Putin ermənilərə hansı şərti qoyub? - Təhlil

img

22-04-2015 [10:25]


Rusiya lideri Vladimir Putin uzun tərəddüdlərdən sonra nəhayət, aprelin 24-də İrəvana getmək qərarı verdi. Belə bir qərarın mümkünlüyü istisna edilmirdi. Hərçənd, bunun əksinə olan arqumentlər də az deyildi və "Yeni Müsavat” olaraq biz də bir çox siyasi müşahidəçilər kimi kontur-dəlilləri əsas götürərək, baş nazir Dmitri Medvedyevin Ermənistana gedəcəyini daha məntiqli saymışdıq. Lakin bunu birmənalı iddia da etməmişdik. Çünki Rusiya və onun indiki rəhbərinin bir elə proqnoza, məntiqə yatmayan olmasını həmişə fərq eləmişik... 

Kreml başçısının İrəvana gedəcəyinin xeyrinə ən güclü səbəb kimi işğalçı ölkənin regionda Moskvanın yeganə forpostu olması göstərilirdi. Bu yerdə mənəvi borcdan doğan başqa bir amilin də qərar təsirli ola biləcəyini qeyd eləmək mümkündür. Söhbət ondan gedir ki, 1914-15-ci illərdə Osmanlı İmperiyasında ermənilərin qırılmasının səbəbi məhz onların Türkiyəyə xəyanəti, Rusiya və onun müttəfiqlərinə (fransızlar, italyanlar və s.) satılaraq türklərə qarşı arxadan cəbhə açması, dinc əhaliyə divan tutması ilə bağlıdır. 

Yəni ermənilərin çoxsaylı itki verməsinə, böyük iztirablar çəkməsinə özləri ilə bahəm, Rusiya və onun 1-ci Dünya müharibəsi zamanı müttəfiqlərinin fitnəsi səbəb olub.

*    *    *    *   * 
Amma təbii ki, 100 il sonra dünya artıq bambaşqadır - ermənilər öz ənənəvi amplualarında qalsalar da. Hazırda beynəlxalq sanksiyalarla üzləşən Rusiya faktiki, təcrid vəziyyətindədir, Türkiyə və Azərbaycana böyük ehtiyacı var. Rusiya liderinin Fransa prezidentindən fərqli olaraq saxta yubileylə bağlı uzun müddətli tərəddüdünün aparıcı motivi də bu ola bilərdi. Şübhəsiz ki, Azərbaycan faktoru da seçimə məxsusi təsirini göstərməkdə idi.

Fəqət, 24 aprelə bir neçə gün qalmış Vladimir Putin qərarını elan elədi və bütün hallarda bu, Ankara və Bakıda sözsüz ki, məmnunluq yaratmayacaq. Ancaq Kreml başçısının çox çətin bir seçim elədiyi də şübhə doğurmur. Hətta buna dəlalət edən yeni ilginc məqamlar ortaya çıxıb. 

Məsələn, Putinin İrəvana gedəcəyi bəlli olan gün erməni mətbuatı yazıb ki, Rusiya prezidenti Ermənistana gəlsə də, qondarma "DQR”-in  başçısı "burdan-bura yubiley törəninə qatıla bilməyəcək”. Belə qənaət hasil olur ki, məhz Putin bu cür istəyib. Yəni Rusiya prezidenti faktiki surətdə erməni prezident Serj Sərkisyanın qarşısında səfərlə bağlı şərt qoyub.
Səbəbi məlumatın özünə nəzər salmaqla anlamaq çətin deyil. Orada deyilir ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan aprelin 24-də İrəvana getməyəcək. Qondarma qurumun rəhbərinin "mətbuat katibi” David Babayan bunu "prezidentin” Xankəndində "soyqırım” memorialının açılış mərasimində iştirak etməsi ilə izah edib. 
Lakin həqiqət başqadır. 

Gerçəyi isə erməni siyasi ekspert Armen Badalyan belə izah edib. Sitat: "Bu, sıradan bir ildönüm deyil. İrəvana elan edildiyi kimi, ən azı 4 prezident gələcək. Onların yanlarında tanınmayan bir qurumun başçısının dayanması dünya tərəfindən düzgün anlaşılmaz və bu ölkələrin Azərbaycanla münasibətlərinə mənfi təsir edərdi. Azərbaycanla münasibətləri isə heç kim korlamaq istəmir. Bako Saakyanın Minsk Qrupunun iki əsas yaradıcı dövləti - Rusiya və Fransanın başçıları ilə yanaşı durması xüsusilə arzuolunmazdır”. 

"Aydın məsələdir ki, memorialın açılışı İrəvana gəlməmək üçün bəhanədir. Çünki indiyədək Bako Saakyan hər il aprelin 24-də İrəvanda olub” - əlavə edib erməni analitik.

*    *    *    *    * 
Kremlin adamı kimi tanınan Bako Saakyana belə bir qadağının qoyulması məntiqli olmaqla yanaşı, Bakının "könlünü almağa” hesablanmış taktiki gediş təəssüratı yaradır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmət anlamına gəlir. 

Hər halda, Rusiya prezidenti Krımın, Abxaziyanın, Cənubi Osetiyanın, Dnestryanı bölgənin separatçı liderləri ilə bir araya gəlməkdə heç vaxt kompleks yaşamayıb. Bu addımı Moskvanın ermənilərin "başını sığallayıb üzünə şillə çəkmək” və ya "qamçı və kökə” siyasətinin yeni təzahürü kimi qəbul eləmək olar. 

O ki qaldı Türkiyənin könlünü almağa, bəlli olduğu kimi, Rusiya Çanaqqala yubileyində də kifayət qədər nüfuzlu şəxslə - parlamentin spikeri Sergey Narışkinlə təmsil olunacaq. 

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR