Yanan binada zəhərlənənlərin səhhətində yenidən problem yaranıb

img

03-07-2015 [12:03]


"Bakıda yanğın baş verən binada xəsarət alanlardan ikisi səhhətində yaranan problemlə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. 

Bu sözləri Movqe.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib. A. Maqsudov deyib ki, həmin xəstələrdə öskürəklə bağlı narahatçılıq olub: "Biz onları rentgen müayinəsindən keçirdik. Ağciyərində demək olar ki, bir problem aşkarlanmadı. Öskürəyin səbəbi yüngül formada soyuqlama ilə əlaqədar idi. Odur ki, həkimlər onlara soyuqdan, qripdən qorunmaqla bağlı müvafiq tövsiyələr verdikdən sonra evə buraxıldılar".
A. Maqsudov deyib ki, yanğında zəhərlənənlər ən azı 6 ay müddətində özlərini soyuqdan qorumalıdırlar: "Kondisionerli otaqda oturmaq, soyuq su içmək, qripli xəstələrlə təmasdan mümkün qədər qorunmalıdırlar. Onların özlərinə də başa saldıq ki, ən azı 6 ay özünüzü qorumalısınız".
A. Maqsudov deyib ki, bütün xəsarət alanlar evə buraxılsa da, onlar qeydiyyatda olduqları sahə üzrə tibb müəssisələrində nəzarətdə saxlanılırlar. Azyaşlı uşaqlar pediatr tərəfindən, böyüklər isə terapevt tərəfindən vaxtaşırı müayinə olunurlar. A. Maqsudov yanğın zamanı zəhərlənənlər arasında uşaqlardan təkrar müayinə üçün müraciət edənin olmadığını söyləyib. 
Xatırladaq ki,  binada baş verən hadisə nəticəsində xəsarət alan 35 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmişdi. Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR