Mikayıl Cabbarov əmr verdi: Yeni qaydalar təsdiqləndi

img

10-09-2015 [12:53]


2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Təhsil nazirinin əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.

Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR