“Gəncəbank” rəhbəri ilə bağlı baş prokurora müraciət olundu

img

25-05-2015 [22:35]


"Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın əməllərinin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət olunub. Müraciət müəllifi Natalya Kərimova yazır ki, P.Novruzova ona olmazın işgəncələr verərək mülklərini zorla əlindən alması barədə ölkə başçısına məktub ünvanlayıb. Bundan sonra Gəncə Şəhər Prokurorluğundan məktub alıb: "Etdiyim müraciətə Gəncə Şəhər Prokurorluğu 28 aprel 2015-ci ildə 52547 nömrəli məktubla cavab verib. Məktubun ikinci abzasında qeyd edilir ki, mülklərim əlimdən alınarkən etdiyim şikayətdən sonra materiallar toplanıb.

Material əsasında 9 oktyabr 2001-ci ildə Pərvanə Cəmil qızı Novruzova barəsində Cinayət Məcəlləsinin 158.2-ci (hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma) maddəsinə əsasən cinayət işinin başlanıb və istintaq aparılıb. Məktubda qeyd olunur ki, guya rəhbəri olduğum"Gözəl Esmira”firması ilə "Gəncəbank” arasında o vaxt ki pulla 270 milyon manat kredit müqaviləsi bağlanmış və girov kimi"Gözəl Esmira”firmasının mülkiyyətində olan Gəncə şəhəri, Xətai küçəsində yerləşən "Nataşa” gözəllik salonu girov qoyulub. Halbuki həmin gözəllik salonu firmanın yox, mənim şəxsi mülkümdür. Buradan belə nəticəyə gəlmək olur ki, Gəncə Şəhər Prokurorluğunda istintaq edilən həmin cinayət işi, Pərvanə Novruzovanın diktəsi ilə və təqdim etdiyi saxta sənədlər əsasında birtərəfli qaydada araşdırılıb”.

Müraciət müəllifi yazır ki, Gəncə prokurorluğundan aldığı məktubda qeyd edilən cinayət işinin taleyi barədə məlumat yoxdur:"Məktubun axırıncı abzasında qeyd olunub ki, Pərvanə Novruzovanın rəhbərliyi ilə mütəşəkkil cinayətkar dəstənin birgə fəaliyyəti nəticəsində əmlakımızın quldurluq və hədə-qorxu ilə tələb etmə yolu ilə əldə edilməsi barədə göstərdikləriniz istintaq gedişində yoxlanılıb. Həmin xüsusat öz təsdiqini tapmadığından 28 dekabr 2001-ci il tarixli qərarla həmin hissədə cinayət işinin icraatına xitam verilib. Ancaq Cinayət Məcəlləsinin 158.2-ci maddəsi üzrə açılmış cinayət işi üzrə əməl P.Novruzova tərəfindən hazırda davam etdirilsə də (davam edən cinayətlər) Gəncə Şəhər Prokurorluğu bu əmələ hələ də hüquqi qiymət vermir”.

Müəllif baş prokurora müraciətlə özünə qarşı digər cinayətlərin də araşdırılmadığını qeyd edir:"2001-ci ildə Gəncə hüquq-mühafizə orqanları Pərvanə Novruzovanın təzyiq və təsirləri ilə şikayətlərimə baxmadı. Pərvanə Novruzovanın mənə qarşı real təhdidlər, hədə-qorxu ilə tələbetmə cinayətini törədib, ağır bədən xəsarəti yetirib. Mənim və azyaşlı qızlarımın həyatına real təhlükə (zorlamaya edilən cəhd) olduğundan 2002-ci ilin yanvar ayında ölkəni tərk etmək məcburiyyətində qalmışam. 2002-ci ilin fevralında P.Novruzova və Gəncə Şəhər Prokurorluğu əlbir olaraq mənim gələcəkdə Azərbaycana qayıtmağımın qarşısını almaq məqsədi ilə barəmdə uydurma cinayət işi (CM-nın 320 və 296-cı maddələri ilə) başladıblar. Pərvanə Novruzovanın mənə qarşı zor tətbiq etməsi və işgəncə verməsi nəticəsində hamiləliyim pozulub. Bununla bağlı həkimlərdən müvafiq arayış da alınıb”.

Müraciətdə qeyd olunur ki, Gəncə Şəhər Prokurorluğunun və Pərvanə Novruzovanın təzyiq və təsirləri nəticəsində hamiləliyinin pozulmasını təsdiqləyən tibbi arayış saxtalaşdırılıb: "Məni müayinə edən həkim təzyiq nəticəsində guya mənə verdiyi sənədin saxta olduğunu etiraf edib. Nədənsə həmin həkim əməlinə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməl kimi qiymət verilməyib.

Bu onu deməyə əsas verir ki, bu ittiham mənə qarşı uydurma olub. Bu Azərbaycana gəlməyimin qarşısını almaq məqsədi ilə irəli sürülən qanunsuz və əsassız ittihamdır. Hamiləliyin pozulması bildiyimiz kimi ağır bədən xəsarəti hesab olunur. Hamiləliyimin pozulması həkimin təqdim etdiyi arayış və mənim etdiyim şikayət əsasında araşdırılmalı, bunun müəyyən edilməsi barədə ekspertiza təyin edilməli olduğu halda o zaman Gəncə Şəhər Prokurorluğu öz səlahiyyət həddini aşaraq heç bir fakta və sübuta söykənmədən mənim hamilə olmamağım qənaətinə gəlib. Gəncə şəhər Prokurorluğu Pərvanə Novruzova barəsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlamaq əvəzinə mənə qarşı saxta, uydurma ittiham irəli sürüb. Bütün bunlara həmin dövr Kəlbəcər Rayon Prokurorluğunda işləmiş və Pərvanə Novruzovanın qardaşı olan Məmmədəli Novruzov tərəfindən "yekun hüquqi nəticələr” təşkil edilib”.

Müraciət müəllifi yazır ki, artıq M.Novruzov prokurorluq orqanlarından qovulub:"Cənab baş prokuror! Siz baş prokuror təyin edildikdən sonra bu şəxslərin əməllərinə düzgün qiymət verərək bu cür neqativ fəaliyyətlə məşğul olduğu üçün və prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə yol verdiyi üçün tərəfinizdən Məmmədəli Cəmil oğlu Novruzov prokurorluq orqanlarından xaric edilib. Mənim kimi onlarla şəxslərə qarşı "Gəncəbank” ASC-yə rəhbərlik edən qardaş-bacı tərəfindən fiziki zorakılıq göstərilib və ictimai təhlükəli hərəkətlərə dəfələrlə yol veriblər.

Əvvəl ki müraciətimdə qeyd etdiyim kimi və hazırda mövcud olan saxta sənədlərdən də görünür ki,"Gəncəbank” ASC ( P.Novruzova) faktiki kimsəsizliyimdən və özlərinin üstünlüyündən istifadə edərək mənə məxsus gözəllik salonunu və 2 mənzilimi ələ keçirməyə nail olub. Bir çox ağır cinayətlər törədərək məsuliyyətdən kənarda qalıblar, hətta törətmiş olduğu əməllərə görə barəmdə cinayət təqibinə başlamağa da nail olub ki, ölkəyə bir daha qayıda bilməyim...”

Müraciət müəllifi qeyd edir ki, P.Novruzovanın ona qarşı cinayəti bu gün də davam edir. Buna görə də baş prokurordan P.Novruzovanın əməlinə hüquqi baxımdan qiymət verilməsini istəyir:"Pərvanə Novruzova Gəncə şəhər Prokurorluğuna hazırda da təsir etdiyini nəzərə alaraq işin Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaq edilməsini Sizdən xahiş edirəm. İnanıram ki, onun bu hərəkətlərinə "Gəncəbank” ASC-nin səhmdarı olan hörmətli Qənbər Şəmşir oğlu da haqq qazandırmaz”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR