Oliqrax həbsləri şoku, yoxsa... - Generalın qardaşı ilə sabiq nazirin kürəkəninə vəzifə verilib

img

15-05-2015 [09:54]


Beynəlxalq Bankdan kredit alan iş adamları ilə bağlı başlanmış istintaq günlər keçdikcə "oliqarxgeyt” prosesinə çevrilir. Demək olar ki, hər gün kimlərinsə istintaqa çağırılması, həbslərin davam etməsi barədə xəbərlər yayılır. İş adamlarının həbsi barədə yayılan məlumatların fonunda hüquq-mühafizə orqanları susmaqda davam edirlər.

Redaksiyamıza verilən xəbərə görə, bu həftənin əvvəlindən başlayaraq Heydər Əliyev adına beynəlxalq hava limanına "xüsusi nəzarət qrupu” göndərilib. Bu qrupa ölkədən çıxmaq istəyən iş adamlarını, onların ailə üzvlərini, yaxın qohumlarını yoxlamaq, sorğu-suala tutmaq, hətta ölkədən buraxmamaq səlahiyyəti verilib. Mənbə deyib ki, bu qrupda "qara siyahı” da var və aeroportdan çıxmaları mümkünsüzdür.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Sərhəd Qoşunlarına və Gömrük Komitəsinə də tapşırılıb ki, xüsusilə Rusiya sərhədindən ölkədən çıxanlara nəzarət daha da gücləndirilsin, etibarlılıq artırılsın. Xəbərə görə, sərhəddən bəzi adamların ”sızmaları" ilə bağlı siqnallar alınıb".  


Bütün bu xəbərlərin konteksində isə mayın 13-də ölkənin üç gömrük rəisinin qəfil sərəncama göndərilməsinin özəl səbəbləri var.

Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mayın 13-də Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin  rəisləri- Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundovu işdən çıxarıb. A.Əliyev rəisləri işdən azad etməsinin səbəblərini rotasiya ilə izah edib. Amma işdən çıxarılanların rotasiya ilə niyə yenidən vəzifəyə yox, sərəncama göndərildiklərini açıqlamayıb. Saytlardan biri işdən çıxarılan hər üç gömrükçünün Naxçıvanın Nehrəm kəndindən olması faktına diqqət çəkib.

Mənbə deyib ki, yeni təyinatlar da əslində dəyişikliyin rotasiyaya aidiyyəti olmadığını göstərir: "Xaçmaz Gömrük İdarəsinə rəisi  təyin edilən Azər Məmmədov (o sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir)  əvvəl də kifayət qədər yüksək vəzifədə - Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini işləyib. Fövqəladə Hallar Nazirliyinin generalı İlham Abdullayevin qardaşı Biləsuvar Gömrük İdarəsinə rəis təyin edilib. Bu təyinatlar onu göstərir ki, iqtidar gömrüyü daha etibarlı əllərə verir”.


Medianın ciddi önəm verdiyi bu mövzunun cəmiyyətdə doğurduğu effekt iqtidar dairələrində birmənalı qarşılanmayıb. Telekanallara həbslərlə bağlı məlumat verməmək tapşırılıb, iqtidar qəzetləri də bu mövzuya toxunmurlar. Parlamentin bu gün keçiriləcək iclasında da bu mövzunun xüsusi gündəmə gətirilməsinə ehtiyac olmadığı deyilib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR