Aygün Kazımova həbs oluna bilər - Məhkəmə

img

19-06-2015 [17:59]


Müğənni Natavan Həbibi ilə xalq artisti Aygün Kazımova arasında gedən məhkəmə çəkişməsi birincinin qələbəsi ilə sona çatıb. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına görə, Aygün Kazımova sənətçi barədə yaydığı yalan məlumatları təkzib etməli və Natavandan üzr istəməlidir.

Mia.az aznews.az xəbər verir ki, bu barədə N.Həbibi sosial şəbəkədə münasibət açıqlayıb. N.Həbibi qeyd edib ki, qanunlarımızın kimliyə, statusa fərq qoymadan hər kəs üçün eyni, düzgün tətbiq olunması bir daha sübut olundu: "Bu proseslərdə dəqiq və qərəzsiz danışdıqları üçün bütün məhkəmə heyətinə, obyektivliyi qoruyaraq xəbərləri paylaşan media nümayəndələrinə, əvvəldən sona kimi dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm".

N.Həbibi onu da əlavə edib ki, bu, ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir: "Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmalarını, pis əməllərdən uzaq olmasını diləyirəm".

A. Kazımovanın tərəfdarları isə qərarın yalnız kağız üzərində qalacağını, onun Natavandan üzr istəməyəcəklərini bildiriblər.

Əgər doğrudan da Aygün üzr istəməsə, onu hansı cəza gözləyir?

Hüquq müdafiəçisi Adəm Məmmədov AzNews.az-a deyib ki, məhkəmənin hökmü yerinə yetirilməsə, ağır cəzalana bilər: "İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 500 manatdan 1000 manata kimi cərimə oluna bilər. Əgər bu məsuliyyətə cəlb olunduqdan sonra məhkəmənin qərarını icra etməsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, yəni məhkəmə qərarını, hökmünü və qətnaməsini icra etmədiyinə görə onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir".

A.Məmmədov deyir ki, burada söhbət qanuni qüvvəyə minmiş qətnamədən gedir: "Aygün xanımın bu qərardan apellyasiya şikayəti vermək hüququ var. Bu halda qərarın icrası dayanacaq. Yox, əgər Aygün xanım şikayət verməsə, Natavan Həbibinin xeyrinə olan qərar bir aya qüvvəyə minir. Bunlar qanunvericiliklə tənzimlənir və icra məmuru tərəfindən icra olunacaq".

Vəkil onu da əlavə edib ki, A.Kazımovanın üzr istəməsi üçün iki ay vaxtı var: "İcra müddəti qanunvericilikdə iki ay nəzərdə tutulur".

Digər xəbərlər
SON XƏBƏRLƏR