QHT rəhbərləri ilə redaktorlar toplandı - Bəyanat + FOTOLAR

img

22-04-2015 [21:46]



Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ölkənin aparıcı media və QHT rəhbərlərinin birgə iştitrakı ilə "Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və Missiyamız" mövzusunda tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov açıb. 

O, tədbir iştirakçılarına tədbirin məqsədləri və vətəndaş cəmiyyətinin hədəfləri ilə bağlı məlumat verib və bildirib ki, Birinci Avropa Oyunlarına dəstək olaraq, ölkənin aparıcı media və QHT-lərindən koalisiya yaradılması təşəbbüsləri vardır. Hesab edirik ki, vətəndaş cəmiyyəti bu oyunların uğurla keçirilməsində yaxından iştirak etməlidir.

 Sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, jurnalist Rəfail Becanov "Birinci Avropa Oyunları: Vətəndaş Cəmiyyətinin məqsəd və vəzifələri" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, bu oyunlar olduqca əhəmiyyətlidir və vətəndaş cəmiyyətinin üzərinə də böyük vəzifələr düşür. Ona görə də hesab edirik ki, istər media, istər QHT-lər öz fəaliyyətlərini kordinasiya etməli və bu istiqamətdə birgə fəaliyyət görsətməlidir.

Daha sonra "Bakıxəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Birinci Avropa Oyunları: ölkəmizi tanıtma imkanları" mövzusunda məruzə ilə çıxış edib. O, bu istiqamətdə mətbuatın görəcəyi işlərdən danışıb.

Daha sonra millət vəkilləri Çingiz Qənizadə, Aqil Abbas, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "İki sahil"qəzetinin baş redaktoru Vuqar Rəhimzadə, "İctimai Problemlərin Tədqiqi Assosiasının" sədri Məhərrəm Zülfüqarlı, APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Mərkəzinin sədri Nurəddin Mehdiyev,Qarabağ Müharibəsi Veteranları, Əlliləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Els" Müstəqil Araşdırmalar İctimai Birliyin sədri İradə Yaqubova, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, " Gündəlik teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı, "Vətəndaş Cəmiyyəti "jurnalının baş redaktoru Səfər Alışarlı, "Tərəqqi" Sosial -İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri İradə Əliyeva, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fikrət Yusifov, "strategiya.az" saytının baş redaktoru İsmayıl Qasımov, "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, " vətəninfo.az" saytının rəhbəri Nahid Canbaxışlı, "QHT rəhbərləri Faiq İsmayilov, Mehriban Abdullayeva, "Bakuinfo.az" saytının redaktoru Əvəz Qurbanlı və digərləri çıxış ediblər. 

QHT və media rəhbərlərinin birgə təşəbbüsü ilə "Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalissiyası yaradılıb. Koalissiyanın bəyanatı qəbul edilib, Rufiz Qonaqov və Aydın Quliyev koalisiyanın koordinatorları seçiliblər.
 
****

Bəyanatda deyilir:

"Avropa Olimpiya Komitəsinin qərarı ilə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ölkəmizin və ümumilikdə qitənin mədəni həyatında olduqca əlamətdar bir hadisədir. Şübhə yoxdur ki, Azərbaycanın adı bu möhtəşəm bayramın ilk təşkilatçısı kimi dünya idmanının tarixinə qızıl hərflərlə yazılacaqdır. Bu cür böyük tədbirə hazırlaşmaq üçün çox az müddət ayrılmasına baxmayaraq, dövlətimizin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilməkdədir. 

Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə həm də Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. 

Göstərilənləri, habelə Avropa Oyunlarının ölkəmiz və bütövlükdə Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, biz - Azərbaycan Respublikasının aparıcı qeyri-hökumət təşkilatları və media orqanları "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiyimizi bəyan edirik. Koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcəkdir. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaqdır. 

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemləri, o cümlədən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı barədə faktların dünya ictimaiyyətinə çatdırılması yönündə də zəruri addımlar atacaqdır. 

Koalisiya öz fəaliyyətini dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını və media qurumlarını bizimlə əməkdaşlığa dəvət edir, bu möhtəşəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarığını əsirgəməməyə çağırırıq".







Digər xəbərlər
SON XƏBƏRLƏR