Ramil Usubov general-polkovniklə müzakirə apardı

img

28-04-2015 [17:10]



Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Türkiyə Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik İbrahim Yaşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 
Mia.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.  
 
Məlumatda qeyd olunub ki, nazir R.Usubov ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndiyini, iki ölkənin dövlət başçılarının əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb. Eyni zamanda, son illər hər iki ölkənin daxili işlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen durum barədə qısa məlumat verib.
 
Nazir ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bunun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris müəssisələrinə yüzlərlə hərbi qulluqçunun təhsil aldığını xüsusi qeyd edib və bu səfərin də birgə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin Azərbaycanda da diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
 
Türkiyə Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik İbrahim Yaşar Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Abdulla Atayın salamlarını daxili işlər nazirinə çatdırıb, 17 il öncə - ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda Daxil Qoşunlar komandanının müşaviri vəzifəsində çalışmasından qürur duyduğunu, ötən dövrdə paytaxtın simasının inanılmaz dərəcədə dəyişilməsindən və gözəlləşməsindən, respublikamızın sürətli inkişafından məmnunluğunu ifadə edib.
 
O, Azərbaycan ordusunun, Daxili Qoşunların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqların və dövlətlərin mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR