Deputatın gömrükçü oğlu və ya kriminal qrupla kimə hədə gəliblər? - 575 minlik qalmaqal

img

27-05-2015 [13:40]


Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Həmin şəxslərdən bir neçəsi redaksiyamıza gələrək deputatın oğlu tərəfindən aldadılmalarının tam təfərrüatını açıqlayıb. Həbib Axundovun səmimi münasibətdən istifadə edərək haqqını tapdaladığı şəxslərdən biri də Məmmədov Fərman Xeyrulla oğludur.

"575 min manatı Həbib Axundova vermişəm”

Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirdi. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğuladı: "Hər sözün arxasında fakt dayanmalıdır. Bu yaşa gəlib çatmışam, ancaq indiyə kimi belə vəziyyətlə üzləşməmişdim. Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Çünki bu adam hər zaman ədalətin və haqqın tərəfində olub. Onu həm də ümummilli liderimiz, Ulu Öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam.

Millət vəkili 1995-ci ildə Əfv Komissiyasının üvzü seçilib. Vaxtilə mən Milli Məclisə deputatlığa namizədliyimi irəli sürəndə bu xanım haqqımda gözəl məqalə yazıb. Elə həmin dövrdən dostluğumuz, ailəvi münasibətimiz başlayıb. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun.

2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Həbib Axundov Bakı Gömrük İdarəsində işləyir, səhv etmirəmsə rütbəsi mayordur. O bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar "Favorit” marketlər şəbəkəsini açdılar. "6-ci paralel”də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi.

Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular. Sən demə, onlar əslində piramida qurublar. Kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər.

Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apellyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi. Dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar.

2012-ci ildən bu proses başlandı. Elmira xanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi”.

Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: "Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim.

2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmiraxanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib "Qres” deyilən yerə getdik. O Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim.

Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir.

2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər, ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu”.

Deputatın oğlu Fərman Məmmədovu qanuni oğrularla qorxudub

Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanışpolis lazım olduğunu söylədi. Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanışvəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum.

Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişikimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi. Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”(gundelik-baku).

Yazıda adları hallananların mövqeyini də dinləməyə hazırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR