“Burcutmaq” növbəsi...

img

26-05-2015 [14:09]



Emin Tarverdiyev email: [email protected]

Tağı müəllimi yaxşı xatırlayarsız, vaxtilə "yeraltı dünyamız”ın ağası idi. Bir dəfə canlı yayımda təzə quraşdırılan turniketlər haqqında danışanda demişdi ki, "heç kim bunlardan "burcuda” bilməyəcək”. Yəni kimsə metro kartını turniketə yaxınlaşdırmasa, keçə bilməyəcək demək istəmişdi. Çox tutdular o sözün ucundan, ta bilmədilər ki, Tağı müəllim bu sözü Naxçıvan şivəsində işlədib.

Yadımdan çıxmamış qeyd edim ki, Rəşad Müseyibzadə "Mənə o futbolçunu göstər” yazısında mənə xitab edərək bildirmişdi ki, Çingiz Abdullayevin "Dronqo”sunda, oyy, üzr istəyirəm, "Neftçi”sində milli komandamızda tər tökmək üçün layiqli futbolçu yoxdu. Amma və lakin... Baş məşqçi Robert Prosineçki Azərbaycan millisinin iyunun 7-də Avstriyada Serbiya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu və AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Osloda Norveçlə keçirəcəyi qarşılaşma üçün heyəti açıqlayıb və "Neftçi”dən iki futbolçu çağırıb: Aqil Məmmədovu və Araz Abdullayevi. Bu ikisini mən yazımda da qeyd etmişdim ki, millini haqq etmiş futbolçulardı. İndi xahiş edirəm, bu haqda nə isə yazmağı düşün, Rəşad Müseyibzadə, "burcutma”.

"Xəzər adaları” dağıldı. 15 gün qabaq - komandası çempion olan gün iddialı açıqlama verən Hacı İbrahim yağlı əppək olub uçub göyə. Bilinən odu ki, İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaq, komandanın oyunçularının pulunu vermək iqtidarında deyil. Ayın-günün bu vaxtında 8 aya çempionluğu ona qazandıran baş məşqçini ispanların, braziliyalıların əlində qoyub qaçıb gizlənib, "burcudur”. "Burcutma”, atam balası, "burcutma”...

"Simurq” da dağıldı. Cahangir Hacıyev Beynəlxalq Bankdakı pulların "ətini yeyib, suyunu Zaqatalaya göndərdi”. Arada güdaza yazıq Anar Bəkirov getmişdi ki, yaxşı qurtardı (hələ dəqiq bilinmir, qurtarıb, ya yox). Gör vəziyyət nə yerdədi ki, Zaqatala təmsilçisi Lənkərana getməyə pul tapmır. Mövzudan yayınmayaq, Cahangir Hacıyev həm Beynəlxalq Bankdan, həm də futbolumuzdan belə "burcutdu”.

"İnter” də can üstədi. Georgi Nikolov hələ burdadı, maaş alır-almır, bilmirəm. Almasa, yəqin o da gedəcək, boş-boşuna "maya”dan yeməz. Deməli, o da "burcudacaq”.

11-ci turda burcutmağın əsası "Araz Naxçıvan”la qoyuldu. Bununla da "qırmızı-ağlar” sübut etdi ki, "burcutmaq” sözü naxçıvanlılara məxsusdu. Ona görə də Tağı Əhmədov nə vaxtsa o sözü bir də işlətsə, qəhqəhə çəkib gülməyin, gedin kitab oxuyun, maariflənin, bilin ki, bu nə deməkdi.

Həə, bu gedişlə futbolumuzda "burcudanlarımız” çox olacaq, amma görəsən, indi "burcutmaq” növbəsi kimindi?

komanda.az


Digər xəbərlər
SON XƏBƏRLƏR