Nazirdən sərt addım: 70-dən çox hakim işdən çıxarılıb

img

26-05-2015 [11:59]


"Ötən on il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.

Bu barədə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

F.Məmmədov qeyd edib ki, həmçinin dövlətimizin başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanaraq, Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb:

"Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir”.

F.Məmmədov bildirib ki, Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirib.

Onun sözlərinə görə, imtahanlarda yüksək şəffaflıq və obyektivlik, o cümlədən prosesin bütün mərhələlərinin KİV nümayəndələrinin qarşısında keçirilməsi və internetdə canlı yayımlanması nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb edib:

"Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Avropa İttifaqının və digər beynəlxalq qurumların Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirməsi ölkəmizin böyük uğurudur. Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilib. Faktiki olaraq, Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50 faiz, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırılıb. Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir. CEPEJ, həmçinin ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib. Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan iddiaların sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək artıb. Təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40 faiz artaraq 250 mini ötüb”.

F.Məmmədov əlavə edib ki, ötən 10 il ərzində Şura tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülüb, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılıb, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar 1200-dək məsələ həllini tapıb: "İşini şəffaf prinsiplər əsasında quran Şuranın iclaslarına media təmsilçilərinin və ictimaiyyətin nümayəndələrinin dəvət olunması təcrübəsi yaradılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR