Nazir müavininin villa tikdirib bəyənməyən ərköyün oğlundan əcaib hərəkət

img

13-05-2015 [09:44]


Dövlət büdcəsindən külli miqdarda mənimsəməyə görə "Azİmport” rəhbəri Rəşad Məmmədovun işdən çıxarılması ilə başlayan və iş adamlarının həbsi ilə davam edən bu proses də göstərir ki, bu qərar məhz prezident İlham Əliyevin ölkədə talana  son qoyulması barədə qəti göstərişindən sonra başlayıb.
 
Məlumata görə, iqtidar Avropa Oyunlarından sonra ölkədə iri miqyaslı antikorrupsiya planını gerçəkləşdirməyə başlayacaq. Bu planın yekunu olaraq isə dövlət xərclərinin azaldılması və optimallaşdırılması üçün bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, birləşdirilməsi və yenidən təşkili barədə qərarlar qəbul ediləcək. Bu prosesdə bir neçə yüksək ranqlı məmurun işdən çıxarılması və cəzalandırılması gözlənilir. Ciddi yoxlamalar və struktur islahatları korrupsiya riskinin yüksək olduğu sahələri əhatə edəcək.
 
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, ölkənin ən çox yeyinti olan sahələrindən birinə rəhbərlik edən Z.Məmmədovun iyundan sonra postundan kənarlaşdırılacağı gözlənilir. Avropa Oyunları ərəfəsi paytaxtda sərnişin daşınmasının nəqliyyat naziri Ziya Məmmədova məxsus "Transqeyt” şirkətinin monopoliyasından alınması,  Bakı yollarının təmir-bərpası funksiyasının Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nazirin "gedir” xəbərlərini bu dəfə daha real edir.
 
İddialara görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun oğlu Fuad Pənahovun  rəhbəri olduğu  "Global-A Group” inşaat şirkəti yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edib. "Global-A Group”un Salyan yolunun kommunikasiya xətləri, Sabirabad yolu, Əhmədli qəsəbəsində su sayğaclarının quraşdırılması, Göyçayda enerji xətləri, kommunikasiyalar, qaz kəmərləri, Xarici İşlər Nazirliyinin arxasından keçən magistral su xəttinin dəyişdirilməsindən milyonlarla gəlir əldə edib. 
 
Nazir müavininin oğlu "Azərsu”nun tenderlərindən o  qədər pul qazanıb ki, deyilənə görə, hətta  Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli evi tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.
 
Yeri gəlmişkən, problemlərə baxmayaraq, "Azərsu” Heydər Əliyev prospektində 20 mərtəbədən ibarət yeni inzibati bina tikdirir ki, açılışı Avropa Oyunlarından sonra olacaq.  2004-cü ildən nazir müavini olan Musa Pənahov özünü Ziya Məmmədovdan sonra nazir postunda görsə də, onun da Avropa Oyunlarından sonra vəzifədən uzaqlaşdırılacağı deyilir. 
 
Hökumətdəki bir mənbə baş verənləri şərh edərkən Avropa Oyunlarından sonra iqtidarda ciddi "təmizləmə” proseslərinin başlayacağı barədə xəbərləri təsdiq edib. Mənbə deyib ki, iqtidar Avropa Oyunlarından sonra yarana biləcək iqtisadi çətinliklərin sosial partlayışlara çevrilməməsi üçün hətta müxalifətin "Talana son!” süarını da öz maraqlarına uyğun həyata keçirəcək. Hansı ki bunun işartıları artıq başlayan həbslərlə görünür...



Digər xəbərlər
SON XƏBƏRLƏR