Azərbaycanın daha iki rayonu məşəllə tanış oldu

img

17-05-2015 [21:06]


Bakı-2015 Alovu mayın 16-də Daşkəsən və Samux rayonlarına səyahət etdi. Məşəl estafeti əvvəlcə Daşkəsən şəhərində oldu.

Əsasən, dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar 1948-ci ildə yaradılmış, Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin cəmi 34 min nəfər (01.01.2015) əhalisi var. Səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir.

Daşkəsəndə məşəl karvanının ilk dayanacağı Heydər Əliyev prospektində yerləşən Fərhad abidəsinin önü oldu. Burada ecazkar təbiətin, füsunkar dağların, şəhərin görünüşü vahid kompozisiya ilə birləşir və əbədi xatirə üçün gözəl mənzərə yaradır. Elə buradan Xəqani Abdullayevin başladığı estafet 2,04 km məsafəni əhatə etdi. Vüqar Məmmədov, Səlim Abbasov, Roman Tağıyev, Vüsal Haqverdiyev, Mahir İbrahimov, Kənan Bağırov, Xəyal Qocayev və Zaur Sadıqov yol boyu məşəli bir-birinə ötürüb sonucu məşəlçiyə çatdırdılar. Səməd Vurğun və İsmət Qayıbov küçələrindən keçməklə, yenidən Heydər Əliyev prospektindən ulu öndərin adını daşıyan meydana daxil oldu. Məşəlçilər sonuncu estafet iştirakçısı Zaur Həsənovun ardınca burada quraşdırılmış səhnənin ətrafına gəldilər və yerli sakinləri salamladılar. Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırdı.

Məşəl yürüşündə iştirak etmiş Zaur Həsənov: "Məşəl estafet hər bir rayonda təntənəli keçirilir. Bu tarixi hadisəni haqlı olaraq xüsusi qeyd edirik. Yunanıstan Olimpiya Oyunlarının vətəni kimi tanınır, Azərbaycan da ilk Avropa Oyunlarını keçirməklə tarixə düşəcək. Belə möhtəşəm tədbirləri yalnız xəyallarımızda görürdük. İndi bu heyrətamiz idman bayramı ölkəmizi qarış-qarış gəzir. Bir yunan-Roma güləşi mütəxəssisi kimi, olimpiyaçılarımızın Bakı 2015-də yüksək uğur qazanacağına inanıram”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması və Bakı 2015-in rəmzinə çevrilmiş videoçarxlar yayımlandı. Sonra məşəlçilər yenidən təqdim olunaraq, səhnəyə dəvət olundular. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi, 16 yaşlı Elməddin Əliyev təhvil verdi.

Mərasim başa çatdıqdan sonra məşəl karvanı Azərbaycanın ən yeni rayonlarından olan Samuxa yollandı. 2008-ci ildə Nəbiağalı qəsəbəsi və Kolayır kəndinin birləşdirilməsindən yaradılmış Samux Kür çayının sağ və sol sahillərindəki düzənliklərdə yerləşir. Ərazisi 1455 km2, əhalisi 57.3 min nəfər (01.01.2015) olan Samux, quru-kontinental iqlimə malikdir.

Samuxda məşəl estafetinə Heydər Əliyev parkının əsas girişində start verildi. Anar Cəlilovla başlayan estafet, ümumilikdə 3,8 km məsafəni əhatə etdi. Heydər Əliyev prospekti ilə davam edərək, N.Nərimanov, E.Məmmədov, M.Ələkbərov küçələrindən də keçməklə, yenidən Heydər Əliyev prospekti ilə aparıldı. Məşəli Anar Cəlilov, Babək Nəsibov, Rasim İmamquliyev, Gülnar Mustafayeva, Yeganə Mustafayeva, Rüfət Ağayev, Qalib Bayramov, Röyal Əliyev, İsbəndiyar Quliyev, Babək İsmayılov, Vüqar Bayramov və İsmət Xəlilov daşıdılıar. Heydər Əliyev parkında quraşdırılmış səhnə qarşısında məşəlçilər alqışlandılar və sonuncu məşəlçi Elnur Salamov səhnəyə qalxaraq rayona hədiyyə edilən Bakı 2015 çırağını alovlandırdı. Çırağı rayon sakinlərinə Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi Aytac Məmmədova rayon ictimaiyyətinə təqdim etdi.

Məşəlçi Rüfət Ağayev ürək sözlərini belə ifadə etdi: "Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürurludur. Bir idmançı kimi bu tədbirə çox sevinirəm. Bütün olimpiyaçılarımıza uğurlar arzulayıram. Rayonumuzun 10 məşəlçisindən biri olacağını gözləyirdim. Uzun müddətdir idmandayam, böyük nailiyyətlərim olub. Bunun nəticəsində ölkə başçısı tərəfindən də mükafatlandırılmışam. Pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu olaraq bildirirəm ki, Bakı 2015-in proqramına 4 qeyri-olimpiya idman növünün salınmasını alqışlayıram”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Alov səyahətinin 3-cü həftəsinin əsas məqamlarını əks etdirən videonu bu keçiddən izləyə bilərsiniz http://we.tl/ImGokcohAM

Növbəti məşəl estafeti mayın 18-də Qazax və Ağstafa rayonlarında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR