Keçmiş nazir qohumunun qətlindən danışdı

img

14-05-2015 [15:26]


"Xalam oğlu Füzuli İsgəndərovun qətlindən sonra biz ciddi sarsıntılar keçirdik. Ailə içərisində belə hadisənin olması çox pisdir. Ancaq onu da deyim ki, cinayətkar hər yerdə ola bilər. Cinayətkarın vətəni olmur”.

Mia.az xəbər verir ki, bunu Modern.az saytına eksklüziv açıqlamasında sabiq maliyyə naziri Əvəz Ələkbərov xalası oğlu Füzuli İsgəndərovun amansızlıqla qətlə yetirilməsindən danışarkən deyib. O bildirib ki, cinayətkar öz cəzasını almalıdır. Sabiq nazir xalası oğlunun şəxsi həyatı ilə bağlı bəzi məlumatlar da verib: "O, uşaq yaşlarında anasını itirmişdi və yetim böyümüşdü. Zəhmətkeş bir adam idi. O, ailəsini, uşaqlarını çox sevirdi, ailəcanlı idi”.

Əvəz Ələkbərov qeyd edib ki, xalası oğlu öldürüləndə Azərbaycanda olmayıb. "O zaman mən Madriddə idim. Bir müddət mənə onun ölüm xəbərini demədilər. Xalam oğlu basdırılandan sonra xəbər tutdum ki, qətlə yetirilib. Çox narahatlıq keçirdik ki, onu kim və hansı səbəblərə görə öldürüb”. Keçmiş nazir xatırladıb ki, hazırda bu qətllə bağlı istintaq gedir və müəyyən insanlar həbs edilib.

Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də Bakıda xüsusi amansızlıqla qətlə yetirilib. Bakı şəhər Prokurorluğu və Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra belə nəticəyə gəlinib ki, qətli mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova törədib.

Füzuli İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR