Eldar Əzizovun iftar süfrəsi

13-07-2015 [22:47]


İcra başçılarının şəriksiz lideri Bakı meri Hacıbala Abutalıbovdur. Bu barədə heç kim mübahisə etməyə cəhd eləməz. Reytinq cədvəlində sonrakı yerlərlə bağlı mübahisə aparmaq olar. 


Amma şəxsən mənim favoritim Sumqayıt şəhər icra hakimiyətinin başçısı Eldar Əzizovdur. Yaşadığım şəhərin rəhbəri olduğu üçün demirəm. Eldar müəllimin özünəməxsus «iş prinsipi» hər kəsə bəllidir.
Sumqayıta icra başçısı təyin olunandan sonra Eldar Əzizovun göstərdiyi performans çoxlarının gözünü yaşartmışdı. Deməli, cənab başçı yeni kreslosunda oturar-oturmaz şəhərin xodgedənlərini topladı, nətər təpindisə, bütün Sumqayıt camaatı onu illərdir gözlədikləri "ağatlı oğlan" kimi gördülər. Hətta bir ara nağıllar, rəvayətlər də uydururdular ki, Eldar müəllim təğyiri-libas olub camaatın arasına qarışır ki, onların dərdlərini öyrənib həll eləsin. Bir müddət bu cür nağıllarla bağımışı qatdıq. Bir də ayıldıq ki, şəhərimiz dönüb əməli-başlı kimyəvi məhsullar məkanına. Düzdür, Sumqayıt kimyaçılar şəhəri idi, ancaq Eldar müəllimin "alkaponlaşdırma siyasəti"ndən sonra tamamilə kimyalı şəhər oldu. 
Deyilənə görə, Eldar Əzizovun alkapon zavodu var və buna görə də Sumqayıta gəldiyi qısa müddətdən sonra xüsusi sərəncamla hər yeri öz istehsalı olan alkaponla üzlətdirdi. Bu söhbət artıq çoxdan bağlanıb. Sadəcə, ona görə xatırlatdım ki, Eldar müəllimin bəxti onda gətirdi ki, son dövrlər baş verən yanğın hadisələri onun bu «siyasi kursu»na xətər yetirmədi. Bir qədər sonra gözlənilmədən yağan qar nəticəsində Sumqayıtın bir həftəlik iflic olması da, Eldar müəllimin karyerasına kölgə salmadı. Məncə, bunun özü böyük bir istedaddır. Xətadan, bəladan rahatca sivişib çıxmaq hər igidin işi deyil.
Eldar müəllim yetənəksiz adam deyil. Elə bir icra başçısı yoxdur ki, onun adının internetdə axtarışa verəsən, ilk çıxan məlumat pozitiv olsun. Ya filan yeyinti, ya filan mənimsəmə, nə bilim, bu sayaq şeylər. Amma Eldar Əzizov bu məsələdə hamından fərqlənir. Onu başqa başçılardan fərqli qılan bir şey var. O da Eldar müəllimin kulinariyaya olan özəl yanaşmasıdır. Cənab başçı hələ Sumqayıta gəlməmişdən əvvəl Gəncədə nəsə bişirtdirmək və bununla da ölkəyə səs salmağı bacarmışdı. Ən müsbət məqamlardan biri isə odur ki, Eldar müəllim yerində saymır, hər dəfə yenilik edir, bir addım önə çıxır. Bir il 45 metrlik tort bişirtdirirsə, gələn il mütləq rekordu qırıb daha uzun tort bişirtdirməlidir. Bir Sumqayıt sakini olaraq, şəxsən şahidi olmuşam. Elə son üç ildə bişirilən tortun, paxlavanın, kabab manqalarının uzunluğunun ildən-ilə artması inkişaf və irəliyə getmə siyasətinin bariz nümunəsidir. Çox mədh eləmək istəmirəm, çünki əlimin bəndini bilirəm. Bir az da dərinə getsəm, zibili çıxacaq, Nəyimə lazımdır, sonra da çək-çevirə düşək.
Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. Özüm oruc tutub namaz qılmasam da, xeyli sayda dostlarım, yaxınlarım Allahın buyurduğu vacib əməli yerinə yetirirlər. Azdan-çoxdan Ramzan ayında oruc tutanlara iftar verməyin savab iş olduğu barədə məlumatım var. Məncə, kulinariya sahəsində novator olan cənab başçı bu müqədəs ayda da adını tarixə yaza bilər. Məsəl üçün şəhərdə ehtiyacı olan, kasıblara iftar süfrəsi aça bilər...
Hörmətli Eldar müəllim, məncə, Sumqayıtda ən uzun iftar süfrəsi açdırmaqla, bəlkə də dünyada rekord qırmaq olar. Bu sadəcə olaraq, bir təklifdir. Gerçəkləşdirmək öz işinizdir…






SON XƏBƏRLƏR