Oliqarxların milyonları oğurlamasına hansı məmurlar dəstək verib? – Samir Şərifovun kadrları hədəfdə! - SİYAHI

img

25-05-2015 [11:24]



Mart ayının 18-də Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin səhhətini bəhanə edərək istefa verməsinin ardıycan başlayan oliqarxların həbsi iri ranqlı məmurları da ciddi əndişəyə salıb.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Cahangir Hacıyevin vəzifədən azad olunmasından sonra milyonçu biznesmenlərin bir-birinin ardınca Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb, istintaqa cəlb olunmasının ciddi əsasları var:

«Bəli,  barələrində əməliyyat-istintaq tədbirləri həyata keçirilən və saaxlanılanların böyük əksəriyyəti Azərbaycan Beynəlxalq Bankından çox böyük məbləğlərdə kredit götürərək, onların əsas hissəsini mənimsəyiblər. Kredit müqavilələrinin vaxtı çoxdan bitsə də, onlar nə krediti ödəyiblər, nə də müqavilə ilə girov qoyulan əmlakların müsadirəsinə imkan veriblər. Daha dəqiqi, ABB rəhbərliyi və Cahangir Hacıyev buna cəhd etməyib. Üstəlik, indi adları mətbuatda çəkilən və çəkilməyən oliqarxların böyük əksəriyyəti Mərkəzi Bankın manatın kursu ilə bağlı 21 fevral tarixində verdiyi qərar ərəfəsində iqtisadi sobataja əl atmaqdan çəkinməyiblər. Bəli, ölkəni iqtisadi sobatajla üz-üzə qoyan bu oliqarxların iri ranqlı məmurların bəziləri ilə gizli işbirliyi nəticəsində Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi xəzinədən oğurlanıb. Təbii ki, 21 fevral qərarından sonra yaranmış situasiya bunun araşdırılmasını tələb edirdi. Necə ki, araşdırılaraq Cahangir Hacıyevin nəfsinə hakim ola bilməyərək, biznesmen-oliqarxlar və bəzi iri ranqlı məmurlarla çox böyük maliyyə əməliyyatları etməsi təsdiqlənməkdədir».

Mənbə Cahangir Hacıyevin səhhəti ilə bağlı istefasını cəmiyyətə hesablanmış xəbər adlandırıb. Deyib ki, onu ən yüksək səviyyədə çox kəskin şəkildə vəzifəsindən qovublar: «Və martın 18-də rəsmiləşən istefadan sonra nəinki Beynəlxalq Bankın, o cümlədən ölkənin iqtisadi resurslarını əhəmiyyətli dərəcədə əllərinə cəmləşdirənlərin «məngənə»də sıxışdırılacağı gözlənilirdi.  İndi bəzi mətbu orqanlarında yazırlar ki, biznesmenlərin istintaqa cəlb olunması iki həftə əvvəl başlayıb. Bu yalandır! Biznesmenlərin və onların bağlı olduğu məmur təbəqəsi ilə bağlı əməliyyat-istintaq tədbirləri elə mart ayından başlayıb. Və günə qədər də mətbuatda iddia edildiyi kimi, istintaqa cəlb olunanlar da 70 nəfər deyil. Bundan qat-qat çox iş adamı, hətta onların bağlı olduğu məmurlar istintaqa cəlb olunub, dindirilib. Onların sayı bundan qat-qat çoxdur».

Müsahibimiz deyir ki, Azərbaycan Beynəlxaq Bankına (ABB) borclu olan böyük bir qrup sahibkarların saxlanılması, həbsi və dindirilməsi haqqında məlumat yayıdsa da, bu günədək, ABB-nin susmasının da ciddi səbəbləri var:

«Diqqət edirsinizsə, ABB-nin indiki rəhbərliyi problemli kreditlərin həcmi haqqında məlumatları təkzib etmir və bunun necə baş verdiyini, işin necə bu yerə gəldiyini açıqlamaqdan yayınır. Bu günlərdə «Turan» Agentliyinin bununla bağlı ABB-dən şərh və bu suallara cavab almaq cəhdləri də nəticəsiz qalıb. Bu səbəbsiz deyil. Çünki belə bir açıqlama verilməsi, bankın özünü ciddi suallarla üz-üzə qoya bilər. Bundan əlavə, orada baş verənlər birbaşa dövlətin maliyyə siyasətini həyata keçirən Maliyyə naziri Samir Şərifov başda olmaqla, bir çox dövlət qurumlarının məsul şəxslərini də cəmiyyətin ciddi basqıları ilə üz-üzə qoyacaq. Hansı ki, ictimaiyyət hələ də ABB-də, onun idarəolunmasında kimlərin nə dərəcə rol aldığını o qədər də bilmir və ya dərk eləmir. Halbuki, ABB-nin idarə olunmasında Cahangir Hacıyev qədər, nazir Samir Şərifovun da rolu və təsiri olub. Bu təsir  bu gün də var. Məhz buna görə də ABB-nin hazırkı rəhbərliyi suallardan yayınır, bu qədər səs-küylü kredit qalmaqalları ilə bağlı açıqlama vermək istəmir».

Müsahibimiz bildirir ki, ABB-nin səhmlərinin 51,7 faizi dövlətin sərəncamında olduğundan onun idarəetməsi də Maliyyə Nazirliyinin rolu əvəzsizdir:

 «Diqqət edin, səhmlərinin əsas hissəsi Maliyyə Nazirliyində olan o bankın Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini Azər Bayramovdur. O,  Samir Şərifovun ABB-də təmsil olan yeganə adamı da deyil. Müşahidə Şurasının üzvləri arasında Maliyyə Nazirliyinin hüquq şöbəsinin direktoru Xaliq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin direktoru müavini Müşfiq İsrafilov və başqaları var. Hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun  müavini Rüstəm Şahbazov da Müşahidə Şurasının üzvüdür. Müşahidə Şurasının banklarda hansı rolu oyanadığını yəqin bilirsiniz. O zaman belə sual ortaya çıxır: Axı, necə olur ki, bu məmurlar Cahangir Hacıyevin böyük məbləğli kredit tranşlarına göz yumub? Niyə bankı nəzarətsiz buraxıblar, Burada onların maraqları nədən ibarət olub?

Əlbəttə, bu cavabsız sualların sayını da artırmaq olar. Ancaq inanmıram ki, bu suallara adıçəkilənlər və ABB-nin indiki rəhbərliyi cəsarətlə cavab verə bilsinlər. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan dövlətinin Mərkəzi Bankı 21 fevral qərarı ərəfəsində iqtisadi sobatajla üz-üzə qalmasında Cahangir Hacıyevlə yanaşı, adıçəkilən məmurlar da ciddi məsuliyyət daşıyırlar».

Məlumatlı şəxs mətbuatda yayılan xəbərlərə istinad edərək deyir ki, bəzi iş adamları ilə yanaşı, məmurların həbsinin mümkünlüyünü təsdiq edib:

«Hətta böyük ehtimalla deyərdim ki, yuxarıda adları çəkilən məmurlar da istintaqa cəlb olunub. Düşünürəm ki, bu, mütləq olub və ya yaxın günlərdə  olacaq. İstintaqın ədalətli aparılması üçün məmurlardan ibarət olan ABB-nin Müşahidə Şurasının üzvlərinin istintaqa cəlbi qaçılmazdı. Ən azı Azərbaycanın maliyyə siyasətində «kilid nöqtələr»indən sayılan Azər Bayramovun bu yöndəki fəaliyyətinin ciddi araşdırılması zərurəti var. Yəqin ki, istintaq bunu diqqətdən qaçırmayıb...».

Sonda müsahibimiz deyib ki, iş adamlarının bəzi məmurlarla gizli işbirliyi çərçivəsində ölkədə iqtisadi sobataj yaratmaq cəhdlərinin qarşısı artıq böyük ölçüdə alınıb: 

«Artıq belə bir təhlükənin olmadığını demək olar. Dövlət vaxtında müdaxilə edərək, bu təhlükəni önlədi, iqtisadi resurslların dayanıqlığını indiki məqamda təmin etdi. Hesab edirəm ki, indi bu sobatajı yaradan və ya buna cəhd edənlərin cavab verməsi zamanıdır. Ona görə də düşünürəm ki, həbslər və işdən çıxarılmalar davam edəcək. Necə deyərlər, hakimiyyət ona və dövlətə sadiq olmayanlarla sonunadək  hesablaşacaq. Bu səbəbdən həbslərin Maliyyə Nazirliyinə keçəcəyi də istisna deyil».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub