Qadın müəllimə özünü niyə asıb? - İqtisad Universitetində rüşvət qalmaqalı

img

27-05-2015 [16:08]



Azərbaycan Dövlət İqtisad Universitetində Ədalət Muradovun rektor təyin olunmasından sonra şayiələr dolaşmağa başladı ki, rektor bəyan edib ki, rüşvət alan müəllim, kafedra müdiri, dekan... universitetdən qovulacaq.

İlk əvvəl bu fikirlərin nə məqsədlə dövriyyəyə buraxılmasını bilməsək də, sonradan məlum oldu ki, yeni rəhbərlik keçmiş rektor Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırıb. 

Məlumatda bilidirilir ki, aparılan "islahat”lardan həmin dəqiqə başa düşmək oldu ki, Ədalət Muradov müəyyən müddətli müşahidəni kənara qoyub yeni rektor harasa tələsir, özünə yaxın bildiyi şəxsləri dekan təyin edir. Bununla kimin hansı savadın sahibi olduğu, ADİU-ni bir pillə qabağa apara bilmə şansları qiymətləndirilmir, yeni rəhbərin qarşısına qoyduğu hədəfi önləməsi önəm daşıyırdı. "Ədalət” naminə onu da vurğulamaq yerinə düşər ki, yeni rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxslərə dəymir, əksinə onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkirdi. Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradırdı. 

Ədalətin pozulması belə izah olunurdu ki, dekanlar işdən çıxarılırsa, onları daha layiqli şəxslər əvəzləməlidir. Elmi şurada təhsil, gələcək perspektivlər elmi məsələlərin həlli müzakirə edilmir, keçmiş rektor Şəmsəddin Hacıyevin özünə və çevrəsinə qarşı ögey münasibət bəslənirdi. Bunlar isə bir qrup əsl müəllim və professor heyətində narazılıq yaradırdı. Elmi şurada bu qəbildən olan məsələlərə baxılması qəbahət sayılırdı. Bu "kampaniya” Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rəhbərlik edirdi. Sinəsini qabağa verən Damət Bağırov təbii ki, vəzifəsini itirməmək üçün maksimum şəkildə üzərinə götürdüyü bu öhdəliyi "elmi iş”i müdafiə edirmiş kimi yerinə yetirirdi. Bunlar da arxada qaldı. Hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan "nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin. Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, bu ildən tədricən universitet daxili semestr imtahanlarının kamputerlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başladı. I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz. Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kamputerdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər. Deyə bilmərik, ola bilsin ki, rektor Ədalət Muradov bunlardan xəbərsizdir. Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun "kassir”inə çevrildi, "idarəetmə”nin əsasları onun adı ilə bağlandı. Görünən odur ki, rektor Ədalət Muradov hələ bir müddət Damət Bağırovu "xərcləyəcək”. Hər şeyin ictimailəşməsini gördükdən sonra bütün qara işlər Damət Bağırovun adına çıxarılacaq və o, prorektorluqdan azad olunacaq. Sükan arxasına isə Damət Bağırovun yanında "təcrübə” keçən Eldar Azadov keçəcəkdir. Təki deyilənlər səhv çıxsın. ADİU-də rüşvət yığma tədbirləri dayandırılsın və dediklərimiz yalan olsun...

Faktinfo.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR