Nəqliyyat Nazirliyinə görə iş adamı aclığa başladı

img

30-06-2015 [11:16]


Azərbaycanlı iş adamı Dönməz Məmmədov Gürcüstanda, Rustavi şəhəri yaxınlığından keçən yolun kənarında aclığa başlayıb. Bu azərbaycanlı iş adamının Gürcüstanda keçirdiyi sayca ikinci aclıq aksiyasıdır. O, Nəqliyyat Nazirliyinin Bakı Şəhər Nəqliyyat Departamentinin (BŞND) rəisi və müavinləri tərəfindən aldadılmasına aclıq etməklə etiraz edir.

D.Məmmədov"Yeni Müsavat”ınəməkdaşına deyib ki, sahibi olduğu "Amal-D” MMC şirkətinə məxsus "Daewoo” markalı 17 avtobus bu ilin mayında xətdən çıxarılıb və Bakı Şəhər Nəqliyyat Departamentinin cərimə meydançasına aparılıb: "O vaxt şikayət etdim, bir nəticə olmadı. Gürcüstana gəlib aclığa başladım. Bundan sonra məni BŞND-yə çağırdılar. Departamentin rəisi Elimxan müəllim, müavini Davud və departamentin sərnişindaşıma şöbəsinin rəisi Yunislə birgə qəbul etdilər. Dedilər ki, 501 saylı marşrutun açılışına icazə verirlər.

O marşrut üzrə hörmətli nazirin (Ziya Məmmədovu nəzərdə tutur-E.M.) özünün xaricdən gətirdiyi "Daewoo” markalı avtobuslar işləyir. Departamentdə olandan sonra elə həmin gün maşınları cərimə meydançasından buraxdılar. Onlarla görüşdən çıxandan sonra departamentin işçilərindən biri dedi ki, Yunis müəllim deyir ki, gözləsin. Gözlədim, gəldi dedi ki, rəhbəri olduğum MMC-yə məxsus olan digər marşrutu - 509 saylı, Sumqayıt-Binə ticarət mərkəzi xətti üzrə olan marşrutu anlaşılmazlıq olub deyə qeyri-sahibkara vermişik. Avropa Oyunları qurtarana yaxın, iyunun 20-də özünüzə qaytaracağıq. Dəfələrlə teleqram vurmuşam.

Teleqramlarım Dövlət Nəqliyyat Xidmətinə (DNX) göndərilir. Oradan da BŞND-dan izahat istənilir. BŞND-dan DNX-yə əvvəlcə yalan məlumat verdilər ki, guya 509 saylı marşrut 507 saylı marşrutla birləşib və rəhbəri olduğum MMC-yə verilib. Yenidən DNX-yə bütün sənədləri təqdim etdim ki, həmin marşrutlar ayrı-ayrı marşrutlardır. Bundan sonra BŞND DNX-yə yalan məlumat verdi ki, guya 509-da işləyən avtobuslar köhnə"Otoyol”markalı avtobuslardır. Bu dəfə BŞND-dən hər bir avtobusa görə hər ay aldığım fərqlənmə nişanlarını DNX-yə təqdim etdim. Həmin fərqlənmə nişanlarında avtobusların 2012-ci il istehsallı olduğu və lizinqlə alındığını özləri də yazıblar".

Hazırda Rustavi yolunun kənarında aclığa başlayan sahibkar deyir ki, rəhbəri olduğu MMC-yə Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmaq üçün 2017-ci ilə qədər lisenziya verib:"Nəqliyyat Nazirliyi avtobusların hər birinə 2017-ci ilə qədər qüvvədə olan lisenziya kartı verib. Lisenziya kartı ola-ola BŞND marşrutu qeyri-sahibkara verib. Lisenziya adımızadır, amma hər ay bizə verilməli olan fərqlənmə nişanını vermirlər deyə avtobuslar xəttə çıxa bilmir.2 aydır ki, BŞND bizi çox pis duruma salıb, maşınların kreditlərini ödəyə bilmirik, 100 mindən artıq ziyana düşmüşük. Mən heç kəsi təhdid etmirəm, əgər marşrutu qaytarmasalar, 3 günə qədər aidiyyəti orqanlar bu məsələyə münasibət bildirməsə, Tiflisdə Azərbaycan səfirliyinin önündə və ya Azadlıq meydanında özümü yandıracağam".

Yada salaq ki, 17 il sərnişin daşıması ilə məşğul olan D.Məmmədov ondan rüşvət istənilməsi haqda da əvvəlki müraciətində bildirmişdi. Demişdi ki, 501 saylı marşrut açıldığı gündən rəhbəri olduğu MMC marşrut üzrə sərnişin daşımalarını həyata keçirib. May ayında isə Nəqliyyat Departamenti MMC-yə işləməyə icazə verməyib:

"Səbəb isə odur ki, Sumqayıt Şəhər Nəqliyyat Departamenti aylıq ödədiyim puldan əlavə məndən 300 manat da pul istədi. Mən isə bundan imtina etdim. Çünki bizim qazancımız buna imkan vermir. Bundan əlavə, fevral ayında manat ucuzlaşandan sonra bizim ödəmələri də dolların kursuna uyğun olaraq artırdılar. Əlavə tələb olunan 300 manatı vermədiyimə görə mənim şirkətimin işinə mane oldular.

May ayının əvvəlindən başlayaraq bizim avtobusların işləməsinə imkan verilmədi. May ayının 4-dən 22-nə qədər 17 avtobusu yığıb, Nəqliyyat Departamentinin həyətində saxladılar. Baş İdarədə mən onlarla görüşəndən sonra maşınları geri qaytardılar və dedilər ki, işləməyə davam edə bilərsiniz. Mən maşınları Sumqayıt Şəhər Nəqliyyat Departamentindən xilas etdim, növbəti gün isə Bakı Şəhər Nəqliyyat Departamenti heç bir əsas olmadan maşınları cərimə meydançasına yığdı”.



Digər xəbərlər
SON XƏBƏRLƏR