Nazirin qardaşı yeni sədrin səlahiyyətini alıb!

img

22-04-2015 [09:29]


Bu ilin fevral ayında Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Cavid Qurbanovun kadrları nazir Ziya Məmmədovun qardaşının qəzəbinə gəliblər.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, iki gün əvvəl vəzifəsini itirən ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev də Cavid Qurbanovun ən yaxın kadrlarından biri olub:

«Pünhan Mürsəliyevin vəzifəsindən azad olunmasını isə hazırda ASC-də sədr əvəzi olan Saleh Məmmədov deyil, birbaşa Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov tələb edib. Pünhan Mürsəliyevin yerinə gətirilən yerliləri Anar Nəcəflinin təyinatı da birbaşa nazirin qardaşının göstərişi ilə həyata keçirilib».

Nəriman Məmmədovun iki ay ərzində Cavid Qurbanovun əsas adamlarını vəzifədən uzaqlaşdırdığını deyən mənbə bildirir ki, ASC-nin sədr əvəzi tam səlahiyyətsiz vəziyyətə gətirilib:

«Nazir Ziya Məmmədov qardaşı Nəriman Məmmədovun istəklərinə "yox” deyə bilmir. ASC-də nə qədər qıcıq doğuran hadisələr varsa, ya Nəriman Məmmədov, ya da onun istəyi ilə Ziya Məmmədov tərəfindən həyata keçirilib. Bütün bunlarda  «Azəryolservis» ASC-nin sədr əvəzi Saleh Məmmədovun zərrə qədər rolu yoxdur. İnanın, o, bu qurumda tam səlahiyyətsiz statusdadır. Nəriman Məmmədov isə Cavid Qurbanovdan sonra bu ASC-də "təkhakimiyyətlik” ranqına yüksəlib. Saleh Məmmədov nəinki kimisə işdən çixarmaq və ya işə almaq, hətta ən kiçik maliyyə əməliyyatlarını da Nəriman Məmmədovun xəbəri olmadan apara bilmir...».

ziya-cavid.jpg

Məlumata görə, Nəriman Məmmədov hələ Cavid Qurbanovun dövründə də «Azəryolservis»də «çox gəlirli» sahələri öz nəzarətinə keçirib: «Ancaq elə məqamlar vardı ki, o, Cavid Qurbanova diqtə edə bilmirdi. İndisə vəziyyət tam dəyişib».

Nəriman Məmmədovun «Azəryolservis»də hansı vəzifə tutduğuna gəlincə isə, müsahibimiz deyir ki, o, 2012-ci ilə qədər Nəqliyyat Nazirliyində işləyib. Ancaq Ziya Məmmədov sonradan «Azəryolservis»in tərkibində geniş səlahiyyətləri olan MMC təsis edərək, qardaşını ora rəhbər göndərib:

«Ziya Məmmədov 2012-ci ildə deputat Cavid Qurbanovun rəhbərlik etdiyi "Azəryolservis” ASC-nin nəzdində yeni bir MMC yaradıb, qardaşını oraya rəis göndərdi. Nə qədər qəribə görünsə də, həmin MMC hazırda ASC-nin sədr əvəzi olan Saleh Məmmədovun o zaman rəhbərlik etdiyi 1 saylı trestin ofisinə yerləşdirildi. Saleh Məmmədov isə işçiləri ilə bərabər həmin ofisdən uzaqlaşdırıldı. Ziya Məmmədov bununla da kifayətlənməyib, Nəriman Məmmədovun rəhbərlik etdiyi MMC-yə "Azəryolservis”in nəzdindəki Yolların Mühafizəsi İdarəsinin əksər səlahiyyətlərini də həvalə elədi. Hazırda «Azəryolservis»də yollara aid bütün mühafizə, baryer qurma, təmir-tikinti və sair geniş maliyyə axını olan işlərə, o cümlədən ağır tonnajlı maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə də nazirin qardaşının rəhbərlik etdiyi MMC nəzarət edir. Əmin ola bilərsiniz ki, Saleh Məmmədov nazirin qardaşının özbaşınalıqlarına müqavimət göstərmək gücündə deyil. Tam əksinə, rəsmi tədbirlərdə görünənlərin əksinə olaraq, o, Nəriman Məmmədovun köməkçisi statusundadır...».


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR