. Nazirliyin rəhbərliyi ilə bağlı istədiyiniz suallara cavabı ictimaiyyətlə əlaqələr şöbəsindən ala bilərsiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR