Məzunlara 400 vakant iş yeri təklif olundu - Səlim Müslümov çıxış etdi - FOTOLAR

img

29-05-2015 [12:25]



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün Bakı Biznes Universitetində aktiv məşğulluq tədbiri keçirilib. 

Mia.az xəbər verir ki, tədbirin acılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bakı Biznes Universitetinin rəhbərliyi iştirak ediblər.

S.Müslümov əhalinin səmərəli məşğulluğunun təminatının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, respublikamızda 2004-cü ildən bəri icra olunan mühüm dövlət proqramları 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yerinin açılmasına, ölkədə məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. "Bu, dünyanın digər ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir”.

S.Müslümov Azərbaycanın həmçinin gənclər arasında aşağı işsizlik həddi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edib: «Ölkəmizdə 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında isə 13,5 faizdir ki, bu da dünyanın digər ölkələrində, hətta bir sıra inkişaf etmiş dövlətlərindəki  göstəricilərlə müqayisədə aşağıdır. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğu sahəsində yetkin hüquqi bazaya və uğurlu iş təcrübəsinə malik 41 ölkə sırasına daxil edilib». 

S.Müslümov «Karyerada ilk addım» devizi altında keçirilən bu aktiv məşğulluq tədbirlərində əsas məqsədin tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi, onların əmək bazarı, yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlandırılması, işəgötürənlərlə onlar arasında ilkin ünsiyyətin yaradılması olduğunu bildirib: 

«Eyni zamanda, bu tədbir işəgötürənlərə də gələcəkdə ixtisaslı kadr seçimini aparmaq imkanı yaradır. Bununla yanaşı, ali təhsil müəssisəsini bitirmək ərəfəsində olanlar, yaxud artıq məzun olmuş gənclər üçün burada boş (vakant) iş yerləri təqdim olunur, eləcə də məzunlar üçün əlavə peşə təhsilinə cəlb olunmaq imkanları yaradılır. Digər vasitələrlə də gənclərin əmək bazarına çıxışı dəstəklənir”. 

S.Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi tədbirin təşkilatı vəziyyətini nəzərdən keçirib, tələbə və məzunların bu aktiv məşğulluq tədbirləri ilə bağlı rəy və təkliflərini öyrəniblər.

Aktiv məşğulluq tədbirində 62 müəssisə üzrə 400-dən artıq boş (vakant) iş yeri  təqdim olunub. Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, universitetin məzunu olmuş ayrı-ayrı şəxslərin istəklərinə əsasən mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyatı aparılıb. Eləcə də yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Əmək Birjası tərəfindən qeydiyyata götürülüb. Tələbə və məzunlar işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. 



Digər xəbərlər
SON XƏBƏRLƏR