İqtidar qırmızı xətti də keçdi...

img

29-07-2015 [12:18]


Elbəyi HƏSƏNLİ, SÜRİX

Bu yazıya CNN-in məşhur aparıcısı Kristina Amanpurun qanadlı bir ifadəsi ilə başlamaq istərdim: "Mən inanıram ki, yaxşı jurnalistika bizim dünyamızı gözəl bir məkana çevirə bilər”. 

Amerikanın başqa bir əfsanəsi -"Tolk Show” aparıcısı Craig Ferguson da  jurnalistikanı göylərə qaldırıb: "Bir gün anladım ki, mən jurnalist deyiləm. Ona görə də mənim nə deməyimin elə bir önəmi yoxdur”.

Jurnalistikaya cəmiyyətdə rəğbət bəzən elə bir həddə olur ki, bu kimi romantik təriflər əndazəni aşır. Düşünün, Hindistan Azadlıq Hərəkatının ruhani lideri Mahatma  Qandi deyir ki, mən insanların bərabərhüquqlu olmasına inanıram, amma bu sıraya jurnalistlər daxil deyil, onlar sıradan insanlardan daha üstündürlər.

İndi isə Göylərdən Yerə enmək gərəkir. Bu işdə bizə alkoqol və narkotik aludəçisi olan Amerikanın əfsanəvi jurnalisti Hanter Stokton Tompson kömək edə bilər. Görün o, jurnalistika haqqında dəhşətli həqiqəti necə etiraf edir : "Əgər mən son 10 ildə bildiyim bütün həqiqətlər yazsaydım, onda özüm də daxil olmaqla, ən azı 600 nəfər həbsxanaya düşməliydi. Mütləq həqiqət nadir bir şeydir və istifadə üçün son dərəcə zərərlidir”...  

Jurnalistikanın təhlükəli peşə olması isə İŞİD ortaya çıxdıqdan sonra daha aydın göründü. Suriyada "Cihadçı Con" ləqəbi ilə məşhur olan terrorçu sanki jurnalistlərin başın kəsmək üçün bu dünyaya gəlibmiş... 

Dünyanın bir çox yerlərində jurnalistlərin problemi var. ABŞ prezidenti Barak Obama bu yaxınlarda bununla bağlı bəzi məqamlara toxunmuşdu. Bildirmişdi ki, dünyanın bir çox yerlərində azad mətbuat, həqiqəti gizlətmək istəyən və yaxud vətəndaşların müstəqil qərarlarına etibar etməyən hökumətlər tərəfindən hücumlara məruz qalır. Jurnalistlər təqib olunur, bəzən hətta qətlə yetirilirlər. Müstəqil kütləvi informasiya vasitələri bağlanır. Fikir ayrılığı susdurulur. Sərbəst ifadə azadlığı boğulur.

Amma orası da var ki, 2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən "WikiLeaks” saytının qurucusu Culian Assanja Fransa kimi ölkə belə ABŞ-ın qorxusundan siyasi sığınacaq vermədi. Bəllidir ki, məhz Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə nə vaxtdır ki, təqib edir.

Əlbəttə, bu fakt Amerikada mətbuat azadlığına kölgə salır. Amma Amerikada olan mətbuat azadlığının səviyyəsi qarşısında Azərbaycan kimi ölkələr son dərəcə miskin görünür...

Əgər yadınızdadırsa, Norveçdə mühacir qismində yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov  bu yaxınlarda Kristina Amanpura bir məktub göndərmişdi. O, xahiş etmişdi ki, xanım jurnalist Azərbaycanda həbsdə olan həmkarlarının azadlığa buraxılmasına köməklik göstərsin. Təəssüf ki, o müraciətdən də elə bir xəbər çıxmadı. Düzdür, İsveçrədə mühacirətdə olan Emin Hüseynovdan müsahibə götürən Amanpur canlı efirdə xeyli canfəşanlıq nümayiş etdirdi və Azərbaycan iqtidarını kəskin ifadələrlə suçladı...

Ancaq bu bir həqiqətdir ki, Azərbaycanda jurnalistlərin, xüsusən tənqidçi jurnalistlərin iqtidarla həqiqətən də ciddi problemləri var. Şübhəsiz ki, bu problemlər də süni şəkildə hökumət tərəfindən yaradılır. Elə bu səbəbdən də hazırda xeyli həmkarımız dörd divar arasında "asudə vaxt keçirməkdən zövq alırlar”. Ancaq elə jurnalistlər var ki, onlar xeyli uzaqdadır. Avropada siyasi sığınacaq alıblar. Bu sırada xaricdən yayımlanan "Azərbaycan saatı” tele-verlişinin aparıcısı Qənimət Zahid və Meydan Tv-nin rəhbəri Emin Milli iqtidar yetkililəri üçün xüsusi önəm daşıyır. Elə bunun təsirindəndir ki, Qənimət Zahidin 3 qohumun həbs ediblər,  ikisi də axtarışdadır.  Adıçəkilən şəxslər Bakıda yaşayarkən dəfələrlə təqib olunublar, ömürlərinin xeyli hissəsini də həbsdə yatmaq zorunda qalıblar. İndi isə onlara fiziki mənada əli çatmayan iqtidar yeni üsula əl atıb. Belə ki, artıq rejimə müxalif olanların qohum-əqrəbasına keçiblər. Siyasətdən bixəbər qohumları narkotik ittihamı ilə tuturlar. Bu işdə də heç bir ölçü, əndazə gözlənilmir. Amma nahaq yerə. Qırmızı xətti keçən iqtidar getdikcə hətta iqtidara cani-dildən dəstək verən adamları belə öz əleyhinə qaldırır.

Belə cinayətlərə rəvac verənlər bilməlidir ki, hər belə bir addımdan sonra Azərbaycan sivil dünyadan uzaqlaşır. Mədəni millətlər yad planetlərdə məskunlaşmağa can atırlar, bizim iqtidarımız isə hələ də "əcinnə” ovundan məst olmaqdadır. Vallah, ayıbdır. 

Cənablar, Azərbaycan Şimali Koreyadır, yoxsa Səudiyyə Ərəbistanı? Bunu mən soruşmuram ha, "The Washington Post” qəzeti bu günlərdə Şimali Koreyada keçirilmiş bələdiyyə seçkisində əhalinin 99,97 faizinin iştirakından yazmışdı. Dünyada olan digər absurd seçki nəticələrinə diqqət çəkən qəzet qeyd edir ki, Şimali Koreyanın tayı olan ölkələr də var. Misal kimi Qazaxıstan, Misir və Azərbaycandakı seçkilərin nəticəsi yada salınırdı...

Ümumiyyətlə "The Washington Post” Azərbaycana qarşı son vaxtlar kəskin mövqe nümayiş etdirir. Məsələn, ötən ay qəzet Səudiyyə Ərəbistanı ilə Azərbaycanı insan hüquqlarını ələ salmaqda qınamışdı. Özü də bu fikir məhz məqalənin başlığında getmişdi. ("A mockery of human rights in Saudi Arabia and Azerbaijan”.) Məqalədə yazılıb ki, bloqçu Raiv Bədəvi azad fikirlərinə görə Səudiyyə hökuməti tərəfindən min şallaq zərbəsinə və 10 illik həbsə məhkum edilib. Azərbaycanda da vəziyyət Səudiyyə Ərəbistanından yaxşı deyil…

Daha öncə isə qəzet Xədicə İsmayıl və Leyla Yunusun həbsxanadan göndərdiyi yazıları çap etmişdi. Yəni, o yazılarda səslənən ittihamları bütün dünya oxuyur. İqtidar da ən yaxşı halda "Azərbaycan” qəzetində Amerikanı yıxıb sürüyürlər.

Etiraf edək ki, Qərb mediasında Azərbaycan haqqında müsbət bir şey oxumaq çətindir. Qonşu Gürcüstan haqqında isə ancaq ehtiramla söhbət açırlar. 

Doğrudur, prezident Milli Mətbuatın 140 illiyi münasibəti ilə jurnalistlərə müxtəlif mükafatlar verir, jurnalistikanın önəmindən danışır, onun çəkisini qaldırmağa cəhd edir; digər tərəfdən də həbsxanalar jurnalistlərlə ağzına kimi doludur. Bu azmış kimi, indi də xaricdəki jurnalistlərin qohumlarına "qırmaq” atırlar. 

Bu isə o deməkdir ki, iqtidar qırmızı xətti keçir. Mənsə əminəm, müəyyən bir nöqtə var ki, ora çatdıqda geri dönmək irəli getməkdən daha məqbuldur. Hədləri aşmaq hələ kimsəyə başucalığı gətirməyib...


Digər xəbərlər
SON XƏBƏRLƏR