Nemət Pənahlının oğlundan xəbər var

img

09-06-2015 [12:28]


Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının oğlu Orxan Pənahlı MMA (Mixed Martial Arts – Qarışıq Döyüş İncəsənəti) üzrə respublika birincisi olub.

 Məlumatı Modern.az saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib.

O bildirib ki, oğlu idmanla uşaqlıqdan məşğul olur: "Hələ orta məktəbdə oxuyanda Orxan respublika birincisi olub. Budəfəki idman yarışı iyunun 7-də Xaçmaz rayonunda keçirildi. O, iki dəfə rinqə çıxıb və qalib gəlib. Bu nəticəni çoxdan gözləyirdik. Oğlum Sumqayıt Dövlət Universitetinin ikinci kursunu başa vurub. Yarışdan sonra Orxan qızıl medal, diplom və kuboka layiq görülüb”.

Həcər Pənahlı bildirib ki, Orxanın respublika birincisi olmasından Nemət Pənahlı iyunun 8-də xəbər tutub: "Nemət də həmişə çox istəyib ki, Orxan idmanla ciddi məşğul olsun. Dünən bu xəbəri alanda çox sevindi. İdman Orxanın öz sahəsidir və düşünürəm ki, o, idman sahəsində qabağa gedə bilər.

Orxanın uşaqlıqdan ən böyük arzusu tək idman sahəsində yox, bütün sahələrdə Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq olub. Hələ uşaqlıdan deyirdi ki, "Azərbaycanın bayrağını Qarabağa asmasam ölməyəcəyəm”. Onun uğuruna hamımız sevinirik, təbrik edirik, amma onun kefi açılmır. Deyir ki, hələ nə olub, Qarabağa gedib çıxmamışıq ki?!”

6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub