Sibel Canın Şəmkirdə kartof yığmağı

24-07-2015 [00:58]

İlqar Mikayıloğlu köhnə dost, dəyərli həmkardır. Onun Azərbaycanın televiziya məkanında elədiyi yenilikləri danmaq mümkün deyil. Heç bizi buna məcbur edən də yoxdur.

Ötən il ATV-də Azərbaycan qadınının ailədəki rolunu müzakirə edəndə, İlqarla fikirlərimiz toqquşdu. Mən, bəzi kişilərin həyat yoldaşlarını damın altında tək qoyub, uzaq diyarlara üz tutmağını onların xarakterindəki naqisliklə əlaqələndirəndə, həmkarım buna etiraz etdi. Dedi ki, kənd yerlərində qadınlar öz gözəlliklərinin qeydinə qalmadıqları üçün kişilər onları tərk edirlər. Həmin gün İlqar Mikayıloğlunun ən çox mübahisə doğuran fikri bu olmuşdu: "Kənd qızları ancaq toy günü gözəl görünürlər”.

Aradan bir ilə yaxın zaman keçməsinə baxmayaraq, yenə də o fikirdəyəm ki, qadının baxımlı olması ilk növbədə onun həyat yoldaşından asılıdır. Bütün qadınlar gözəldir. Əsas olan bu gözəlliyi görmək və onun qədrini bilməkdir. Evdə təkcə özünün deyil, həm də həyat yoldaşının əvəzinə işləyən qadından zəriflik tələb etmək ədalətsizlikdir.

Vətəndaş cəmiyyəti institutlarının təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ötən bir ayda ölkənin 14 şəhər və rayonunda olmuşam. Hansı qəsəbəyə, hansı kəndə qədəm basdımsa, qadınların ağır fiziki əməklə məşğul olduqlarını gördüm. İyun ayında çiyələk almaq üçün Masallıda bir tarlanın kənarında dayananda belə bir mənzərə ilə qarşılaşmışdım: iki kişi söyüd ağacının kölgəsində nərd oynayır, təxminən 20-yə yaxın qadın isə başını aşağı salıb çiyələk yığırdı. Kişilərin ayağının altında bir neçə boş pivə şüşəsi vardı. Bu mənzərə məni o qədər əsəbləşdirdi ki, çiyələk almaqdan imtina etdim. Ona görə yox ki, çiyələyin dadı xoşuma gəlmədi. Sadəcə olaraq, qadınların min bir əziyyətlə becərdikləri məhsulun pulunun kişilər tərəfindən mənimsənilməsinə könlüm razı olmadı.

Üç-dörd gün əvvəl tanınmış QHT rəhbərləri Sevil Yusifova, Çingiz Bayramov və polkovnik İsmayıl Tuncla Tovuzdan qayıdanda Şəmkirdə də analoji mənzərənin şahidi olduq. Bir dəstə qadın başını aşağı salıb 40 dərəcə istidə kartof yığır, üç-dörd kişi isə ayağını ayağının üstünə aşırıb, kölgədə samovar çayı içirdi. Bu üzdən dünən Şamaxıdan keçəndə yenə qəlbimin başı göynədi. Bilirəm ki, ucu-bucağı görünməyən üzüm plantasiyaları cəmi bir ay sonra qadınların alnının təri ilə islanacaq...

İndi bildinizmi Azərbaycan qadınının əsas problemi nədir? Təəssüf ki, bəzi kişilər onları səhərdən axşama kimi tarlada qul kimi işlədir, sonra isə Sibel Can kimi gözəl olmağı tələb edirlər. Halbuki Sibel Can bircə gün Şəmkirdə günün altında kartof yığsa, onda indiki gözəllikdən əsər-əlamət qalmaz. Sibel Canın yaşadığı şəraiti bəyənmədiyimiz Tükəzbana yaratsaq, hətta Cenifer Lopes də onun əlinə su tökməyə yaramaz...



SON XƏBƏRLƏR