Azərbaycanlı aktyor və aktrisalar nə qədər pul qazanır? - Araşdırma

img

14-05-2015 [22:10]


Azərbaycanda xeyli sayda serial və filmlər çəkilir. Dövlət tərəfindən bunun üçün kifayət qədər vəsait də ayrılıb. Lakin aktyorlar zaman-zaman az qonorar almalarından şikayət edirlər. Bəs görəsən ən çox qonorar alan azərbaycanlı aktyor kimdir? 

Mia.az xəbər verir ki, "Yeni Müsavat” bu barədə kiçik araşdırma aparıb.

Xalq artisti Arif Quliyev bu məbləğin 200 manat olduğunu deyib: "Niyə görəsə məni seriallara çox az dəvət edirlər. Təbii ki, rol və veriləcək qonorar uyğun olarsa serial və filmlərdə çəkilməyə həmişə hazıram. 

Bir dəfə "Qaynana” və "Qız atası” seriallarına çəkilmişəm. Buna görə bir gün üçün 200 manat almışam. Axırıncı dəfə "Yumurta” komediyasına çəkildim və film üçün 500 manat aldım. 


Lakin çox zaman eşidirəm ki, xalq artistlərimiz çəkilişdən sonra əvvəlcədən razılaşdırılmış məbləği deyil, çox az, 30-40 manat alırlar”.

Xalq artisti Hacı İsmayılov qonorar tələbini açıqlamaqdan çəkinib: "Çəkiliş üçün tələb etdiyim qonorar barəsində deyə bilməyəcəm. İmzaladığımız müqavilədə də deyilir ki, qonorarı şərh edə bilmərik. Lakin deyə bilərəm ki, ümumilikdə aktyorlar üçün qonorarlar əsasən 50-200 manat arasında olur.


Bu məsələdə film çəkən və aktyor hərə öz sözünü deyir. Lakin son söz aktyora məxsusdur, aktyor ortaya qoyulan məbləğlə razılaşdıqdan sonra çəkilişlərə qatılır. Prodüserlər də çalışırlar ki, daha çox tanınmış aktyorlara müraciət etsinlər ki, sonda film tamaşaçılar tərəfindən sevilsin, baxımlı olsun”.

Azərbaycanın əməkdar artisti, tanınmış aktrisa Naibə Allahverdiyeva dəfələrlə çəkilişlərdən sonra qonorarını ala bilmədiyini, bu səbəbdən daha çox xına məclislərinə üstünlük verdiyini deyib: "Əslində bu, çox ağrılı məsələdir. Dövlət tərəfindən film və seriallarımıza kifayət qədər vəsait ayrıldı. Lakin serial rəhbərləri aktyorlara lazımı qədər pul verməkdən yayınırlar. 


Çox olub ki, seriala çəkiləndə müqavilə tələb etdikdə, cavab verirlər ki, "inamırsan mənə?”. Filmin sonunda pulunu tələb edəndə isə vermək istəmirlər. Hətta buna görə aktyorla düşmən də olurlar. Aktyorun pulun kəsmək günahdır. Nəzərə alsaq ki, seriallar bir kamera ilə çəkilir, təsəvvür edin ki, aktyor və aktrisalar bir səhnənin çəkiliş üçün nə qədər əziyyət çəkmiş olur.  

Seriallara çəkilib lazımi qonorar ala bilmədiyim üçün daha çox xınayaxdı mərasimlərinə gedirəm. Hər şey bahadır, qızımı tək böyüdürəm, onun təhsili, gündəlik ehtiyacları məni buna məcbur edir. Ehtiyaclar üzündən adam lap başını itirir”. 

Əməkdar artist tələb etdiyi qonorardan da danışıb:

"Hər kəsin öz qiyməti, qonorar tələbi var. Mənim yaradıcılığımı tamaşaçılar kifayət qədər tanıyır, bu sənətdə mən öz sözümü bacardığım qədər demişəm. Təbii ki, buna görə qonorarlara şərt qoyuram. Dəfələrlə olub ki, məni seriala dəvət ediblər, lakin qonorar şərtimə görə sonradan çəkilişlərə çağırmayıblar. Buna görə də seriallara az çəkilmişəm”. 



Daha çox çəkildiyi seriallardan tanınan Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissoru, aktyor Qurban Məsimov zəif filmlərə yüksək qonorar tələb etdiyini deyib:

"Hər bir aktyorun öz qonorar tələbi olur. Məndə konkret qiymət olmasa da özümə məxsus məbləğim var. Lakin çox zaman zəif filmlərdə daha çox qonorar tələb edirəm. Bu zaman nə tələb edirəmsə prodüserlər razılaşır”.


Tanınmış aktyor, bir çox serial və filmlərdə maraqlı obrazlarla yadda qalan, son vaxtlar isə "Əli və Nino” serialında rol alan Rasim Cəfər aktyorların qonorarları barədə danışıb: "Prodüserlərin adətidir çalışırlar ki, aktyorlara az qonorar versinlər. Biz aktyorların da adətidir ki, çalışırıq ki, yüksək məbləğlə razılaşaq. Hər aktyor müxtəlif qonorar alır. Adətən məbləğ günə 50 manatdan başlayaraq 200 manatadək olur. Mən də çalışıram ki, 50-100 manat deyil, daha yüksək qonorar alım”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR