"Bu dövləti övladlarıma necə sevdirim axı?

13-08-2015 [15:34]

Nadir QOCABƏYLİ, Tərcüməçi-yazar


1 saat əvvəl Yol Polisi saxladı. Aramızda belə bir dialoq oldu:

– Serjant Səmədov. Texniki baxışdan keçməmisiz. İndi sizə protokol tərtib olunacaq, 50 manat cərimə olunursunuz. 

– Texniki baxışın vaxtı çatıb bəyəm?

– Bəli, avqustun 1-nə qədər keçməliydiz.

– Xəbərim olmayıb, bilməmişəm, eşitməmişəm. Keçən il sentyabrda keçmişdim, səhv etmirəmsə.

– Bu il qaydalar dəyişib. Radioda, televizorda hər gün elan verilir.

– Vallah mən televizora baxmıram, radioda da eşitməmişəm.

Səmədov başını bulayır və maşına əyləşir, sonra çıxıb deyir:

– Heç bir radarınız, qayda pozuntunuz yoxdur.

Sevinirəm, elə bilirəm ki, buna görə mənə güzəşt olunacaq.

– Hə, mən heç vaxt qaydanı pozmuram, texniki baxış da sadəcə yadımnan çıxıb. Bəlkə də, bir az da kasıbçılıqnan, vaxtnan bağlıdı, imkanım, vaxtım olmayıb deyə təxirə salmışam. 

– Texniki baxış o qədər də baha deyil, – Səmədov deyir, – bu il qiymətləri salıblar.

– Doğrudan? Bax bundan da xəbərim yoxdur. Bu dəfə mənə güzəşt edin, elə günü sabah gedib keçərəm.

– Mənlik deyil, vallah, kamera çəkir.

Hiss edirəm ki, nəsə umur, amma ona nəsə təklif etmək mənlik deyil, mən belə şeyləri özümə yaraşdırmıram. Özü nəsə istəsə, bəlkə də, verərəm. 

– Qardaş, sən gəl o protokolu yazma, mən elə də imkanlı adam deyiləm, birinci dəfə üçün güzəşt olmalıdı axı...

– Görürəm varlı deyilsən, varlı olsan "Opel” sürməzsən ki, – o deyir, – amma mənlik bir şey yoxdur, qanun belədir.

– Belə qanun olmaz axı, – hirslənirəm.

O heç bir söz demədən protokolu yazıb, imzalamağımı xahiş edir. İmzalayıram. Əslini özündə saxlayıb, surətini mənə verir...

Kasıbyana maşınıma əyləşib, yoluma davam edə-edə düşünürəm. Əgər biz normal, ədalətli, vətəndaşlarının hüquqlarına, mənafeyinə, rifahına xidmət edən bir dövlətdə yaşamış olsaydıq, bütün bunlar tamamilə başqa cür olmalıydı. Mən həqiqətən xarakter etibarilə texniki, formal prosedurlara o qədər də əhəmiyyət verən adam deyiləm, odur ki, belə şeylərə hafizəmdə geniş yer də yoxdur. Mən mahiyyət adamıyam, ona görə də, məni hər şeyin, o cümlədən də, maşınımın həqiqətən texniki baxımdan saz və ya nasaz olması maraqlanırır. Hazırda mənə məxsus avtomobil nə atmosferə qara tüstü buraxır, nə də qəzaya səbəb olacaq texniki durumda deyil. Ona görə də, onu texniki baxışdan keçirmək barədə sadəcə düşünməmişəm. Əgər normal bir dövlətdə yaşamış olsaydıq, mənim bu dediklərim qanunda da öz əksini tapmalıydı və müvafiq orqanlar texniki baxışdan keçməklə bağlı mənə ən azı bir bildiriş göndərməliydilər. Əgər göndərməyiblərsə, heç olmasa, birinci dəfə cəriməsiz xəbərdarlıq olunmalıydı. Amma çox təəssüflər olsun ki, yaşadığımız ərazidə mövcud olan dövlətin amacı nə atmosferi qorumaq, nə də insanların təhlükəsizliklərini təmin etmək deyil, sadəcə onsuz da kasıb olan vətəndaşlarını soymaq, onları daha da yoxsullaşdırmaq, cüzi əmlaklarının da yavaş-yavaş əllərindən çıxmasına nail olmaqdır. Bunların amacı az təminatlı insanların avtomobil sahibi olmasına tədricən son qoymaq, əl-ayaqlarına dolaşmasınlar deyə, onları şəhərə buraxmamaqdır. Əgər belə olmasaydı, 3-4 min manatlıq avtomobil sahibiylə, 30-40 minlik və daha bahalı maşın sürənlərə tətbiq olunan cərimələrdə bir fərq olardı. 

Bahalı avtomobil sahibləri üçün 50 manat cərimə ödəmək heç nədir, odur ki, texniki baxışdan keçməyə ehtiyac belə duymurlar. Onlar üçün 50 manatı ödəmək mənim üçün 50 qəpik ödəməyə bərabər bir şeydir. Budurmu bu dövlətin ədaləti? Niyə Milli Məclisdə oturan 125 nəfər bu məsələlərə bir aydınlıq gətirilməsinə çalışmır?

Amma bizdən bu dövləti, onun bayrağını, digər atributlarını sevmək, onları uşaqlarımıza sevdirmək tələb olunur. Bizim dövlət bizdən mazoxist bir toplum düzəltmək çabasındadır: yəni mən səni əzəcəm, istismar edəcəm, səni sındıracam, amma sən məni sevəcəksən. Sevməsən, səni həbs edəcəyəm, ölkədən didərgin salacağam, cibinə nəşə atacağam, yastığının altına tapança qoyacağam və sonra da əfv dilətdirəcəyəm.

Mən bu dövləti övladlarıma necə sevdirim axı? Onlara zəhəri bal əvəzinə necə yedirdim?...

Bəri başdan deyirəm: narkotik maddələri ancaq televizorda görmüşəm, silahım isə heç vaxt olmayıb, əgər başqa yolla şərləyib tutsanız, nəyə görəsə məcbur olub əfv ərizəsi yazacağam. Amma o ərizə səmimi olmayacaq, əksəriyyətinizin vətən, bayraq, Qarabağ sevgisi kimi...



SON XƏBƏRLƏR